Azərbaycanın son illər beynəlxalq aləmdə nüfuzunun artması ölkəmizin müxtəlif dövlətlərlə münasibətlərinə də müsbət təsir göstərir, əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Ötən bir neçə il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif nüfuzlu beynəlxalq tədbirlərə dəvət alması, bir sıra tədbirlərdə fəxri qonaq qismində iştirak etməsi ölkəmizin artan rolunun və çəkisinin əyani təsdiqidir. Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətləri ilə ikitərəfli əlaqələri onu qitələrarası qovşağa çevirir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.
Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasına dövlət səfərinə gəlib. Bu səfər Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfər zamanı Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə ikitərəfli və geniş tərkibli görüşlər keçirib, əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 10-dan çox sənəd imzalanıb. Görüşdən sonra hər iki dövlətin başçıları mətbuat üçün bəyanatla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev İslamabadda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib ki, “Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır”. Bu bağlantının böyük sərvət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq”.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatında deyib ki, “Pakistan həmişə Azərbaycanın Qarabağla bağlı mövqeyini dəstəkləyib və sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq işinizi dəstəkləyib”.
Azərbaycanın da həmişə kəşmirlilərin haqq işini dəstəklədiyini vurğulayan Baş nazir bildirib: “Mən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq öz müqəddəratını təyin etmək hüququna nail olmaq üçün yetmiş ildən artıq böyük qurbanlar vermiş milyonlarla insanı nəzərdə tuturam. Yaxın Şərqdə digər ölkələrlə yanaşı, Azərbaycan və Türkiyə Kəşmirin haqq işini dəstəkləyən dost və qardaş ölkələrdən olmuşdur”.
Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 11-də Pakistana dövlət səfəri çərçivəsində “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə İslamabad şəhəri (Pakistan İslam Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Anlaşma Memorandumu” imzalananıb və bu sənədə əsasən Bakı ilə İslamabad qardaşlaşmış şəhər olublar.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatında deyib: “Mən qeyd etmək istərdim ki, bir qədər əvvəl sizin burada əyləşən ekspertlərinizdən biri tərəfindən hazırlanmış İslamabadın abadlaşdırılması planı təqdim olundu”.
“Bizdə imzalanmalı müvafiq anlaşma memorandumları və sazişlər var. Elə indicə Siz mənə İslamabadın gözəlləşdirilməsi ilə bağlı tövsiyənizi verdiniz.
Bu, Sizin Pakistana olan maraq və sadiqliyinizi nümayiş etdirir. Təşəkkür edirəm. Biz əlimizdən gələni edəcəyik. Sizin mütəxəssisləriniz əllərindən gələni edəcəklər. Lakin hesab etmirəm ki, biz şəhərimizi Sizin müdrik rəhbərliyinizlə olduğu kimi Bakı qədər gözəl edə bilərik” , – Baş nazir qeyd edib.