Laçın rayonunun yeni inkişaf dövrü

Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar…

Dövlət başçısı İlham Əliyev bərpa işlərinə başlandığı gündən bu çağırışı etdi ki, işğaldan azad edilmiş bütün torpaqlarımızın, o cümlədən Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olmalıdır

Arxada qalan hər gün tarixi Zəfərimizin bugünümüz üçün hansı üfiqləri açdığını bir daha dərindən dərk etməkdə, 44 günlük İkinci Qarabağ müharibəsində çoxəsrlik tariximizə yazılan qələbə səhifələrinin geniş təhlilində, indiki və gələcək nəsillərə çatdırılmasında mənbə rolunu oynayır. Dövlət başçısı İlham Əliyevin sərəncamları əsasında 27 sentyabr-Anım Günü, 8 noyabr-Zəfər Günü təsis edildi. Cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq bu sıraya daha bir tarixi məqamlar daxil oldu. Məqsəd Zəfər yolunu daim təhlil etmək, Qələbəni bizlərə yaşadan, qanları, canları ilə tarix yazan şəhidlərimizi unutmamaq, onların həyat yolunu bir vətənpərvərlik məktəbi kimi daim öyrənməkdir.

44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

30 il davam edən işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqləndi və hazırda uğurla icra edilir. Artıq ötən il Zəngilan rayonunun Ağalı kəndi, Tərtər rayonunun Talış kəndi sakinlərinə qovuşdu. Bu il isə bu sevinci yaşayanlar sırasına laçınlılar və füzulililər də daxil edildi.

Cənab İlham Əliyevin yuxarıda qeyd etdiyimiz Sərəncamına uyğun olaraq 26 avqust Laçın şəhəri günüdür. Ötən ilin 26 avqust tarixində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev “Twitter” səhifəsində xalqımıza bu müjdəni çatdırdı: Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Dövlət başçısı İlham Əliyev avqustun 26-da «Biz Laçına qayıtdıq» dedi və sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı. Bildirdi ki, artıq Laçının bərpası və yenidən qurulması zamanıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan nəyi vəd edirsə onun reallığa çevrilməsi istiqamətində ciddi səylər göstərir. Belə ki, cənab İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində Laçın şəhərinin azad olunmasını tarixi hadisə kimi dəyərləndirərək bunu əsaslandıran məqamları da diqqətə çatdırdı. Dövlət başçısı onu da qeyd etdi ki, laçınlılar, xüsusilə Laçın şəhərində yaşayan insanlar bir qədər ümidsiz idilər: “Çünki danışıqlar zamanı, ümumiyyətlə, Ermənistan tərəfi Laçını Azərbaycana qaytarmaq haqqında heç danışmaq da istəmirdi. Əfsuslar olsun, keçmiş Minsk qrupunun həmsədrləri də hesab edirdilər ki, Laçın rayonu Ermənistana verilməlidir. Ona görə laçınlılar daha ümidsiz idilər. Onu da bildirməliyəm ki, danışıqların işğal dövründə belə çox davam etməsi və yəni, uğursuzluqla nəticələnməsi də məhz, o cümlədən Laçına və Kəlbəcərə görə idi. Çünki onlar 5 rayonu boşaltmağa elə bil ki, hazır idilər. Amma o şərtlə ki, Laçın və Kəlbəcər əbədi qalsın onların əlində. Yəni, biz laçınlılara, kəlbəcərlilərə görə, tarixi torpaqlarımıza görə, ərazi bütövlüyümüzə görə bu qədər dözmüşük. Amma məncə, ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq. Çünki dərhal göstəriş verildi, indi Laçın şəhərində geniş quruculuq-bərpa işləri gedir.”

Bu gün sevinc hissi ilə qeyd edirik ki, işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Laçın da həyatının yeni dövrünü yaşayır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib. Laçın aeroportunun tikintisi davam edir. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Prezident İlham Əliyev bildirmişdir: “Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə – Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var.”

Üç ilə yaxındır ki, ermənilərin işğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən Laçında törətdikləri dağıntıları genişmiqyaslı bərpa-quruculuq işləri əvəzləyir. Böyük Qayıdışın sürətləndirilməsi üçün bütün zəruri addımlar atılır. Bu ərazilərimizin malik olduğu resurslardan səmərəli istifadə etməklə dayanıqlı inkişafımıza geniş imkanlar yaranacaq. Azərbaycan hər zaman ilklərə imza atması ilə diqqətdə olur. Ölkəmizin bu yenilikləri sırasında işğaldan azad edilmiş ərazilərimizin «ağıllı şəhər» və «ağıllı kənd» layihələri çərçivəsində bərpasını qeyd edirik. «Əlbəttə, istəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək» söyləyən Prezident İlham Əliyev əminliklə bildirdi ki. Bu il laçınlılar Laçına qayıdacaq. Cənab İlham Əliyevin böyük inamla qeyd etdiyi bu istək artıq reallıqdır. Laçınlılar mərhələli şəkildə oz dogma yurd-yuvalarına qayıdırlar. İlk mərhələ 28 may-Müstəqillik Günündə reallığa çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Müstəqillik Günündə Laçın rayonunda olub həm görülən işlərlə tanış oldu, eyni zamanda, Laçın şəhərinə qayıdan sakinlərlə görüşüb onlara açarları təqdim etdi. Həmin mərasimdə cənab İlham Əliyev bir daha bildirdi ki, öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyimizi bildirmişdim: “Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.”

Dövlət başçısı İlham Əliyev laçınlılarla görüşündə bu mühüm məqamı da xatırlatmışdır ki, 2011-ci il dekabrın 24-də ad günündə laçınlılarla Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində görüşüb. O vaxt Taxtakörpü qəsəbəsində laçınlılar üçün 550-dən çox evdən ibarət bir qəsəbə salınmışdı: “O görüşdə demişdim ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik və gün gəldi. O tarixdən cəmi 11 il keçib, biz sizinlə artıq Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz. Əminəm ki, hamımız bu gün xoşbəxtlik içində yaşayırıq. Böyük nikbinliklə yaşayırıq. Qürur hissi ilə yaşayırıq. Çünki İkinci Qarabağ müharibəsi bizim əbədi qürur mənbəyimizdir. Bu Zəfər bizimlə əbədi olacaq və gənc nəsil, uşaqlar, bax, bu Zəfər qüruru ilə yaşayacaqlar. İndi isə qurub-yaratmaq vaxtıdır.”

Bütün işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri uğurla başa çatacaq, soydaşlarımız tam şəkildə öz dogma yurd-yuvalarına qayıdacaq və bu ərazilərimizdə yeni həyat başlayacaq. Hazırda öz dogma yurd-yuvalarına qovuşan soydaşlarımızın sevincini gördükdə 30 ilə yaxın torpaq həsrəti ilə yaşasalar da bir gün də olsun ümidlərini itirmədiklərini hiss edirik. Əmin idilər ki, gec-tez bu sevinci yaşayacaqlar. Dövlətini, xalqını canından artıq sevən, Azərbaycanı hər zaman zirvələrdə görmək istəyən Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevə xalqımızın inamı böyük idi. Bu inamı Ulu Öndər 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin arzusunu reallığa çevirdi. 2021-ci ildə ənənəsi bərpa edilən “Xarıbülbül” musiqi festivalının bağlanış mərasimində Ümummilli Liderin torpaqlarımızın işğaldan azad ediləcəyinə inamını ifadə edən “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərinin davamı olaraq Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində söylədiyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” fikirlərin əks olunduğu videoçarxın nümayişi dünyaya Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşadan mesaj idi. Azərbaycan qarşısına qoyduğu hər bir hədəfi, planı zamanında dünyaya səs salacaq səviyyədə reallığa çevirir. Dedik Qarabağı, Şərqi Zəngəzuru azad edəcəyik etdik. Bu gün isə Qərbi Azərbaycana qayıdacağımızı böyük əminliklə qeyd edirik. Hədəflərimizi hər zaman əminliklə söyləməyə əsas verən tarixi ədalətdir.