Azərbaycan dünyada həm də,idman ölkəsi kimi tanınır

“Dövlətin idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan dünyada həm də, idman ölkəsi kimi tanınır. Bir tərəfdən idmançılarımızın ən mötəbər beynəlxalq yarış və turnirlərdə əldə etdikləri yüksək nəticələr, digər tərəfdən də, Azərbaycanın davamlı olaraq yüksək səviyyədə ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri ölkəmizə bu statusu qazandırmışdır. İdman ölkəsinə çevrilən Azərbaycanda son onillikdə nüfuzlu dünya və Avropa yarışları təşkil olunub. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Bu nailiyyətlərin əldə olunması birmənalı olaraq ölkəmizin Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər və idman siyasəti sayəsində mümkün olub.”

İdmançıların uğurlarını hər zaman yüksək dəyərləndirən Prezident İlham Əliyev bildirib ki, idmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Doğrudan da böyük nailiyyətdir. Çünki dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.
Bu gün idmançılarımızı yüksək nailiyyətlərə ruhlandıran ən vacib amillərdən biri də, onların artıq qalib ölkənin təmsilçiləri olmalarıdır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsini möhtəşəm Zəfərlə başa vurduqdan sonra idmançılarımız da, artıq, bütün beynəlxalq yarışlarda məhz qalib ölkənin təmsilçiləri, qalib xalqın nümayəndələri kimi çıxış edirlər. Bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var.  Ölkədə həyata keçirilən uğurlu idman siyasəti bu sahədə intensiv nailiyyətlər qazanmağa imkan verir.  Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir.  Bölgələrdə   50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır və bu proses davam etdirilir.

Bu günə qədər Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub. Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir.  Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bildirib ki, “2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. Bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin.”

Bu gün Azərbaycan uğurlu idman ölkəsi kimi günü gündən inkişaf edir. Xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Ölkədə həyata keçirilən uğurlu idman siyasəti bu sahədə intensiv nailiyyətlər qazanmağa imkan verir