Xankəndi-Laçın yolunda etiraz aksiyası davam edir

İyirmi yeddi gündür ki, ölkəmizin vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının, ekoloqlarının və gənc fəallarının Azərbaycanın Qarabağ iqtisadi rayonunda “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda etiraz aksiyası davam edir. Havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Artıq iyirmi yeddi gündür ki, etirazçılar göstərilən yataqlara yerində baxış keçirilməsini, qanunsuz istismarın dayandırılmasını, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılmasını, ətraf mühitə potensial risklərin qiymətləndirilməsini və dəymiş zərərin nəticələrinin aradan qaldırılmasını tələb edirlər. Ekofəalların dinc etiraz aksiyasının humanitar böhrana səbəb olması barədə Ermənistan tərəfinin, o cümlədən  Eçmiədzin kilsəsinin iddiaları qətiyyən həqiqətəuyğun deyil. Belə ki, humanitar dəhliz fəaliyyətdədir. Etiraz aksiyasının keçirildiyi yerdən çəkilən videolarda görünür ki, humanitar yük daşıyan və təcili tibbi yardım maşınları sərbəst hərəkət edə bilir və bunun üçün aksiya keçirənlər tərəfindən hər bir şərait təmin olunur. Qarabağ bölgəsində yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının humanitar problemləri olduğu halda, onların müraciətlərinin operativ şəkildə həlli üçün qaynar xətt yaradılıb.

Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistanın, Qarabağdakı separatçıların və onların havadarlarının “humanitar fəlakət”, “blokada” bağırtıları, əsassız iddiaları aksiya ilə bağlı dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq cəhdindən başqa bir şey deyi. Çünki Laçın yolunda dinc etiraz aksiyasının iştirakçıları Ermənistan mülki avtomobillərinin bu yoldan keçməsinə mane olmurlar. Demək olar ki, hər gün ardıcıl olaraq Xankəndidən Laçın istiqamətində Rusiya sülhməramlılarının təchizat maşınlarının maneəsiz keçməsinin şahidi oluruq. Azərbaycan Laçın yolu ilə bağlı hər zaman birmənalı mövqe bildirib: bu yoldan qeyri-qanuni iqtisadi və hərbi fəaliyyət üçün deyil, yalnız humanitar məqsədlər üçün istifadə etmək olar.

Əslində məsələ ondadır ki, bu humanitar dəhlizdən sui-istifadə olunaraq Qarabağdakı erməni separatçılarına silah-sursat, hərbi məqsədli yüklər, minalar daşınır. Təsadüfi deyil ki, üçtərəfli Bəyanatın imzalanmasından sonra üç yüzə yaxın mülki Azərbaycan vətəndaşı yeni basdırılmış minalardan zərər çəkmiş- həyatlarını itirmiş, ya da ömürlük əlil olmuşlar. Son vaxtlar torpaqlarımızda 2021-ci il Ermənistan istehsalı olan 350 mina aşkar edilib. Ən son mina qurbanları 2021-ci il 14 dekabr tarixində Kəlbəcər rayonunda 8 azərbaycanlı oldu.

Bəli, aksiya iştirakçılarının səsləndirdikləri şüarda deyildiyi kimi, Azərbaycan oyaqdır, sərvətinə dayaqdır. Hər kəs bilməlidir ki, etrirazçıların bu tələbləri yerinə yetirilməyincə aksiyalar davam edəcək.  Sərt şaxtalı və qarlı hava şəraitində mübariz əhval-ruhiyyə, yenilməz iradə, möhkəm dəyanət və qətiyyət nümayiş etdirən aksiyaçılar tezliklə öz istəklərinə nail olacaqlar.