İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Qələbədən sonra Azərbaycanın beynəlxalq aləmdəki reytinqi daha da yüksəlib. İndi respublikamız dünyada qalib ölkə kimi tanınır. Bu şanlı Qələbə ölkəmizi bütövləşdirdi və Ermənistanın 30 illik işğalına birdəfəlik son qoyuldu. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev beynəlxalq tədbirlərdə qalib ölkənin lideri kimi qəbul edilir. Dövlət başçımızın bugünlərdə Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı zamanı da bunun şahidi olduq.
Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Bu, həm də İslam dövlətləri arasında dostluq və qardaşlığın təcəssümüdür. Sammitdə Azərbaycanın iştirakı ölkələrimiz arasında birliyi nümayiş etdirir. Bu təşkilat 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Hazırda təşkilata 22 dövlət daxildir. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir.
Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvüdür . Ölkəmiz qurumun üzv dövlətləri ilə əməkdaşlığı daha da genişləndirmək fikrindədir. Toplantıda Prezident İlham Əliyevin çıxışı byük maraqla izlənildi. Dövlətimizin başçısı sammitdə, həm də Qoşulmama Hərəkatının sədri kimi iştirak edirdi. Yeri gəlmişkən, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq aləmdə mühüm rol oynayır. 120 ölkəni bir araya gətirən hərəkat BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir. Respublikamız bütün üzv dövlətlərin yekdil səsi ilə quruma sədr seçilib. Bu da dövlət başçımızın yeritdiyi siyasətə yüksək səviyyəli dəstəyin və rəğbətin göstəricisidir. Azərbaycanın quruma sədrliyi üzv ölkələrin xahişi və yekdil qərarı ilə 2023-cü ilin sonuna qədər uzadılmışdır. Qoşulmama Hərəkatının Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri var. Yaxın gələcəkdə bu əməkdaşlıq daha da genişləndiriləcək.
Dövlət başçımız çıxışında Azərbaycanın da Əlcəzair kimi işğaldan əziyyət çəkdiyni diqqətə çatdırdı. Dedi ki, bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. İşğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi. Ermənistan 1992-ci ildə hazırda ondan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımını törədib. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, bu qətnamələr 30 ilə yaxın müddətdə kağız üzərində qaldı. Bu, ikili standartın, islamafobiyanın mövcudluğundan irəli gəlir. Eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin öhdəliklərinə selektiv yanaşmadır. Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi, Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Münaqişələrə yanaşmalarda ikili standarta son qoyulmalı, işğalçı öz adı ilə çağırılmalıdır. Bütün bunlara baxmayaraq, Azərbaycan öz qüvvəsi ilə 44 gün ərzində bu qətnamələri icra etdi.
Bütün işğal illəri ərzində həmişə ərəb qardaşlarımızın, eləcə də İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss etmişik. Möhtərəm Prezidentimiz Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı da xatırlatdı və dünyanın heç zaman bu faciəni unutmayacağını bildirdi. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Qeyd olundu ki, gələcəkdə belə faciələrin qarşısının alınması üçün bütün imkanlardan istifadə olunmalıdır.
Azərbaycan bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir.
Dövlətimizin başçısı koronavirusun tüğyan etdiyi vaxtlarda Azərbaycanın 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərdiyni, vaksinlərin bölüşdürülməsində qeyri-bərabərliyə yol verildiyni və ölkəmizin bir daha peyvənd millətçiliyinə, peyvəndlərin ədalətsiz paylanılmasına qarşı öz etiraz səsini ucaltdığını vurğuladı.
Toplantı iştirakçılarına da məlum oldu ki, hazırda işğaldan azad eilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma, tikinti-bərpa işləri davam etdirilir. Azərbaycan “Böyük Qayıdış” adlanan proqramın icrasına başlayıb və bunu öz resursları hesabına edir.