Mehriban Əliyevanın “Azərbaycanlı olduğuma görə çox qürurluyam !” deməsi hər birimizdə fəxarət hissi yaradır

Ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamından qaynaqlanan Prezident İlham Əliyevin “Mən hər bir azərbaycanlının Prezidentiyəm” məntiqi Birinci vitse-prezident xanım Mehriban Əliyevanın “Azərbaycanlı olduğuma görə çox qürurluyam” xalq+dövlət+humanitar irs paradiqmasıdır.

XXI əsrin birinci qərinəsinin dünya mənzərəsi münaqişə, müharibə, COVID-19 pandemiyası, qlobal  böhran, iqtisadi kataklizmlərlə tarixləşir. Bu qlobal çətinliklərlə mübarizədə gender amili də prioritetləşir. Avropa gender göstəricilərinə görə yenə öndədirsə, Asiyada da gender bərabərliyi ölkələrin siyasi xəritəsində “soyuq münaqişəyə” çevrilib. Bəzi ölkələrdə isə, Afrika ya Cənubi Amerika idarəetməsində artıq cinslərarası seçim bərabərləşməsə də, genderşünaslıq elmi dilindən yanaşsaq “genderləşibdir”. Bu mənada Qərblə Şərq arasında körpü olan Azərbaycan da dünyanın “gender xəritəsində”öz önəmli tarixini yazır.

Müasir Azərbaycanda institusional mühiti, hakimiyyətdə və qanunvericilik sahəsində, eləcə də sosio-mədəni-iqtisadi istiqamətdə aparılan islahatların əsasında məhz hüquqi dövlət quruculuğu, idarəetmənin gəncləşərək təkmilləşməsi və müasirləşməsi strategiyası durur. Bu dəyişmələrdə görünən mənzərədə gender strategiyası da nəzəri cəlb edir. Bu baxımdan da 26 sentyabr 2016-cı ildə Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı keçirilən referenduma əsasən dövlət və hakimiyyət idarəetmə sistemində yeni təsisat – Birinci vitse-prezidentlik institutunun yaradılması da nəzərdə tutulurdu. Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli oldu.

2017-ci ilin 21 fevralında Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. İclasda Prezident İlham Əliyev xanım Mehriban Əliyevanı təqdim edərək dedi: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirli bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda ilk dəfə olaraq 21 fevral 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti institutu təsis edildi və bu vəzifəyə ilk dəfə olaraq Mehriban Əliyeva təyin olundu. Dövrün geosiyasi və sosio-mədəni tələbinə müvafiq dəyişikliklərin tərkib hissəsi olaraq Birinci vitse-prezident institutunun təsisçiliyi dövlətçilik sistemində ən yeni mərhələ oldu. Xanım Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması 1918-ci il AXC-nin qadınlara seçib-seçilmək hüququnun verilməsindən qaynaqlanan gender hüququnun davamı olaraq ulu öndər Heydər Əliyevin dövlət qadın siyasətinin uğurla həyata keçirilməsi, Prezident İlham Əliyevin imzaladığı “Gender bərabərliyinin təminatı haqqında” Qanunun reallaşdırılması yönündə Azərbaycanda gender siyasəti tarixində yeni dövlət idarəçiliyi təsisatı oldu. Xanım Mehriban Əliyevanın istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə peşəkar işgüzarlığı, mövqeyi, təşkilatçılıq bacarığı, humanizmi onun ulu öndər Heydər Əliyevin dövlətçilik institutunun istedadlı və təşəbbüskar yetirməsi olmasının təsdiqidir. Elə bu kontekstdən də Mehriban xanım Əliyeva vurğulayır: “Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yaşamalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır”.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev ­Fondunun prezidenti, Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, alim, milli-mədəni irsimizi dünyada tanıdan Mehriban xanım Əliyevadır. Ölkənin Birinci vitse-prezidenti və birinci xanımı bütün keyfiyyətləri – mötəbər mövqeyi və nüfuzu ilə Azərbaycanın görkəmli qadın lideri, Mehriban xanım Əliyevanın siyasi-ictimai həyatda formalaşması həm daxili istedadı, bacarığı, mükəmməl təhsili, praqmatik zəkası, həm də taleyinə yazılmış ulu öndər Heydər Əliyev kimi böyük strateqin siyasət məktəbindən dərs almasıdır. Azərbaycanın birinci xanımı yazır: “Ulu öndər Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və yenilməz iradəyə malik olan insan idi. Eyni zamanda onun ailə üzvü olaraq demək istərdim ki, o, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanla münasibətdə o, çox sadə və ədalətli idi”.

Heydər Əliyev Fondu dünyada öz çoxmiqyaslı, xeyirxah fəaliyyəti ilə seçilən, böyük layihələrə imza atan vətəndaş cəmiyyəti qurumudur və onun prezidenti Mehriban xanım Əliyevadır. Fond ölkədə və dünyada səhiyyə, təhsil, elm, mədəniyyət, mənəviyyat və s. çoxşaxəli sahələrdə müxtəlif sosio-humanitar tədbirləri gerçəkləşdirməklə, humanitar  dövlət siyasətinin həyata keçirilməsində, əsasən də keçmiş Qarabağ probleminin həlli prosesində ədalətli mövqeyimizin təbliğində xeyli işlər aparmışdır.

Azərbaycanın birinci xanımı Azərbaycan adət-ənənələrinə hörmət, diqqət və sayğı ilə yanaşan güclü bir qadın rəhbər xarakterini əks etdirir. Onun çoxşaxəli fəaliyyəti nəinki qadınlar üçün, eləcə də gənc qızlar üçün örnəkdir.

Birinci vitse-prezidentlik institutunun rəhbəri Azərbaycan xalqının, dövlətinin mədəni-siyasi və tarixi-ictimai maraqlarını beynəlxalq aləmdə əks etdirməklə yanaşı, müasir Azərbaycan qadın dövlət xadiminin ictimai-siyasi obrazını da dünyaya tanıdır. Bu, ölkəmizin siyasi-iqtisadi, sosial-ictimai, mədəni-mənəvi tərəqqisində yeri və xidmətləri olan Azərbaycanın Birinci vitse-prezidentinin Azərbaycan diplomatiyasında örnək roludur. 

Mehriban xanım Əliyeva Azərbaycanda milli dövlətçilik institutunun formalaşmasına xidmətləri yetərincə olan siyasi-mədəni rəhbər, çoxyönlü fəaliyyəti ilə dünyada tanınan, qəbul edilən humanist dövlət xadimidir. XXI əsr Azərbaycan dövlətçilik tarixinə onun adı artıq modern qadın rəhbər, fenomen qadın lider kimi yazılmışdır. 

Mehriban Əliyevanın Azərbaycan diplomatiyasında rolu onun Şərq milliliyini Qərb modernliyi ilə paralellikdə, çoxsaylı humanist layihə təşəbbüslərini reallaşdırmasıdır. 6 il öncə – 21 fevral 2017-ci il tarixində Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev bildirirdi: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır”.

Azərbaycanda Birinci vitse-prezidentlik institutu təsisatına ilk dəfə Mehriban Əliyevanın təyinatı həm Azərbaycan, həm də dünya gender siyasəti tarixinə “Xanım Əliyeva” müraciətini daxil etdi. Bu təyinat siyasi hakimiyyət platformasında, idarəetmə strukturu sahəsində Azərbaycan qadınının liderlik – rəhbərlik imkanlarının təsdiqlənməsi komponentləridir. “Təsadüfi deyil ki, hüquqları pozulan insanlar Prezident Administrasiyasından daha çox vitse-prezident kabinetinə gedir”-deyə regnum.ru saytı yazır. Bu, ictimai-mədəni diplomatiya yoludur.

Xanım Mehriban Əliyevanın fəaliyyəti Azərbaycanda qadın lider fenomeninin, idarəetmədə qadın rəhbər obrazının gender mədəniyyəti mətnində təcəssümüdür. Azərbaycanın Birinci vitse-prezidentinin təşəbbüsü ilə paytaxtın, respublikanın əksər yerlərinin və işğaldan azad olunan Qarabağın memarlıq simasının modernləşməsi, yenilənməsi dünyanın müasir, baxımlı, gəzməli, görməli turizm şəhər və rayonlarına çevrilməsi gerçəkliyidir.

Birinci vitse-prezidentin ölkə Prezidenti  İlham Əliyevin modernləşmə və innovativ dayanıqlı inkişaf kursuna dəstəyi, bu sahədə xidmətləri də danılmazdır. Əsrlərdən gələn Azərbaycan muğamına, milli aşıq musiqisinə, xalçaçılıq kimi xalq sənətlərinə və digər mədəni trendlərimizə yeni çalar verilməsi, bu ənənəvi irsimizin dünyaya tanıdılması da Mehriban xanım Əliyevanın humanist-mədəni fəaliyyəti komponentlərindəndir. “Eurovision” müasir ­musiqi yarışması, Birinci Avropa və IV İslam Həmrəyliyi Oyunları və s. müxtəlif musiqi və idman ­yarışlarının ­reallaşmasında Birinci vitse-prezidentin gərgin əməyi, yorulmaz zəhməti, təşkilatçılıq istedadı yüksək dəyərləndirilir ki, bu da Mehriban xanım Əliyevanın beynəlxalq – ictimai-mədəni diplomatiyada fəaliyyətidir.

Birinci vitse-prezident öz fəaliyyətində əsasən irimiqyaslı mədəni, humanitar, ictimai layihələri çoxyönlü istiqamətdə inamla, ardıcıllıqla gerçəkləşdirməkdədir. Bu, ölkənin sosio-iqtisadi-dayanıqlı inkişaf kursu ilə bağlı kompleks layihələrin həyata keçirilməsində yaxından iştirakla, müstəqil respublikamızın sistemli ictimai-mədəni, sosio-humanitar bir Azərbaycan modeli trendinin dünyada tanıdılmasında dövlət siyasətinə dəstək verməklə Azərbaycan ictimai diplomatiyasına dəstəkdir.

Xanım Əliyeva mərhəmətli və həssas bir Azərbaycan vətəndaşı mövqeli qadın lider olaraq Vətənin ağır, çətin məqamlarında – istər Aprel döyüşləri, istər Tovuz hadisələri zamanı, istərsə 44 günlük Vətən müharibəsi, istərsə də ağır COVID-19 pandemiyası zamanında Azərbaycan xalqının həmdəmi, ­doğmasi kimi ümid yoluna işıq salmaqla, “Sizin Mehriban” imzası ilə xalqa ünvanlanan çağırış və müraciətlərindəki səmimilik, vətənsevərlik, qayğıkeşlik  hər bir Azərbaycan vətəndaşına onu bir daha yaxınlaşdırdı və “Bizim Mehriban xanım” adı milyonların məhrəm müraciətinə döndü. Birinci xanım şəhid ana, bacı və övladlarının ağrılarına həssas yanaşması ilə Vətən yolunda qurban gedənlərə bir Qadın Rəhbər kimi hörmət və qayğını qəlbən ifadə etdirir. Bu ehtiramda, ülvi ünsiyyətdə mərhəmətli bir ana ürəyinin, qayğıkeş dövlət xadimin milli xarakteri inikas olunur;

Birinci vitse-prezident cəmiyyətin həssas qruplarının problemlərinin həll olunmasına, çoxmədəniyyətliliyin qorunmasında çoxsaylı ictimai-mədəni layihələrin reallaşmasına stimul verir ki, bu da ölkədə ictimai diplomatiya örnəyidir. Belə ki, 2023-cü il 6 fevral tarixində Türkiyədə baş verən dəhşətli zəlzələyə həm mənən, həm də humanitar missiya ilə yardım göstərən Heydər Əliyev Fondunun Prezidenti kimi həsaslığı da qardaşlıq və dostluğa sadiq qiymətidir.       

Azərbaycan vətəndaşlarının ölkənin Birinci vitse-prezidentinə məhəbbəti də reallıqdır. Bu məhəbbəti “Dəfələrlə demişəm ki, mən xalqın birinci xidmətindəyəm” – söyləyən dövlət başçısı İlham Əliyevin məntiqi ilə yanaşsaq Mehriban xanım Əliyeva hər bir azərbaycanlının istək və maraqlarına yaxın olması ilə qazanmışdır. Bu da ictimai-siyasi diplomatiyada qadın rəhbər rolunun təzahürüdür.

Xeyirxahlıq Birinci vitse-prezidentin amalında, şəfqət-mənəviyyatında, dövlətçiliyə sədaqət əqidəsindədir. Birinci vitse-prezident xarizmatik obrazı, kreativ düşüncəsi ilə Azərbaycan qadınının modern göstərici paradiqmasıdır. Mehriban xanım Əliyev deyir: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır”.

Prezident İlham Əliyevin islahatçılıq, hərtərəfli tərəqqi və Qarabağın dirçəlişi, Böyük Qayıdış   kursunda Birinci vitse-prezidentin “Güclü dövlət – Rifahlı cəmiyyət” prioritetinə dəstəyi önəmli yer tutur. Mehriban xanım Əliyeva qeyd edir: “Elm, texnologiya və innovasiya dünyada cəmiyyətlərin sosioiqtisadi inkişafının aparıcı qüvvəsidir.” “İnkişaf məqsədimizdir” hədəfini və “Modern Azərbaycan modeli”ni məqsədyönlü fəaliyyəti ilə gerçəkləşdirən dövlət başçısı İlham Əliyevin liderliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın birinci xanım və qadın lider missiyası müsbət bir gender siyasəti paradiqması olmaqla, ümummilli lider Heydər Əliyevin milli inkişaf ideoloji xəttinin davam etdirilməsinə xidmət edir.

Mehriban Əliyeva XXI əsr Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin sadiq silahdaşı, ömür-gün dostu, üç övladının anası, yenilənən Azərbaycanın dövlət idarəetmə rəhbərliyinin ikinci ali şəxsidir.

“Tanrı Azərbaycanı qorusun” ifadəsini daim qadın rəhbər, humanist ana duyğusu ilə söyləyən, xalqın sevimlisi Mehriban xanım Əliyeva müasir Azərbaycanın milli dövlət idarəetmə siyasətində ilk olaraq Birinci vitse-prezidentlik institutunu formalaşdıran, Prezident İlham Əliyevin “Güclü Azərbaycan dövləti” modelinin gerçəkləşdirilməsində rolu olan, modern Azərbaycan qadın rəhbər obrazını ölkədə və beynəlxalq aləmdə əks etdirən, dünya gender siyasəti tarixinə adı yazılan şəxsiyyətdir.