Azərbaycan partiyamızın Sədri,Prezident,Müzəffər Ali Baş Komondan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək

Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi.

16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət Azərbaycan ziyalıları “Səs” qəzetində “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciət məktubu ilə çıxış edərək, hazırkı çətin və mürəkkəb siyasi-iqtisadi və mənəvi böhran mərhələsində müstəqil dövlətin və xalqın xilas edilməsi naminə “Yeni Azərbaycan” adlandırılacaq siyasi partiyanın yaradılmasını və Heydər Əliyevin həmin partiyaya rəhbərlik etməsini xahiş etmişlər. Ümummilli lider Heydər Əliyev 24 oktyabr 1992-ci ildə “Səs” qəzetində çap etdirdiyi “Yeni müstəqil Azərbaycan uğrunda” adlı cavab məktubu ilə Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə müsbət münasibətini bildirmişdir. Yeni Azərbaycan Partiyasının təsis konfransının Bakı şəhərində keçirilməsinə razılıq verilməmişdir. Ona görə də qısa müddətdə zəruri hazırlıq işləri aparıldıqdan sonra 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrının binasında görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Təsis konfransında Bakı şəhərindən və Azərbaycanın müxtəlif regionlarından gəlmiş 550 nəfərdən ibarət təşəbbüs qrupu iştirak etmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında yekdilliklə qərar qəbul etmişdir. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Sədri vəzifəsinə seçilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının Proqramı və Nizamnaməsinin qəbul olunması, Siyasi Şuranın və İdarə Heyətinin tərkibinin təsdiq edilməsi, Yeni Azərbaycan Partiyası Sədrinin müavinlərinin seçilməsi haqqında mühüm qərarlar qəbul etmişdir. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu.

Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun yeddi yüz mindən çox üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı.

Yeni Azərbaycan Partiyasının çoxcəhətli və səmərəli fəaliyyəti, beynəlxalq nüfuza malik siyasi təşkilat kimi böyük uğurla öz yolunu davam etdirməsi, daim yeniləşməsi və inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti ilə üzvi surətdə əlaqədardır.

Partiyamiz öz fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında davam etdirir. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə yeni uğurlar əldə edir, qatıldığı bütün seçkilərdə parlaq qələbələr qazanır. Partiyamız qələbələr partiyası olduğunu sübuta yetirib. Bu, hər şeydən əvvəl, YAP-ın öz gücünü xalqın dəstəyindən aldığını göstərir və partiyanın fəaliyyəti Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Xüsusilə də, Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi misli-bərabəri olmayan tarixi nailiyyətdir.

Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyamızın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı.

Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi – xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.

Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir. Regionda Azərbaycanın razılığı olmadan heç bir layihə icra olunmur. Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, insanların rifah halı gündən-günə yaxşılaşır. Elə bir sahə yoxdur ki, orda öyünə biləcəyimiz nailiyyətimiz olmasın. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi iqtisadi sahədə qazanılan uğurlardandır.

Daha bir uğurumuzu xüsusilə qeyd etmək istərdim. COP29-un Azərbaycanda keçirilməsi qlobal iqlim dəyişiklikləri və ekoloji problemlərin həlli istiqamətində ölkəmizin beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınmasında əhəmiyyətli rol oynayır. Bu tədbir Azərbaycanın qlobal ekoloji tarazlığın qorunub saxlanılmasına töhfə verdiyini bir daha təsdiqləyir. Eyni zamanda, ölkəmizin dayanıqlı inkişaf hədəflərinə sadiqliyini və ekoloji problemlərin həlli istiqamətində dünya dövlətləri və beynəlxalq təşkilatlarla birgə çalışmaq istəyinin ifadəsidir.

Onuda xüsusilə qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyev COP29-un Liderlər Sammitinin açılışında çıxışı zamanı 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfinin verildiyini vurğuladı. Dövlətimizin başçısı dedi: “Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük”.

Prezident İlham Əliyevin COP29 Liderlər Sammitindəki çıxışı Azərbaycanın qlobal miqyasda güclənən mövqeyini və dünya problemlərinin həllində mühüm rol oynamağa hazır olduğunu əks etdirir. Azərbaycan, həm qlobal məsələlərdə liderlik etmək qabiliyyəti, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə beynəlxalq səhnədə ön sıralarda yer alır. Bu çıxış, ölkəmizin gələcəkdə daha böyük uğurlara imza atacağının bir xəbərdarlığıdır.