Azərbaycan hər zaman olduğu kimi,zəlzələdən sonra ilk dəqiqələrdən,ilk saatlardan qardaş Türkiyənin yanında idi

Bu gün Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu sözdə deyil, əməldə təsdiqi ilə dünyanın diqqətindədir. Qardaş ölkədə böyük dağıntılara, insan tələfatına səbəb olan təbii fəlakətin yaratdığı acını Türkiyə xalqı ilə birgə yaşayan dövlətimiz, xalqımız ilk gündən səfərbər oldu. Tarixin bütün sınaqlarından, çətinliklərindən hər zaman şərəflə çıxan qardaş ölkənin bu acını da arxada qoyub hədəflərinə doğru inamla irəliləyəcəyinə əminik. Türkiyə gücünü bir daha bütün dünyaya göstərəcək. Türkiyə güclü dövlətdir. Zəlzələnin baş verdiyi fevralın 6-dan dünyanın 70-ə yaxın ölkəsi dost, qardaş ölkəyə yardımlarını əsirgəmədi. İlk dəstəyini, yardımını göstərən isə Azərbaycan oldu. Bir daha nümayiş etdirildi ki, əsl qardaş dəstəyi necə olmalıdır. Prezident İlham Əliyev türk dünyasına “Gücümüz birliyimizdədir” çağırışını edərkən daim bu fikri də xüsusi qeyd edir ki, bir ölkənin problemi digərinin problemi kimi qəbul olunmalı, aradan qaldırılması üçün birgə səylər göstərilməli, addımlar atılmalıdır. Bu, Azərbaycan dövlətinin təqdim etdiyi dostluq, qardaşlıq formulunun əsas prinsipidir. Böyük öndərlər – Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” çağırışları tarixin sınaqlarından çıxan, illər keçdikcə daha da möhkəmlənən bağlılığın, birliyin, həmrəyliyin təqdimatıdır. Azərbaycan-Türkiyə birliyi regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Bu birlik beynəlxalq səviyyədə də belə qəbul olunur ki, Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın olan ölkələr yoxdur.
Zəlzələnin baş verdiyi gün dövlətimizin başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi edərək zəlzələ zamanı həlak olanlarla bağlı türkiyəli həmkarına, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığını çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edərək zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirdi, faciə zamanı həlak olanlara rəhmət dilədi, onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verdi. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir dilədi.
Prezident İlham Əliyevin fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən səfirlə söhbət zamanı deyib. “Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanındadır. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də yaxşı günlərdə, çətin günlərdə Azərbaycanın yanındadır. Azərbaycan xalqı da bütün varlığı ilə Türkiyənin yanındadır”.
Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq 1000 nəfərə yaxın xilasedici heyət qardaş ölkəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayıblar. “İnsanların həyatının xilasında Azərbaycan xilasedicilərinin də əməyinin olmasından sevincliyik. Dövlətimizin başçısı İlham Əliyev zəlzələdən xəsarət alan vətəndaşların Azərbaycanda müalicəsi üçün bütün imkanların olduğunu da qardaş ölkəyə çatdırdı. Bildirdi ki, həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, xəstələri gətirməyə də hazırıq. Bütün aidiyyəti strukturlarımız səfərbər olub. Qardaş ölkəyə yardımlarda sadə vətəndaşlarımızın da fəal iştirakı qürurvericidir. Biz birik, hər zaman da bir olacağıq. İlk gündən “Qardaş Türkiyə yanındayıq” çağırışı birliyimizin, həmrəyliyimizin təqdimatı oldu”.
“Çox da uzaq olmayan tarixi – 44 günlük Vətən müharibəsi zamanı qardaş ölkənin mənəvi və siyasi dəstəyini xatırlamaq kifayətdir. Türkiyə Prezidenti ilk gündən “Azərbaycan tək deyil” bəyanatını səsləndirdi və sonadək dəstəyini əsirgəmədi. Müharibənin hər gününü xalqımızla birgə yaşayan qardaş Türkiyə xalqının tarixi Zəfərimizi necə coşqu ilə qeyd etdiklərini sözlə ifadə etmək belə mümkün deyil. Küçə və meydanlarımızı iki dost ölkənin bayraqları bəzədi. Budur, dostluq, qardaşlıq, sıx tellərlə bağlılıq. Dünyaya örnək olan bu birlik hər gün daha da möhkəmlənir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən il ölkəmizdə keçirilən “TEKNOFEST Azərbaycan” festivalında səsləndirdiyi fikirləri bir daha yada salmaq istərdik: “Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq… Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?”.
Bu gün Azərbaycan xalqının könüllü olaraq qardaş ölkəyə yardımlar göstərməsi fonunda bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası, dövlət başçıları deyil, sadə vətəndaşlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir: “Bütün ictimai təşkilatlar öz dəstəklərini göstərirlər. Heydər Əliyev Fondunun bu yöndə fəaliyyəti daim yüksək dəyərləndirilir. Mərhəməti, xeyirxahlığı fəaliyyətinin əsas prinsipi kimi qəbul edən Heydər Əliyev Fondu böyük təşəbbüsə start verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep hava limanında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə qardaş ölkəyə yardım aparan Fond əməkdaşları ilə görüşündə Azərbaycan dövlətinin və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü ifadə etdi: “İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adından çox təşəkkür edirəm!” Bir daha münasibətlərimizə işıq salan bu fikir səsləndirildi ki, biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik”.
Dövlət başçısı İlham Əliyevin göstərişinə uyğun olaraq ölkə iqtisadiyyatımızın davamlı inkişafına böyük töhfələr verən SOCAR-ın bu prosesdə fəal iştirakını xüsusi qeyd edirik.“SOCAR-ın böyük investisiyalar yatırdığı ölkələrdən biri qardaş Türkiyədir. İnvestisiya layihələri ilə dünyanın ən nüfuzlu şirkətləri ilə bir sırada dayanan SOCAR Türkiyədə böyük imkanlara malikdir”.
“Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, güclü və qüdrətli Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. Azərbaycan ondan sonra bərpa işlərinə də qoşulmağa hazırdır. Türkiyə-Azərbaycan artıq bir yumruq, bir ürək, bir candır. Bu ağır günlərdə Türkiyənin yanında olmaq Azərbaycan üçün böyük şərəfdir”, iki dost, qardaş ölkənin dostluğunun, qardaşlığının böyük güc olduğunu bir daha vurğulayırıq.