Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır

Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu çətin zamanlarda da qardaşının köməyinə çatan ilk ölkə oldu.

Fevralın 6-da Türkiyədə episentri Kahramanmaraş vilayətinin Pazarcık rayonunda olan və digər 9 vilayətində – Qaziantep, Malatya, Diyarbəkir, Kilis, Şanlıurfa, Adıyaman, Hatay, Osmaniyə və Adanada şiddətlə hiss edilən 7.7 bal gücündə zəlzələ baş verdi.

Mütəxəssislər bildirirlər ki, zəlzələnin olduğu bölgə 1-ci dərəcəli riskli ərazidə, Şərqi Anadolu Fay Xəttində yerləşir. Bundan əlavə, Kahramanmaraş “Maraş Üçlü Bitişik” adlı nöqtədə yerləşir. Burada Anadolu plitəsi, Afrika plitəsi və Ərəb plitəsi kəsişir. Zəlzələ xeyli dağıntılara və insan tələfatına səbəb olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə bağlı işləri koordinasiya etmək üçün Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD)  sədrliyi üzərinə götürüb.

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz Kahramanmaraşda baş verən zəlzələdən sonra elektrik enerjisi və təbii qaz xətlərində zədələr olduğunu bildirib.

Türkiyənin milli təhsil naziri Mahmud Özer Kahramanmaraş, Hatay, Adıyaman və Malatyada 2 həftə, Diyarbəkir, Qaziantep, Şanlıurfa, Adana, Osmaniyə və Kilisdə isə 1 həftə müddətinə təhsilin dayandırıldığını açıqlayıb. Ölkə daxilində bütün milli idman yarışları da növbəti xəbərdarlığa qədər dayandırılıb.

Bu zəlzələnin son yüz ildə regionda və Türkiyədə baş verən ən güclü zəlzələ olduğu bildirilib. Türkiyədə güclü zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar yeddigünlük milli matəm elan olunub. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twiter” hesabında etdiyi paylaşımda məlumat verib: “Fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar yeddigünlük milli matəm elan edilib. Bayrağımız fevralın 12-də gün batana qədər ölkəmizin bütün ərazisində və xaricdəki nümayəndəliklərimizdə yarıya qədər endiriləcək”.

Bu faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara isə Allahdan şəfa diləyirik. Təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını ümid edir, hər zaman sevincimizin və kədərimizin bir olduğu dost və qardaş Türkiyənin yanında olduğumuzu qətiyyətlə bildiririk.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirdi.
Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi.
Azərbaycan Prezidenti qeyd etdi ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin dərdinə şərik çıxır. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.
Türkiyə Prezidenti qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə etdi.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da paylaşım edərək   Türkiyəyə dəstəyini ifadə edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.

Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu dar gündə də qardaşının köməyinə çatan ilk ölkə oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü.

Dövlət başçısının göstərişinə əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri ötən gün qardaş ölkəyə yola düşüb. FHN-dən verilən məlumata görə, qüvvələrin tərkibinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyətləri daxildir.

Fövqəladə Hallar Nazirliyinin (FHN)  mətbuat xidmətindən bildirilib ki, artıq FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. Həyata keçirilmiş ilkin əməliyyatlar nəticəsində bir nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınıb. Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərilib. Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarətdir. Mobil səhra hospitalı ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. FHN-in peşəkar tibbi heyətinin xidmət göstərəcəyi hospital bütün lazımi dərman və preparatlarla təchiz edilib. İkinci təyyarə ilə isə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar  göndərilib. Qeyd edək ki, 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyət qardaş ölkəyə yola düşüb.

Türkiyədə baş vermiş güclü zəlzələ ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyində “qaynar xətt” yaradılıb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələ nəticəsində zərərçəkən Azərbaycan vətəndaşları +905355776168 nömrəli “qaynar xətt” vasitəsilə ölkəmizin Türkiyədəki səfirliyi ilə əlaqə saxlaya bilərlər. Eləcə də, ölkəmizin İstanbul və Qars şəhərlərindəki baş konsulluqlarında operativ qərargahlar yaradılıb. Azərbaycanın Türkiyədəki səfirliyi Türkiyənin Daxili İşlər Nazirliyi, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), Türkiyənin digər müvafiq dövlət orqanları, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə yardım üçün gəlmiş nümayəndə heyətinin rəhbəri ilə operativ əlaqə saxlayır və zəlzələdən zərər çəkmiş Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsi araşdırılır. Səfirlik tərəfindən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə mütəmadi olaraq əlaqə saxlanılır.

Hər iki ölkəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bugünkü münasibətlərimiz də  böyük  öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimizdir” və  ümummilli liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə  bu gün ən yüksək zirvədədir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir. Dostluq və qardaşlığın ən gözəl nümunəsi olan, sülhə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verən Azərbaycan-Türkiyə əlaqələri bu gün özünün ən yüksək zirvəsindədir.

30 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi.  2020-ci ilin 10 dekabrında, Zəfər paradımızda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ali qonaq qismində iştirak etməsinin də öz böyük rəmzi mənası, qardaşlığımızın bütün dünyaya bir daha  möhtəşəm bəyanı oldu. Vətən müharibəmizin üzərindən ötən zaman ərzində də iki ölkə arasındakı qardaşlıq münasibətləri daha yüksək mərhələyə qədəm qoyub. Mədəniyyət paytaxtımızda imzalanan Şuşa Bəyannaməsi ilə həm də siyasi müttəfiqliyimizin, ortaq təhlükəsizliyimizin hüquqi əsası olub. Birliyimiz düşmənlərimizə göz dağı verdi. Dövlət başçılarımız arasında imzalanmış Şuşa Bəyannaməsi ilə münasibətlərimizin ən yüksək zirvəsidir. Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının bir daha şahidi oldu.

2021-ci ilin yay aylarında Türkiyədə geniş meşə yanğınları baş vermiş və xeyli fəsadlara səbəb olmuşdu. Azərbaycan xalqının üzüntüsünə səbəb olan həmin çətin anlarda da dövlətimiz maddi və mənəvi dəstəyi ilə Türkiyənin yanında olmuş, son ana qədər yardımını əsirgəməmişdi.  Həmçinin ölkəmiz ötən ilin yay aylarında Türkiyənin Muğla bölgəsində baş verən meşə yanğınları zamanı yaşanan fəlakətin qarşısını almaq üçün qardaş ölkəyə yardım etmişdi.

Azərbaycanın qardaş Türkiyəyə dayaq durması təkcə bu günümüzdə yox, dünənimizdə də yaşanıb. 1999-cu ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı qardaş xalqa ilk yardım əlini uzadan da məhz Azərbaycan dövləti olub.

Abdullah Gül Türkiyədə Prezident olduğu dövrdə baş verən meşə yanğınları zamanı yaşanan bir məqam isə indi də dillərdən düşmür. Belə ki, həmin dövrdə meşə yanğınlarının söndürülməsi üçün bir çox ölkələrin yardım təklifini geri çevirən Abdullah Gülə “bəs nə üçün Azərbaycanın dəstəyinə yox deməmisiniz”, – deyə sual ünvanlanmışdı. Cavab isə çox maraqlı və bizim üçün də bir o qədər qürurverici olmuşdu. Prezident söyləmişdi ki, axı heç Azərbaycan bizdən icazə istəməyib və artıq onların yanğını söndürmək üçün göndərdikləri təyyarələr Türkiyə səmalarındadır və yerə enmək üçün bizdən izin istəyirlər…”

Bəli, bütün bu qürurverici nümunələr bir qardaşın digər qardaşının harayına yetməsinin minlərlə nümunəsindən, sadəcə, bir neçəsidir…

Bu gün dünyada ikinci belə bir dövlət yoxdur ki, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın, dayaq, dəstək, qardaş ola. Tarixi köklərimiz, ortaq dəyərlərimiz, dinimiz bir olan Türkiyə ilə əzəldən var olan qardaşlıq bağlarımız gündən-günə daha da möhkəmlənir və güclənir. Elə bu sarsılmaz və əbədi birliyimizin gücü ilə də bütün cətinliklərin, qarşılaşdığımız problemlərin öhdəsindən layiqincə gəlirik və gələcəyik. Azərbaycan-Türkiyə birliyinin verdiyi güc və əzmlə tezliklə qardaş Türkiyədəki təbii fəlakətin nəticələrini də aradan qaldıracağıq.

Özləri demişkən, qurtuluş savaşı mücadiləsi vermiş bir millət üçün bu günlər də keçər. Azərbaycanlılar isə  hər zaman türkiyəli qardaş­larının yanında olacaq. Çünki birlikdə dirilik var.