Ölkələrimiz arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir

“Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır”.

Bu fikirlər Gürcüstanın Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev tərəfindən baş nazir İrakli Qaribaşvili ilə birlikdə mətbuata bəyanatlarla çıxış zamanı səsləndirilib.

Həqiqətən də bu gün Azərbaycan və Gürcüstan strateji tərəfdaşlıq mərhələsinə geridə qoyaraq müttəfiqlik səviyyəsinə qalxıblar. Azərbaycan-Gürcüstan münasibətləri faktiki olaraq, tərəflərin ortaq strateji maraqlarına söykənir.  Ölkələrimiz arasında İldən-ilə möhkəmlənən bu əlaqələrin daha da inkişaf etməsi üçün böyük layihələr həyata keçirilir. Hazırda enerji əməkdaşlığı layihələri Azərbaycan – Gürcüstan əlaqələrinin inkişafında çox mühüm rol oynayır. Birgə həyata keçirilən irimiqyaslı enerji layihələri, konkret halda Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı- Tiflis-Ərzurum qaz kəməri Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi  baxımından çox əhəmiyyətli layihəələrdir. 2020-ci ilin sonunda istifadəyə verilən transmilli “Cənub Qaz Dəhlizi” layihəsi ölkələrimiz üçün böyük əhəmiyyət daşıyaraq, qarşılıqlı əməkdaşlığı daha da dərinləşdirib. İki ölkənin nəqliyyat sahəsindəki əməkdaşlığı da diqqətlayiqdir. 2017-ci ildə açılışı olan Bakı-Tiflis-Qars dəmir yolu tarixi əhəmiyyətə malikdir. Qitələri birləşdirən bu dəmir yolu Azərbaycanın və Gürcüstanın tranzit potensialını böyük dərəcədə genişləndirir. Bakı-Tiflis-Qars dəmir yolu ilə göndərilən yüklərin həcmində ciddi artım qeydə alınır. Bu hal xüsusən Rusiya-Ukrayna müharibəsindən sonra özünü qabarıq büruzə verir. İstər enerji, istərsə də nəqliyyat layihələri Avroap üçün mühüm önəm kəsb edir. Azərbaycan və Gürcüstan Asiya və Avropanı, Çini və Qərbi, Xəzər dənizini və Qara dənizi bir-birinə birləşdirən yollar üzərində yerləşir. Bu nəqliyyat dəhlizlərinə Avropada da maraq gündən-günə artmaqdadır. Lakin bu yolların maksimal dərəcədə yüklənməsi və lazımi dərəcədə əhəmiyyət kəsb etməsi üçün regionda sabitliyin və sülhün qorunub saxlanılmasının olduqca vacib məsələdir. Bu sabitlik Ermənistanda da asılıdır. Çünki hazırda Ermənistan regional əməkdaşlıqdan kənarda qalıb. Amma ölkəmiz Ermənistanı regional əməkdaşlıqda görməkdə maraqlıdır. Gürcüstanda prezident İlham Əliyev İrakli Qaribaşvili ilə görüüş fonunda bu xüsusda qeyd edib: “Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Hər halda, bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq”. Beləliklə, top indi Ermənistan tərəfdədir. Həyata keçirilən çoxaspektli xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilmişdir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. İndi bunu Ermənistanın da nəzərə alması vacibdir.

Ermənistanın kənarda qaldığı vaxtda Azərbaycan Gürcüstanla münasibətlərini dinamik inkişaf etdirir. Bu xüsusda prezident İlham Əliyev bildirib: “Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir”. Azərbaycan və  Gürcüstan arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, xüsusən iqtisadi-ticari, enerji, nəqliyyat, tranzit, investisiya və humanitar sahələrdə uğurlu inkişafı qeydə alınır. Azərbaycanın Gürcüstanın ən iri ticarət tərəfdaşlarından biri, həmçinin Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkədir. İki ölkənin birgə həyata keçirdiyi layihələr bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir. Məhz bu layihələr Cənubi Qafqazın transformasiyasında mühüm rol oynayıb, bölgənin enerji xəritəsini dəyişib. Faktdır ki, bu gün Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu sürətlə artmaqdadır. Mövcud geosiyasi vəziyyətdə Azərbaycan qazı Avropa üçün daha böyük önəm kəsb etməyə başlayır.  əsələ burasındadır ki, Rusiyanın Ukraynaya hücumundan sonra Avropada dartışılan əsas məsələlərdən biri enerji təhlükəsizliyidir. Avropa İttifaqı Rusiyadan enerji, özəlliklə təbii qaz asılılığının aradan qaldırılmasında çox maraqlıdır. Həmin asılılığı azaltmaq, sonra tam aradan qaldırmaq üçün alternativ kimi baxılan ölkələrdən biri də Azərbaycandır. Avropa İttifaqı qitənin təbii qazla təminatında Azərbaycanın da rolunun artırılmasını istəyir. Tərəflər arasında bu il iyulda imzalanan anlaşmaya görə, 2027-ci ilədək Azərbaycanın Avropa satdığı qaz həcminin 20 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur. Mövcud resurslar Avropaya qaz ixracının artırılmasına imkan verir. Rəsmi rəqəmlər son illər Azərbaycanın təbii qaz hasilatında artım qeydə alındığını göstərir. Məsələn, ötən il ölkənin təbii qaz hasilatı 2020-ci illə müqayisədə 20 faizə yaxın artıb və 44 milyard kubmetrə çatıb. Bu ilin ilk səkkiz ayının nəticəsi göstərir ki, təbii qaz hasilatında yenə artım var. Yanvar-avqust aylarında ölkədə toplam 30.6 milyard kubmetr təbii qaz çıxarılıb. Bu, öncəki ilin eyni dövrü ilə müqayisədə 10 faiz və ya 2.7 milyard kubmetr artım deməkdir. Eyni dövrdə ölkənin təbii qaz ixracındakı artım daha yüksəkdir. Bu ilin ilk səkkiz ayı boyunca Azərbaycanda çıxarılan təbii qazın təxminən yarısı – 14.4 milyard kubmetri ixraca yönəldilib. Bu, ötən illə müqayisədə 23 faiz artım mənasına gəlir. Azərbaycanın təbii qaz ixracında Avropa ölkələrinin payı 50 faiz, Türkiyənin payı 38 faiz, Gürcüstanın payı 12 faizdir. Qazal yanaşı, Avropa Azərbaycandan elektrik enerjisi də almaq niyyətindədir. Ölkəmiz “yaşıl enerji”yə keçid fonunda bunu daah asan reallaşdıaracaq.  Bir çox beynəlxalq təşkilatlara görə bərpa olunan enerjidən istifadənin genişləndirilməsi enerji keçidinin vacib sütunlarındandır və sürətlə inkişaf etdirilməlidir. Hazırda Azərbaycanın müxtəlif bölgələrində ümumi gücü 66 MVt təşkil edən külək, 40 MVt olan günəş, 38 MVt bioenerji elektrik stansiyaları, həmçinin 35 MVt gücündə kiçik su elektrik stansiyaları istismar olunur. Bununla yanaşı, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti ilə qoyuluş gücləri müvafiq olaraq 240 MVt olan külək elektrik stansiyası və 230 MVt gücündə günəş elektrik stansiyasnın tikintisi ilə bağlı layihələrin həyata keçirilməsinə başlanılıb. BP şirkəti ilə isə Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində məhz “yaşıl enerji” layihələrinə üstünlük verilir. Həmin ərazilərdə 4 000 MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialı mövcuddur. Xəzərin Azərbaycan sektorunda bərpaolunan enerji potensialı 157 qiqavatdır. Bu enerjinin satışında əsas tranzit məkanlardan biri məhz Gürcüstan olacaq. Ümumilikdə, Gürcüstanla Azərbaycan arasında bir çox sahəni ehtiva edən çoxşaxəli rasional münasibətlər mövcuddur. Belə ki, Tiflis ilə Bakı regional təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdir. Bu fonda prezident İlham Əliyevin Gürcüstan səfəri münasibətlərin inkişafıan yeni təkan verir,  xüsusən də dünyada enerjiyə tələbat artdığı bir zamanda iki ölkənin bir cəbhədə duraraq öz maraqlarını təmin etməsinə şərait yaradır.