Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında

“Azərbaycan əhalisinin rifah halının yüksəlməsinə xidmət edən sosial siyasət 2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun, həm forma, həm də məzmun etibarilə zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olmuş və daha da güclənmişdir. Ölkəmizdə uğurla həyata keçirilən iqtisadi siyasət vətəndaşların güzəranını ildən-ilə yüksəldir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır. Dövlət başçısının 5 yanvar 2023-cü il tarixli «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Sərəncamı həyata keçirilən sosial siyasətin, aparılan uğurlu islahatların davamıdır. Sərəncama əsasən, minimum aylıq əməkhaqqı 2023-cü ilin yanvarın 1-dən  345 manata yüksəlir. Həmçinin minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğləri artırılacaq.”

Son 4 ildə minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Ümumilikdə əməkhaqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin müntəzəm olaraq artırılması ölkəmizin dayanıqlı iqtisadi inkişafından xəbər verir. Minimum əməkhaqqı artımı 700 min, əmək pensiyasının minimum məbləğinin artırılması təqribən 100 min şəxsi əhatə edəcək. Bu da kifayət qədər geniş kontingentdir. sosial müavinətlərin, təqaüdlərin, minimum əməkhaqqı məbləğlərinin artırılması Azərbaycanın sosial dövlət modelindən çıxış etdiyini göstərir. Ölkə Prezidenti  insanların rahat yaşayışının təmin olunmasını, sosial rifah halının yaxşılaşdırılmasını, bir sözlə, onların qayğıları ilə yaxından tanış olub həlli istiqamətində  addımların atılmasını bütün dövlət məmurlarının qarşısında əsas vəzifə kimi qoyur.
Ölkəmizdə insan amilinə söykənən inkişaf strategiyası uğurla həyata keçirilir. Görülən hər bir işdə vətəndaş amilinin prioritetliyi  cənab İlham Əliyevin hər bir Azərbaycan vətəndaşının  Prezidenti olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanda güclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır.