Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir

Azərbaycan 2016-cı ildən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dialoq tərəfdaşı statusuna malikdir. Çin, Rusiya, Hindistan, İran, Pakistan, Qazaxıstan kimi dövlətlər təşkilatın üzvləridir. Şanxay Əməkdaşlıq Təşkilatının cari ilin sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Dövlətimizin başçısı həm zirvə görüşündə çıxış edib, həm də orada iştirak edən bir sıra dövlətlərin, o cümlədən Rusiya, Çin, Türkiyə, Özbəkistan və digər ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər keçirib. Bu görüşlər Ermənistanın 12-14 sentyabr tarixlərində Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribatlarla eyni dövrə təsadüf etdiyindən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizə qarşı törədilmiş təcavüzkar və qanlı təxribatlar barədə tərəf müqabillərini və beynəlxalq ictimaiyyəti məlumatlandırıb.

“Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində çıxış edərkən bildirib ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Daha sonra Prezident İlham Əliyev Sammit iştirakçılarının diqqətinə çatdırıb ki, bu il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törədib. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıblar. O, qeyd edib ki, Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Dövlətimizin başçısı çıxışı zamanı münaqişənin həllinə məsul olan beynəlxalq qurumların səmərəsiz fəaliyyətinə də toxunub, bunun narahatlıq doğurduğunu bəyan edib. Bu kontekstdə Prezident İlham Əliyev 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini xatırladıb. Bildirib ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, ölkəmizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Nəticədə, Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib”.

“Prezident İlham Əliyev Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişaf etdiyini vurğulayaraq, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin gerçəkləşməsinə önəmli töhfələr verdiyini bildirib. Qeyd edilməlidir ki, Şanxay Əməkdaşlıq Təşkilatına bütün üzv dövlətlərin, eləcə də müşahidəçi və tərəfdaş ölkələrin, o cümlədən Çin, Hindistan, Rusiya, İran, Pakistan, Qazaxıstan, Özbəkistan, Türkiyənin bu dəhlizlərin işləməsində əhəmiyyətli iqtisadi maraqları var. Azərbaycan coğrafi baxımdan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri üzərində yerləşdiyi üçün unikal mövqeyə malikdir. Prezidentin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində diqqətə çatdırdığı kimi, Zəngəzur dəhlizi açıldıqdan sonra bu sahədə imkanlar daha da genişlənəcək”.