Vətən müharibəsi və Şanlı Qələbə

İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin hərbi gücünü və müasirliyini, azərbaycan xalqının iradəsini və birliyini göstərdi. Bu mübarizə azərbaycan xalqının torpaqlarını itirməsi ilə heç vaxt barışmayacağının sübutu idi. Azərbaycan Silahlı Qüvvələri 44 gün davam müharibə ərzində bir addım belə geri çəkilmədi və mübarizəsini davam etdirdi. Biz bu qələbəyə Azərbaycan şanlı Silahlı Qüvvələrinin, Azərbaycan rəhbərliyinin və xalqımızın birliyi hesabına nail olduq. Çətin relyef şəraitində düşmənə qarşı mübarizə aparan Müzəffər Azərbaycan Ordusu peşəkarlıq, məharət, güc və hərbi elm sahəsində düşməni torpaqlarımızdan qovmağa nail oldu. 27 sentyabr 2020-ci ildə başlanan və azərbaycanlıların qələbə coşğusu ilə davam edən, 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikası baş nazirinin imzaladıqları təslimolma – kapitulyasiya sənədi ilə başa çatan İkinci Qarabağ –Vətən Müharibəsi azərbaycan xalqının, Azərbaycan dövlətinin, onun iqtisadiyyatının, daxili və xarici siyasətinin, hərbi qüdrətinin və beynəlxalq münasibətdə mövqeyinin vəhdətinin nəticəsi idi. Azərbaycan dövləti XXI əsrin müharibəsini apardı, hərb sənətinə, bunu seyr edən dövlətlərə, həbiçilərə böyük bir örnək və dərs vermiş oldu. Bu gün artıq dünyanın aparıcı hərb məktəblərində İkinci Qarabağ Müharibəsindəki uğurlu əməliyyatlar və şanlı qələbəmizin sirri öyrənilir. 44 günlük müharibənin gedişində Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan xalqı qarşısında vaxtaşırı çıxış etməsi, dünya dövlət rəhbərlərinə və mediyalarına beynəlxalq normalar çərçivəsində cavab verməsi, siyasi sabitlik və vətəndaş birliyinə nail olması, siyasi və beynəlxalq müstəvidə qələbənin Azərbaycan dövlətinin xeyrinə nəticələnməsini təmin etdi.

Vətən müharibəsinə ilk öncə tarixi əhəmiyyətinə görə baxmaq lazımdır.XVIII əsrin ortalarında Nadir şahın sui-qəsdindən sonra(1747) Azərbaycan torpaqlarının xanlıqlara parçalanması və siyasi birliyin olmaması səbəbindən torpaqlarımız Rusiya imperiyasının işğalına məruz qaldı. Gülüstan (1813), Türkmənçay (1828) müqavilələri hüquqi, faktiki olaraq torpaqlarımızı iki yerə böldü. Rüsiya İmperiyası İrəvan və Naxçıvan xanlıqlarını ləğv edərək onun ərazisində qondarma “Erməni vilayəti’’ yaratdı. Rusiya imperiyasının dağılmasından sonra 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti 29 may 1918-ci il tarixdə İrəvan şəhərini ətraf kəndləri ilə birlikdə Ararat Respublikasına (o zaman yeni yaranan erməni dövlətinə) verdi. 1920- ci ildə Şərur –Dərələyəz, 1921-ci ildə Zəngəzur, 1929-cu ildə Ordubad və Zəngilan rayonlarının torpaqlarından alınaraq yaradılmış Mehri rayonu Sovet Rusiyasının hədəsi ilə Ermənistana peşkəş edilmişdir. Keçən əsr boyunca ermənilərin Dağlıq Qarabağa olan ərazi iddiaları səngiməmişdir. SSRİ-nin dağıldığı ərəfədə Azərbaycanın daxilindəki siyasi sabitliyin pozulmasından istifadə edən ermənilər 1988-1991-ci illərdə Ermənistandan azərbaycanlıların öz tarixi ata-baba yurdlarından qovulmasına nail oldular. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan dövlətinin daxilində siyasi birliyin olmaması, müxalifətin kreslo-hakimiyyət davası, beşinci kolonun pozuculuq fəaliyyəti nəticəsində 1991-1993-cü illərdə Xankəndi , Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl,Qubadlı,  Zəngilan rayonları Rusiyanın hərbi texnikası, silahları və əsgərlərinin köməyi ilə xəyanətlə ermənilər tərəfindən işğal olundu. Müstəqil Azərbaycan Respublikasını idarə edən AXC-Müsavat hökuməti ölkə siyasətinə öz ailələrini idarə etdikləri kimi baxış sərgiləyirdilər, idarəçilik yox səviyyəsində idi. Bütün qonşu dövlətlərlə münasibətlər konflikt xarakteri daşıyırdı. Yaranmış belə bədnam vəziyyətdə 15 iyun 1993-cü ildən Ulu Öndər Heydər Əliyev ikinci dəfə Respublikaya rəhbərliyə başladı. Müharibəni və erməni işğalını dayandırmaq üçün 8 may 1994-cü ildə Azərbaycan və Ermənistan dövlətləri arasında Bişkek protokolunun imzalanması ilə qoşunların təmas xəttində atəşkəs elan edildi. 12 may 1994 cü ildən cəbhə xəttində aktiv hərbi əməliyyatlar dayandırılsa da erməni təxribatları ara-sıra yenə də davam edirdi. Ölkə iqtisadiyyatını inkişaf etdirən, hərbi gücünü artıran, xarici beynəlxalq əlaqələri dövrə uyğun yenidən quran Ulu Öndər Heydər Əliyev qısa zamanda beynəlxalq aləmdə Azərbaycan Respublikasının sülhsevər dövlət olduğunu göstərə bildi. Heydər Əliyev siyasətini davam etdirən İlham Əliyevin uğurlu ardıcıl islahatları nəticəsində Azərbaycan dövləti iqtisadi və hərbi cəhətdən daha güclü dövlətə çevrildi. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi.

44 günlük müharibənin böyük tarixi nəticələrindən biri budur ki, XVIII əsrdən bəri torpaqlarını itirən Azərbaycan dövləti XX əsrin 90-cı illərində itirdiyi torpaqlarını Vətən müharibəsində Ermənistan üzərində böyük şanlı qələbə çalmaqla geri qaytardı, Respublikamızın dövlət sərhədlərini bərpa etdi. Vətən Müharibəsi azərbaycanlıların sınmış qürurunu, bükülmüş belini düzəltdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqı intiqamını düşməndən döyüş meydanında aldı.

Şəhidlərimizin qanı yerdə qalmadı. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq”. Xalqımızın şanlı qələbəsini əbədiləşdirmək və erməni vəhşiliyini həm dünyaya həm də gələcək nəsillərə nümayiş etdirmək üçün Bakıda Xətai rayonunda açıq səmada 5 hektar ərazini əhatə edən Hərbi Qənimətlər Parkı yaradılmışdır. 44 günlük müharibə dövründə Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət kimi götürdüyü hərbi texnika, silah-sursat eksponat kimi sərgilənib. Hərbi Qənimətlər Parkı Azərbaycan dövlətinin apardığı müharibənin miqyasını və qələbənin möhtəşəmliyini göstərir. Erməni vandalizmi insanlığa qarşı cinayətdir. Onların törətdikləri vəhşiliklər dəhşətlidir. Xalqımız erməni vəhşiliyini heç vaxt unutmamalıdır.