Bayraq dövlətin varlığını təsdiqləyən, milləti ucaldan, hər bir vətəndaşı qürurlandıran rəmzdir. Azərbaycanda Dövlət Bayrağı Gününün təsis olunması və hər il təntənə ilə keçirilməsi məhz bu mənəvi dəyərdən qaynaqlanır.
Üçrəngli, ağ aypara və səkkizguşəli ulduzlu bayrağımız dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. Azərbaycanın dövlət bayrağı mühüm ideoloji əsasları özündə cəmləmişdir. Bütün müsəlman və türk dünyasında ilk dəfə idi ki, milli mədəni, mənəvi dəyərlərə, eyni zamanda demokratik ideallara əsaslanan bir dövlət qurulurdu. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi məna XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipinə əsaslanırdı. Bu, Azərbaycanın görkəmli mütəfəkkiri Əli Bəy Hüseyzadənin irəli sürdüyü “Türkçülük, müasirlik və islamçılıq” prinsipi idi. Bayraqdakı rənglərin təsviri və düzülüşü isə Məhəmməd Əmin Rəsulzadənin fikirlərinə əsasən sıralanmışdır. 1920-ci ilin 28 aprelində Azərbaycan üçrəngli bayrağı dəyişdirilərək qırmızı sovet bayrağı ilə əvəzləndi.
1988-ci ildən başlanan Azərbaycan Xalq Hərəkatı dövründə yenidən üçrəngli bayrağımız meydanlarda dalğalandı. Lakin uzun illərdən sonra ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Sovet imperiyasının hələ mövcud olduğu bir dövrdə Ulu Öndərin belə bir addım atması bütün SSRİ-də, həmçinin Azərbaycanda böyük əks-səda vermişdi. Eyni zamanda bu hadisə Azərbaycanda milli azadlıq mübarizəsində xalqa böyük ruh vermiş və xalq hərəkatını daha da qarşısı alınmaz prosesə çevirmişdi.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət də qaldırmışdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdi. Sonralar Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyev bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının Ali Sovetinin işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil olunmuşdur.
Respublikasının Dövlət bayrağı milli suverenliyin simvoludur. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Azərbaycanda Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin yaradılması ölkə başçısının dövlət bayrağımıza nə qədər böyük önəm verdiyini bir daha sübut edir. 2010-cu il sentyabrın 1-də Bakıda açılışı olan Dövlət Bayrağı Meydanında ucaldılan bayraq dayağının hündürlüyü 162 metrdir. Bu dünyada ən hündür bayraq dayağıdır.
Ölkəmizin rayonlarında da dövlət bayrağı meydanı yaradılıb. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”. Dövlət Bayrağı millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının, bəşər sivilizasiyasında qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür. Üçrəngli, ay-ulduzlu bayrağımız hər bir ölkə vətəndaşının inam və güvənc yeridir. 2020-ci ili sentyabr ayının 27-nə qədər hər birimiz arzulayırdıq ki, gün o gün olsun ki, Zəfər bayrağımız Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Qubadlıda, Zəngilanda, Füzulidə, Xocavəndə və işğal altında olan digər torpaqlarımızda dalğalansın. Artıq bu arzumuz reallığa çevrildi. İndi üçrəngli, aylı-ulduzlu bayrağımız Qarabağda, Şərqi Zəngəzurda dalğalanır. Xalq şairi Bəxtiyar Vahabzadənin sözləri ilə desək:
“Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim.
Biz yurdumuza bir əlində bayraq, bir əlində silah tutan igid, cəsur əsgər və zabitlərimizin qanı, canı, sağlamlığı hesabına hakim olduq. Ölkəmizin təhlükəsizliyini, ərazi bütövlüyün qoruyan silahlı qüvvələrimizin əsgərləri vətən qarşısında xidmətə başlayanda əlini bayrağın üstünü qoyub and içirlər. Vətən uğrunda canını fəda edən şəhidlər bayrağa bükülür. Ona görə də bayraq sadəcə bir dövlət rəmzi deyil, daha ülvi və müqəddəsdir.
Bayraq müstəqillik rəmzidir. Əgər dalğalanmasa, millət, xalq, dövlət müstəqil sayılmayacaq. 9 noyabr- dövlət bayraq günümüz mübarək olsun! Bayrağımız hər zaman yüksəklikdə olsun, cünki, bu bayraq zirvələrə yaraşan dövlət rəmzimiz, qürurumuzdur!