Od çərşənbəsi

Od çərşənbəsi Azərbaycanda olduqca çox sevilən bayramlardandır. Novruzun ən sevilən tərəflərindən biri çərşənbələrdir. Bu çərşənbələr bir-birinə doğma olan şəxsləri yaxınlaşdırır, xoş gün keçirmələrinə vəsilə olur. Xalqımızın milli bayramlarından olan Novruz, adı kimi yeniliklər gətirir. Torpaq oyanır, bitkilər çiçəklənir, hər yerdə sevincli günlər başlanılır. Günəşin hər səhər doğması ilə elimiz, obamız aydınlanır.

Od çərşənbəsini bütün hər kəs həvəslə gözləyir. Çünki bu gün hər həyətdə, hər yerdə tonqallar qalanır. Şəhər və rayonların mərkəzi yerlərində, kəndlərdə isə küçələrin başında iri tonqallar yandırılır. Hər kəs bu bayram axşamında bir yerə toplanılır. Musiqilər səslənir, nəğmələr söylənilir, rəqslər edilir. Uşaqdan böyüyə hər kəs tonqalın üzərindən tullanır. Tonqaldan tullanan hər kəs “ağırlığım uğurluğum bu tonqalda yansın!” deyirlər. Od çərşənbəsində ocağın qalanmasının əsas məqsədi il ərzində olan dərdi, qəmi, ağırlığı odda yandırmaqdır. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb.