Qarabağda,ümumiyyətlə,işğaldan azad olunmuş ərazilərdə ilk dəfə parlament seçkilərinin keçiriləsi tarixi hadisə olacaq

Parlament seçkiləri ilə bağlı həyata keçirilən tədbirlər beynəlxalq müstəvidə də təqdir olunur

Bütün dünyada seçkilər dövlətin və ictimai həyatın idarə olunmasında vətəndaşların ən kütləvi iştirak formasıdır. Bu mənada xalqın iradəsinin ifadəsi sayılan seçkilərin demokratik, azad keçirilməsi ölkədəki ictimai-siyasi sabitlikdən, ilk növbədə normal seçki keçirilməsinə əsaslı şərait yaradılmasından asılıdır. Bununla yanaşı, istənilən dövlətdə seçkilərin ədalətli və şəffaf keçirilməsi həmin cəmiyyətin demokratik mühitinin yüksək olmasından xəbər verir. Bu prosesin məntiqi yekunu olaraq hər bir xalq öz taleyini inandığı, etibar etdiyi siyasi qüvvəyə bağlayır. Azərbaycanda da seçki qanunvericiliyi daim təkmilləşdirilir. Seçki Məcəlləsi qəbul ediləndən sonra bu sənədə müəyyən əlavələrin və dəyişikliklərin edilməsi çağdaş dövrün tələbi olmaqla yanaşı, həm də ölkəmizdə demokratik mühitin bərqərar olmasına işarədir. Təbii ki, bu zaman keçirilən seçkilərin təcrübəsi nəzərə alınır. Bir sözlə, Azərbaycanda ümumi prinsiplər baxımından dünyada qəbul edilmiş modelə uyğun seçkinin keçirilməsi daim diqqət mərkəzindədir.

Azərbaycan hakimiyyəti demokratik seçkilərin keçirilməsi üçün nüfuzlu beynəlxalq təşkilatlarla daim əməkdaşlıq edib və proses bu gün də davam edir. Belə ki, ölkəmizdə keçirilən seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakı üçün dəvət məktubları göndərilir. Seçkilərdə iştirak edən beynəlxalq müşahidəçilər isə həm seçkiöncəsi mühit, həm də seçki günü şahidlik etdikləri prosesləri hesabatlarında əks etdirirlər.  Təkcə bu ilin fevral ayında Azərbaycanda keçirilən və Zəfər seçkiləri adlandırılan prezident seçkiləri ilə bağlı beynəlxalq müşahidəçilərin təqdim etdikləri hesabatlara nəzər yetirsək, reallıqları aydın şəkildə görə bilərik. Xatırladaq ki, bu seçkilər suverenliyini, ərazi bütövlüyünü təmin etmiş Azərbaycanda keçirilən ilk prezident seçkiləri idi. Qarabağ və Şərqi Zəngəzurda da seçkilərin keçirilməsi tarixi hadisə sayılırdı. Seçkilərdən sonra beynəlxalq müşahidəçilərin təqdim etdikləri hesabatlarda seçkilərin bütün ölkə üzrə dinc və nizamlı şəkildə, eləcə də beynəlxalq standartlara və Seçki Məcəlləsinin tələblərinə uyğun keçirildiyi bildirildi. Mərkəzi Seçki Komissiyasının (MSK) seçki prosesinə hazırlığı effektiv qiymətləndirildi. Seçki məntəqələrində veb-kameraların quraşdırılması təqdirəlayiq hal kimi dəyərləndirildi.

Hazırda isə Azərbaycan növbədənkənar parlament seçkilərinə hazırlaşır. Sentyabrın 1-də ölkəmizin müstəqillik dövründə sayca 7-ci parlament seçkiləri keçiriləcək. Bu, həm də ərazi bütövlüyümüzün, suverenliyimizin tam təminatından sonra işğaldan azad edilmiş ərazilərimizdə təşkil edilən ilk parlament seçkiləridir. MSK-nın son iclasında sədr Məzahir Pənahov bildirib ki, müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə akkreditasiyadan keçən yerli müşahidəçilərin sayı 110 mini ötüb. Onu da deyək ki, bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətli tədqiqat növü hesab olunan “exit-poll” da keçiriləcək. Hər kəsə bəllidir ki, anonim keçirilən bu sorğu prosesi kimin qalib gəldiyini operativ və obyektiv şəkildə müəyyənləşdirməyə imkan verir. Ölkəmizdə son illərdə bu sistem  uğurla tətbiq olunur. Növbədənkənar parlament seçkilərində də “exit-poll” keçirəcək təşkilatlar artıq müəyyənləşdirilib. Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqası ABŞ-dən olan tərəfdaşı (ORACLE ADVISORY GROUP) ilə birlikdə, “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə “exit-poll” həyata keçirəcəklər.

Respublikamızın inkişaf edən seçki sistemində də demokratik ab-havanın, şəffaflığın təmin edilməsi üçün müasir informasiya texnologiyalarının tətbiqi hər zaman diqqət mərkəzində olmuşdur. Azərbaycan hakimiyyətinin seçkilərdə aşkarlığın daha çox təmin edilməsi üçün bütün təşəbbüslərə, yeniliklərə yüksək həssaslıq nümayiş etdirməsi bütün dünyada təqdir olunur. Təsadüfi deyildir ki, regionda və dünyada ilk dəfə məhz Azərbaycanda seçkinin gedişatının internet vasitəsilə birbaşa izlənilməsi sistemi yaradılmışdır.

Yuxarıda da qeyd etdiyimiz kimi, budəfəki seçkilər milli parlamentarizm tarixinə əlamətdar gün kimi düşəcək. Çünki ilk dəfə olaraq keçmiş məcburi köçkünlər səsvermə hüquqlarından öz doğma torpaqlarında istifadə edərək deputat seçəcəklər. Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilərdə işğaldan azad olunmuş ərazilərdə 54 məntəqə üzrə 42 mindən çox səsvermə hüququna malik seçici səs verə bilər. Qarabağda, ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə ilk dəfə parlament seçkilərinin keçirilməsi tarixi hadisə olacaq.