Prezidentliyin ilk ilindən etibarən dayanıqlı inkişaf ücün əsaslı addımlar atılmışdır

Hər bir xalqın tarixi inkişafına nəzər salsaq görərik ki, böyük uğurların əldə olunmasında, dünyada gedən intibah prosesində ölkələrin qabaqcıl pillələrdə qərarlaşmasında liderlərin rolu müstəsna və həlledicidir. Liderlik bacarığı elə siyasətçilərə məxsusdur ki, onlar xalqının, dövlətinin milli maraqlarını qorumaqla yanaşı, həm də öz ölkəsini davamlı şəkildə inkişaf etdirir, yorulmadan irəliyə doğru apara bilir. İlham Əliyev məhz belə liderlərdəndir.

Bu mənada Azərbaycan xalqı da çox xoşbəxtdir ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi prioritetlər, dövlətçiliyimizin hərtərfli inkişaf konsepsiyası onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bunların sayəsində illərdir ki, ölkəmiz intibah və çiçəklənmə dövrünü yaşayır.

61ilin Zirvəsindən möhtərəm Prezident İlham Əliyevin keçdiyi yola, onun yorulmaz fəaliyyətinə baxdıqda 2003-cü ilin prezident seçkiləri ərəfəsində ulu öndər Heydər Əliyev sevimli xalqına etdiyi tarixi müraciətində nə qədər haqlı olduğunu görürük: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Müstəqil Azərbaycan dövlətinin qurucusunun bu yüksək etimadı cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi illərdə ölkə həyatının bütün sahələrində özünü inamla, uğurla doğrultdu.

Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir.  Prezident İlham Əliyevin məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlətimizə başçılıq etdiyi illər mühüm hadisələr, faktlar və rəqəmlərlə zəngindir. Bu illərin hər biri dövlətçilik tariximizin hər bir azərbaycanlıya qürur hissi yaşadan şanlı səhifələridir. Onları yaddaşımızda vərəqlədikcə Ulu Öndərimizin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” kəlamının hər birimizə örnək olduğunu bütün varlığımızla dərk edir və tam səmimiliklə və ən uca səslə deyirik: Həm də ona görə fəxr edirik ki, xalqımızın İlham Əliyev kimi qüdrətli, xarizmatik lideri var.

Müxtəlif sahələr üzrə geniş təhlil aparsaq, müşahidə edərik ki, son 19 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə böyük uğurlar əldə edilmişdir. İlk növbədə qeyd etmək vacibdir ki, cənab İlham Əliyev öz fəaliyyəti ilə həm Prezident, həm də Ali Baş Komandan kimi hər bir  vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının Prezidenti olduğunu  dəfələrlə sübuta yetirmişdir. O, Ümummilli Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət  həyata keçirir. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir. Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib.

Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 19 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Prezidentliyin ilk ilindən etibarən ölkəmizdə dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.

Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması ilə bağlı müyyənləşdirdiyi və həyata keçirilən siyasət öz uğurlu nəticələrini verməkdədir. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi.

Cənab İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Biz cənab Prezidentin fəaliyyətində bunun əyani təsdiqini görürük. Prezident İlham Əliyevin təşəbbüsü ilə əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir. Ötən 18 ildə ölkədə 1,9 milyon yeni iş yeri açılmış, maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılmışdır. İşsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5 faizə endirilmişdir. 2018-ci ildən başlayaraq sosial sahədə aparılan islahatların yeni mərhələsi başlanıb və bu proses davam edir. Bu günlərdə cənab Prezidentin imzaladığı Fərman və Sərəncamlara əsasən minumum əmək haqqı 2022-ci ilin yanvarın 1-dən etibarən 250 manatdan 300 manata çattdırılıb, müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşlarının orta hesabla 20% artırılması nəzərdə tutulur. Cənab Prezidentin digər Sərəncamı ilə sosial müavinətlərin və təqaüdlərin artırılması nəzərdə tutulmuşdur. Ümumilikdə qeyd olunan Fərman və Sərəncamlarla maaş artımı 2,1 milyondan çox səxsi, sosial müavinətləri və təqaüdlərin artımı isə 732 min şəxsi əhatə edəcək. Bu məqsədlər üçün illik əlavə olaraq 1,7 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

2003-cü ildə ilk dəfə ölkə Prezidenti seçilərkən – “Mən hər bir azərbaycanlının Prezidenti olacağam,” – söyləyən cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi nəhəng işlərlə bir daha sübut etdi ki, birmənalı olaraq hər bir azərbaycanlının Prezidentidir. Onun müdrik rəhbərliyi ilə görülən işlər ölkəmizin gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir.

Prezident İlham Əliyevin 17 illik hakimiyyəti illərində apardığı uğurlu daxili və xarici siyasət ölkəmizi addım-adım böyük qələbəyə yaxınlaşdırırdı. Prezident İlham Əliyevin 17 il ərzində qətiyyətli və düşünülmüş şəkildə yürütdüyü siyasət öz bəhrəsini verdi və Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Ölkəmiz Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaqla, BMT qətnamələrini təkbaşına icra edərək haqq mübarizəmizi uğurla başa çatdırdı. 44 günlük Vətən müharibəsindəki böyük qələbə, Qarabağın azad edilməsi 60 ilin Zəfər Zirvəsi oldu.  Prezident İlham Əliyev ata vəsiyyətini həyata keçirdi, Azərbaycanın dövlətçilik, müstəqillik tarixinə adını qızıl hərflərlə yazdı. İlham Əliyev dövlətimizi müzəffər, xalqımızı qalib etdi. Qalib ölkənin vətəndaşı olmaq qürurunu bizə yaşatdı. Bufünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır.

Prezident İlham Əliyevin xalqımıza qazandırdığı zəfər və şərəf tarixi indiki nəsillərə Vətəni necə sevməyi, onu necə qorumagı öyrədir. Bu sevgi Azərbaycanı yeni zəfərləri ilə xoşbəxt insanlar ölkəsinə çevirir. Bütün bu deyilənlər bir daha təsdiq edir ki, Prezident İlham Əliyev taleyin və tarixin Azərbaycana bəxş etdiyi misilsiz bir düşüncə və iradə sahibi, tükənməz liderlik sərvətidir. Biz xoşbəxt xalqıq. Xoşbəxtik ona görə ki, İlham Əliyevlə bir cəmiyyətdə, onun liderliyi ilə yaşayırıq. Bu xalq öz qalib lideri İlham Əliyevlə yenilməzdir. Müzəffər rəhbər İlham Əliyev də onun ətrafında sıx birləşmiş xalqı ilə güclüdür.

Əminik ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya örnək olacaq səviyyədə xalq-iqtidar birliyinə nail olmuş, sülhün və əmin-amanlığın hökm sürdüyü məkana çevrilmiş, iqtisadi göstəricilərinə, vətəndaşlarının rifah halına görə günbəgün qüdrətlənən Azərbaycan dövləti yenicə başa çatmış Vətən müharibəsində qazandığı şanlı Qələbənin ruhu və ovqatı ilə daha da qüdrətlənəcək, parlaq sabahlara, zəfərlərə daha əzmlə, inamla addımlayacaq