Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib

Coğrafi baxımdan əlverişli ərazidə yerləşməsi, yeraltı və yerüstü sərvətlərinin zənginliyi xarici qüvvələrin hər zaman Vətənimizə göz dikməsinə səbəb olmuş, belə bir ərazini əldən buraxmamaq və ya əsarətdə saxlamaq üçün müxtəlif üsullarla əl atmalarına gətirib çıxartmışdır.

Xalqımızın qan yaddaşına yazılan 20 Yanvar faciəsi zaman etibarilə bizdən uzaqlaşsa da, sanki dünən  baş verib. Bakıda Qanlı Yanvar faciəsindən 33 il keçməsinə baxmayaraq, onun ağrı-acıları bu gün də qəlbimizi göynədir, qırmızı qərənfillərə bürünmüş  şəhid cənazələrini çiyinlərində aparan insan seli, izdiham hər zaman gözümüzün önündədir. O gecə Bakı qan içində boğuldu. Azərbaycan 73 il əvvəl olduğu kimi, yenə faciəyə düçar edildi. Xalqımızın haqq səsini boğmaq istəyən o zamankı Kreml rəhbərləri Bakıda Qanlı Yanvar qırğınını törətdi.

XX əsrin sonlarında Azərbaycan xalqının yaşadığı 20 Yanvar faciəsi keçmiş Sovet İttifaqının siyasi iflası dövründə Moskva rəhbərliyinin sadəcə bir cinayət əməli olmayıb. Bu əməl rus, erməni şovinizminin xalqımıza qarşı növbəti etnik vəhşiliyi idi. Həmin dövrdə yenidənqurma siyasəti, yəni, demokratikləşmə prosesi təkcə Azərbaycanda deyil, digər ittifaq respublikalarında da gedirdi. Sovet rəhbərliyi ölkədə baş verən demokratik hərəkatlara qarşı güc tətbiq etmişdi. Lakin bu digər respublikada heç də Azərbaycanda olduğu kimi böyük faciəyə səbəb olmadı. Faciənin böyüklüyü bir tərəfdən o zamankı Azərbaycanın siyasi rəhbərliyinin səriştəsizliyi və fitnəkarlığı ilə izah olunsa da, digər tərəfdən rus,  erməni şovinizminin  birləşməsi kimi də izah olunmalıdır. Bu şovinizm  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya bir gecəlik çıxarılan xüsusi təyinatlı, xüsusi amansızlıqları ilə seçilən hərbi birləşmələrin milli tərkibinin erməni mənşəli olmasında  və onların istifadə etdikləri silah-sursatın öldürücü xüsusiyyətlərinə görə beynəlxalq hüquq normaları ilə istifadəsi qadağan edilmiş hərbi təchizat olmasında özünü göstərirdi.

1990-cı il  yanvarın 19-dan 20-ə keçən gecə – o qanlı şənbə gecəsi imperiya silahlarından əliyalın, silahsız millətimizin üzərinə güllə yağmuru yağdı. Bu güllələr 70 illik imperiya zülmətindən sıyrılıb öz müstəqilliyinə doğru addımlayan xalqımızın azadlıq arzusuna atılırdı.
Heç kəsə aman vermədən, heç kəsə rəhm etmədən, ağzı süd qoxulu günahsız körpələrimizdən müdrik ağsaqqallarımıza, ağbirçəklərimizə, cavanlarımızadək qarşılarına çıxan bütün dinc əhali gülləbaran edildi.

Qeyd etdiyimiz kimi, əksəriyyəti ermənilərdən ibarət olan Sovet ordusunun törətdiyi qətl və cinayətlər yanvarın 20-dən sonra da davam etdi.  Keçmiş İttifaqın rəhbəri, bu qırğınların törədicisi M.Qorbaçovun ən yaxın məsləhətçilərindən biri olan akademik A.Aqanbekyanın hələ 1987-ci ilin noyabrın ortalarında Fransanın erməni institutu assosiasiyasının üzvləri ilə görüşərkən guya Qarabağın qədim erməni torpağı olduğunu iddia etməsi qanlı faciələrə başlamaq üçün bir siqnal idi. Qorbaçova yaxın olan Brutens, Şahnazarov, Sitaryan, Xaçaturov və digər qatı şovinist erməni emissarlarının Qarabağı Azərbaycandan qoparmaq üçün sonadək mübarizə aparacaqları xarici dövlətlərə və oradakı kəşfiyyat orqanlarına yaxşı məlum idi.  Qorbaçov özü də artıq ermənilərin dirijor çubuğu ilə durub-oturmaqla ölkəni “idarə edirdi.” Xatırladaq ki, o vaxt daşnak Zori Balayanın xalqımıza qarşı böhtan və iftiralarla dolu “Ocaq” kitabı Qorbaçovun stolüstü kitabına çevrilmişdi. Məhz ermənipərəst Qorbaçovun xeyir-duasından sonra vəhşi daşnaklar Azərbaycana doğru yürüşə başladılar.

Əliqanlı imperiyanın Azərbaycanda törətdiyi faciələr bununla tükəndimi? Əsla tükənmədi!  20 Yanvardan sonra baş verən faciələr sırasına dünyanın ən dəhşətli hadisələrindən biri Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Qarabağın bəzi ərazilərində baş verən qanlı səhifələr də əlavə olundu. Vəhşi imperiyanın təpədən-dırnağadək silahlandırdığı erməni faşizmi ilə qeyri-bərabər döyüşlərdə 30 minə yaxın qəhrəman, mərd oğullarımızı itirdik. Ərazilərimizin 20 faizi işğal olundu, 1 milyondan artıq yurddaşımız öz doğma ata-baba torpağından didərgin düşdü. Lakin vahid əqidə bayrağı altında birləşib öz müstəqilliyinə qovuşan xalqımız sarsılmadı, işıqlı gələcəyə olan böyük inamını itirmədi.
İnamla demək olar ki, 70 il ərzində qırmızı imperiyanı 20 Yanvar hadisələri qədər sarsıdıb diz çökdürən ikinci bir hadisə olmayıb. 20 Yanvar neçə-neçə günahsız millətin azadlıq arzularını boğub, onları öz müti köləsinə döndərən qanlı imperiyanın maska arxasındakı simasını və çirkin niyyətlərini həm onun sərhədləri daxilindəki bütün xalqlara, həm də beynəlxalq aləmə tam çılpaqlığı ilə açıb göstərdi. Qətiyyətlə deyə bilərəm ki, 20 Yanvar hadisələri ittifaq daxilindəki digər xalqların da milli azadlıq hərəkatının sürətlənməsində müstəsna rol oynadı. İlk baxışda zülmün və ədalətsizliyin haqq və ədalət üzərində təntənəsi kimi görünən 20 Yanvar, əslində, yadelli orduların, tankların, topların, ən müasir hərbi silahların belə xalqın sarsılmaz birliyi və polad iradəsi qarşısında nə qədər gücsüz olduğunu, zahiri qələbənin, əslində, biabırçı məğlubiyyətdən başqa bir şey olmadığını bariz şəkildə nümayiş etdirdi.
O faciəli günlərdən bizi 33 illik zaman kəsiyi ayırır.  33 ildir ki, Dağüstü parkdakı Şəhidlər xiyabanı və Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış “Əbədi məşəl” xatirə kompleksi xalqımızın ən möhtəşəm ziyarətgahına, ən müqəddəs and yerinə çevrilib. Çünki orada əbədiyyət yuxusuna gedənlər Vətən yolunda, xalq yolunda, bugünkü azadlığımız və əbədiyaşar müstəqilliyimiz yolunda şəhid olublar. Vətən və xalq yolunda həlak olanların isə ömrü Vətənin və xalqın ömrü qədərdir. Bu gün Şəhidlər xiyabanı təkcə Dağüstü parkda yox, doğma torpaqlarımızın erməni faşizminin işğalından xilası naminə mübarizəyə hər an hazır olan  Azərbaycan Ordusunun hər bir zabit və əsgərinin iç dünyasındadır.