Gədəbəydə maarifləndirmə tədbiri keçirilib

Sentyabrın 8-də Gədəbəy rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi, Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə “Narkomaniyanın səbəbləri və ona qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Gədəbəy RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov, Gədəbəy RPŞ-nin əməkdaşı Məcnun Kamalov, Gədəbəy rayon mərkəzi xəstəxanasının həkim-narkoloqu Sabir İbrahimov və gənclər iştirak ediblər.

Çıxışlar zamanı narkomaniyanın yaranma səbəbləri, insan orqanizminə vurduğu zərərlər və ictimai həyatda yaratdığı problemlər qeyd edilib. Narkomaniyaya qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin rolu, ailə münasibətləri və ictimai qınağın vacibliyi vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.