Heydər Əliyev və Ana Dili

Dil hər bir xalqın milli kimliyinin daşıyıcısıdır. Onu qorumaq, yaşatmaq, əslində, xalqın özünün yaşaması, özünü təsdiq etməsidir. Hər bir xalqın mövcudluğu onun dili ilə ölçülür. K.Uşinski demişdir: “Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar”.

“Özümüzün adı var – Azərbaycan. Özümüzün dili var – Azərbaycan dili və çox da gözəl dilimiz var. Çox belə ləzzətli dilimiz var. Mənim üçün Azərbaycan dili hər şeydən əzizdir. Millətin milliliyini saxlayan onun dilidir”.

Bu fikirlər dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevə məxsusdur və bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Ulu Öndər Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi ilk gündən Azərbaycan dilinin inkişafı və tərəqqisi üçün çox mühüm işlər gördü. Bunlardan ən başlıcası bir dövlət xadimi kimi bütün dövlət tədbirlərində, rəsmi yığıncaqlarda Azərbaycan dilində danışması idi. Bu bütün Sovetlər birliyi üçün bir nümunə idi. Ona edilən təzyiqlərə baxmayaraq Ulu Öndər Azərbaycan dilinin gözəlliyini, zənginliyini öz natiqlik istedadı ilə bütün dünyaya sərgilədi. Ulu Öndər ümumrespublika tədbirlərində Azərbaycan dilində danışmaqdan çəkinmirdi, neçə illər ərzində küncə sıxışdırılan dilimizin sabahına işıq salır, cəsarəti, şəxsi nümunəsi ilə milyonlarla insanın ürəyindən keçənlərin ifadəçisinə çevrilir, haqq sözü deyir, dilimizin ən ali mərtəbəyə layiq olduğunu bəyan edirdi. O zaman üçün adət olunmamış şəkildə dövlət tədbirlərində Azərbaycan dilində danışmaq, Azərbaycan dilinə aid əsərlərə xüsusi diqqət etməklə və onların dövlət mükafatı almasını təmin etmək, Azərbaycan dilli ədəbiyyatı yaradan böyük şəxsiyyətlərə, yazıçılara xüsusi dövlət mükafatının verilməsi üçün mübarizə aparırdı. Bu dövrdə ədəbiyyatımızın inkişafında, həm dilimizin tədrisi məsələlərində, həm də Azərbaycan dilinin ümumtürk dillərin kontekstində araşdırılması sahəsində çox böyük uğurlar qazanılmış oldu.

Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi ilə bağlı qərarı və bu yubileydəki çıxışı xüsusi qeyd olunmalıdır. 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illiyinə həsr olunmuş iclasında Ulu Öndər bu hadisəni belə qiymətləndirirdi: “Xatirimdədir, universitetin 50 illik yubileyində mən çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. O vaxt bu böyük sensasiya kimi qəbul olundu. Təəccüb doğurdu ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir və heç də Azərbaycan dilində pis danışmır. Bəziləri məni bu hadisə münasibətilə təbrik etdilər. Dilini sevən, milli ruhla yaşayanlar bunu doğurdan, böyük hadisə kimi qəbul etdilər.

 Ancaq mən isə onlara dedim ki, qeyri-adi heçnə yoxdur. Bu mənim ana dilimdir və ana dilində çıxış etmək böyük qəhrəmanlıq deyil. Ana dilini bilməmək, onu qiymətləndirməmək, şübhəsiz, xalqın qarşısında qəbahətdir”.

Heydər Əliyevin bu cəsarətli addımı Azərbaycan ziyalılarında ruh yüksəkliyi yaratdı. Heydər Əliyev sənət adamlarının, yazıçı və şairlərin böyük dostu idi. 60-cı illərdə “Gülüstan” poemasına görə Bəxtiyar Vahabzadəni siyasi təqiblərdən qoruması, Xəlil Rza Ulutürkə, Məmməd Araza, digər Azərbaycan yazıçılarına, qayğı göstərməsi, neçə-neçə ustad sənətkarlarımıza SSRİ-nin ən böyük mükafatlarını, fəxri adlarını təqdim etməsi əslində ilk növbədə Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatına göstərilən böyük qayğının parlaq təzahürü idi.

Dövlətçiliyin əsas atributlarından biri kimi dil xalqın milli varlığı, milli sərvətidir. Torpaq, bayraq qədər müqəddəs olan dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu bilavasitə dövlətçiliklə bağlıdır. Bu amillər qloballaşma dövrü olan müasir dövrümüzdə dövlət dilinin istifadəsinə və inkişafına yüksək həssaslıq və diqqətlə yanaşmağı tələb edir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin bütün fəaliyyəti dövründə ana dilinə, dövlət dilinə sevgi mühüm yer tutub. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” deyən dahi rəhbərin fəaliyyətinin birinci mərhələsində, dəqiq desək 1978-ci ildə – sovet ideologiyası şəraitində Azərbaycan dilinin konstitusiyaya dövlət dili kimi daxil edilməsi zamanına görə əsl qəhrəmanlıq və uzaqgörənlik mümunəsi idi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isə dövlət dil siyasəti xüsusi keyfiyyət qazandı. Müstəqil dövlətin iradəsini ifadə edən bu siyasəti Azərbaycan xalqının Ümummilli Lideri həyata keçirdi. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə respublika hərc-mərclik mərhələsindən çıxıb həqiqi müstəqillik yoluna qədəm qoydu. Ümummilli Liderin Azərbaycan Respublikasına rəhbərliyinin müstəqillik dövrünü əhatə edən ikinci mərhələsində – 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə yeni tarixi mərhələdə dövlət dili siyasətinin miqyası daha da genişləndi. Ümumiyyətlə, bu dövrdə Heydər Əliyevin təşəbbüsü ilə ədəbi dilimiz sözün əsl mənasında yüksək status qazandı, dövlət dili haqqında qanun qəbul olundu, latın qrafikası bərpa edildi. 2001-ci ilin 9 avqustunda imzalanan növbəti Fərmanla 1 avqust tarixi ölkəmizdə Ana dili və əlifba günü elan olundu.

Azərbaycan əlifbası və ana dili gününün təsis edilməsi ulu öndər Heydər Əliyevin 1969-cu ildən başladığı milli dil siyasətinin, 1993-cü ildən etibarən həyata keçirdiyi milli dövlətçilik siyasətinin davamı və qanunauyğun nəticəsi idi.

Ümummilli lider Heydər Əliyev gənc nəslin ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəminində mənimsəməsini tövsiyə etdi: “Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Cəlil Məmmədquluzadəni oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaq”.

Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Prezidentinin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul edilib. Proqram çərçivəsində dövlət dil siyasəti bütün parametrlər üzrə həyata keçirilir. Dil komissiyası, Terminologiya kommissiyası, Toponimika komissiyası, Orfoqrafiya komissiyası yaradılıb və bu komissiyalar zaman keçdikcə xeyli təkmilləşdirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanı müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, həyata keçirilən tədbirlərin yeni mərhələsidir.

Qloballaşma dövründə ulu öndər Heydər Əliyevin ideyaları işığında ölkə miqyasında ana dilimizin, Azərbaycan dilinin inkişafında, yeni mərhələ başlanıb. Bu dövrdə dilçilər və ümumiyyətlə, ziyalılar qarşısında duran əsas məsələ ana dilinimizn saflığını qorumaqdan, ədəbi dil normalarına riyayət olunmasına nəzarət etməkdən, dili yad ünsürlərdən təmizləməkdən ibarətdir. Ulu Öndərin söylədiyi kimi: “Dilimizi qorumaq, daha da inkişaf etdirmək bizim ən müqəddəs vəzifəmizdir”.

Dil həm də dövlətin varlığını sübut edən atributlardan biridir. Azərbaycan dili Azərbaycan xalqının milli dili, eyni zamanda Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. Bu dildən təkcə respublikamızda deyil, həm də xarici ölkələrdə də istifadə olunur. Dünyanın 87 ölkəsində bu dildə danışanlar vardır. Hazırda ölkəmizdə yaşayan bir sıra azsaylı xalqlar lahıc, talış, tat, qrız, saxur və başqaları Azərbaycan dilindən ikinci ana dili kimi istifadə edirlər. Dünyanın ən zəngin milli dillərindən olan Azərbaycan dili özünəməxsus gözəlliyi və ahəngi ilə, xoş avaz yaradan səslər sistemi ilə, zəngin rəngarəng söz ehtiyatları ilə fərqlənir.

Hələ totalitar Sovet rejimi dövründə Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur. Bu böyük tarixi təşəbbüs idi. Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi dilimizin inkişaf tarixinin qızıl hərflərlə yazılmış səhifələrindəndir. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.

Bu gün Azərbaycan dilini tədris edən və bu işdən şərəf duyan biz müəllimlər qarşısında çox mühüm, müqəddəs vəzifələr dayanır. İnanırıq ki, Azərbaycan dilinin işlənmə arealının, təsir dairəsinin genişləndiyi, onun tədrisinə böyük əhəmiyyət verildiyi indiki zamanda dilçi alimlərimiz, ziyalılarımız, müəllimlərimiz və bütün ictimaiyyət bu şərəfli missiyanın həyata keçirilməsində var qüvvəsi ilə çalışacaq, Ulu Öndərin Azərbaycan dilinin inkişafı naminə qəbul etdiyi qərarların, imzaladığı qanunların, Fərman və sərəncamların həyata keçirilməsinə nail olacaqlar.

Bu gün müstəqil dövlətimizin müstəqil vətəndaşlarının hər biri öz dili ilə fəxr edir və öz dilini sevirlər. Çünki bu dil “Dəmir yumruq” dilidir, bu dil “Xarı bülbül” dilidir, bu dil dünyanı sülhə, əmin-amanlığa səsləyən dildir. Bu dil 30 illik həsrətə son qoyan igidlərin, Poladları, Cəbrayılları, Xudayarları, neçə-neçə belə qəhrəmanları dünyaya gətirən anaların, qalib və lider dövlətin dilidir.