Korrupsiya bütün cəmiyyətin qlobal problemidir

Korrupsiya bütün cəmiyyətlərin üzləşdiyi və onu narahat edən əsas problemlərdən biri olaraq qalmaqdadır. Korrupsiya dövlətin iqtisadi inkişafına, siyasi-hüquqi islahatların aparılmasına mane olan amillərdəndir. Bu baxımdan demokratik proseslərin dərinləşməsi, dövlət təsisatlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun yenidən qurulması və idarəçiliyin gücləndirilməsi korrupsiyaya qarşı mübarizədə əsas vasitələrdən birinə çevrilir.

 

Korrupsiya sosial-iqtisadi və ictimai-siyasi həyatın bütün sahələrində təzahür etdiyindən onunla mübarizə yalnız cəza tədbirlərinin deyil, eyni zamanda qabaqlayıcı tədbirlərin görülməsini, başqa sözlə, əhalinin həyat səviyyəsinin yüksəldilməsini və sosial müdafiənin gücləndirilməsini, bütövlükdə iqtisadi inkişafa nail olunmasını zəruri edir.

 

Umummilli lider Heydər Əliyev tərəfindən “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 9 avqust 1994-cü il tarixli 181 nömrəli, “Azərbaycan Respublikasında Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” 8 iyun 2000-ci il tarixli 347 nömrəli fərmanlar imzalanmışdır. Həmin fərmanların davamı olaraq 2004-cü ildə korrupsiyaya qarşı mübarizə haqqında Qanun, “Korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illər üçün Dövlət Proqramı”, 2007-ci ilin iyul ayında “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”, 2012-2015-ci illəri əhatə edən “Korrupsiyaya qarşı mübarizəyə və Açıq Hökümətin təşviqinə dair Milli fəaliyyət plan”ları, o cümlədən 2016-2018-ci illəri əhatə edən “Açıq Hökümətin təşviqinə dair Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.

 

Milli Fəaliyyət Planının icrası ilə bağlı  Gədəbəy RİHB aparatı tərəfindən korrupsiyanın qarşısının alınmasında, qərarların qəbul edilməsində ictimaiyyətin iştirakının təşviq edilməsi, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökümət təşkilatlarının icma bazasında fəaliyyət göstərən təşkilatların iştirakı təmin edilmiş, Gədəbəy RİHB yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən Korrupsiyanın qarşısının alınması istiqamətində görülmüş işlər barədə əhali arasında mütəmadi məlumatlandırma aparılır. Korrupsiyaya şərait yaradan hallar müəyyən edilir, təhlillər aparılır, baş vermiş halların aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər həyata keçirilir.

 

Bununla belə rayonumuzda vətəndaşların müraciətlərinin elektron qaydada qəbul edilməsi işinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər korrupsiyaya qarşı mübarizəyə əhəmiyyətli dərəcədə təsir göstərir. Belə ki, bu məqsədilə Gədəbəy RİH-in rəsmi internet saytında “Elektron müraciət” bölməsi fəaliyyət göstərir. Müraciətlərin operativ həll edilməsi ilə bağlı “Qaynar xətt”(164)fəaliyyət göstərir. Həmçinin Elektron Hökumət Portalına inteqrasiya olunmuş “Rəqəmsal İcra Hakimiyyəti”, o cümlədən ASAN müraciət sistemi  yaradılmışdır.

 

Aparılmış təhlillər onu deməyə əsas verir ki, Gədəbəy rayonunda korrupsiyaya qarşı mübarizə çərçivəsində aparılmış proflaktiki tədbirlər öz müsbət nəticəsini göstərməkdədir.