İran dövləti ilə qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsi Azərbaycanın xarici siyasət xəttində prioritet istiqamətlərdən biridir. Rəsmi Tehranın da Bakı ilə əməkdaşlığa olan marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir.
Azərbaycan və İran xalqları arasında din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlıq rəsmi Tehranla Bakının əlaqələrinə təsir göstərən mühüm amillərdən biridir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın digər qonşuları ilə yanaşı, İranla münasibətləri də keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin siyasi xəttini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev regionda cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər fonunda xarici siyasətdə İranla əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu təsdiqlədi. Sevindirici haldır ki, müstəqil Azərbaycan artıq dünya birliyində öz layiqli yeri olan, sayılıb-seçilən, mövqeyini gündən-günə möhkəmləndirən ölkələr sırasındadır. Mədəni, mənəvi və humanitar cəhətdən ölkəmizə bəslənən rəğbət ilbəil artan və yüksələn iqtisadi qüdrət çərçivəsində Azərbaycana daha böyük nüfuz qazandırır. Bu təkcə Azərbaycan vətəndaşı olaraq bizim qürur hisslərimizin təcəssümü deyil. Bu faktlara söykənən elə bir reallıqdır ki, bunu bütün dünya qəbul edir. İndi artıq qətiyyətlə deyə bilərik ki, Azərbaycan hər cəhətdən bölgənin lider dövlətidir.
Dünyanın nüfuzlu dövlətlərinin yüksək rütbəli rəsmilərinin və beynəlxalq aləmdə tanınmış, məşhur şəxslərin dilindən dövlətimizin qüdrəti, onun bölgədəki rolu haqda səslənən fikirlər isə hər birimizdə fəxarət hissi yaradır. Bəli, bu reallıqdır və dünya Azərbaycan reallıqlarını qəbul edir. Burada ikitərəfli və çoxtərəfli münasibətlər ən vacib şərtlərdəndir. Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərini düzgün müəyyənləşdirməsi, dünyanın ayrı-ayrı dövlətləri ilə yaratdığı əlaqələrin, beynəlxalq təşkilatlarla, bu qurumlara üzv olan dövlətlərlə əməkdaşlığın uğurlu nəticələri ölkəmizi dünya birliyi müstəvisində söz və nüfuz sahibi edib. Daxili və xarici siyasətin bütün məqamlarının zərgər dəqiqliyi ilə həyata keçirilməsi dövlətçiliyimizin möhkəmlənməsinə, cəmiyyətin demokratik dəyərlərlə idarə olunmasına, xalqın sosial həyat səviyyəsinin yüksəlməsinə, bir sözlə, hüquqi, demokratik dövlət quruculuğuna xidmət edir.
İran Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini dəfələrlə bəyan etmişdir və ümidvarıq ki, dost və qardaş İran bu mövqeyi axıradək davam etdirəcəkdir. Azərbaycanla İran arasındakı əlaqələr çox dərin tarixi köklər üzərində qurulub. Bu zəmində ədəbiyyat, mədəniyyət, incəsənət, sənətkarlıq, xalçaçılıq, musiqi və xalqlarımızı bir-birinə bağlayan digər tellər də inkişaf etməkdədir. Hər iki ölkənin bu sahələrdəki nümayəndələri tez-tez qarşılıqlı səfərlər edir, birgə mənəvi dəyərlərə söykənən əlaqələrə öz töhfələrini verir və yeni-yeni mədəniyyət nümunələri yaradırlar. Bu nümunələr əlaqələrimizin dünənindən bu gününə gələn yola işıq salır, bu gündən sabaha aparan yolun müəyyənləşməsinə öz töhfələrini verir. Təbii ki, mədəni münasibətlər dövlətlərarası əlaqələrdə çox vacib bir həlqə təşkil edir. Azərbaycanla – İran əlaqələrinin bu məqamı da nümunə ola biləcək səviyyədədir. Bu özünü rəsmi dəvətlərdə, görüş və danışıqlarda xüsusilə nəzərə çarpdırır. Bunu həm də İran İslam Respublikasında səfərdə olarkən nümayəndə heyətimizin hər bir üzvü müşahidə edə bilirdi.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində – Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran İslam Respublikası arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.
2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib.
Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir.
Ümumiyyətlə, keçirilən bütün görüşlər və danışıqlar onu deməyə əsas verir ki, Azərbaycanla İran arasında tarixi köklərlə biri-birinə bağlı olan əlaqələr gündən-günə inkişaf etməkdədir və ölkə başçılarımızın səyi ilə bu əlaqələr daha genişmiqyaslı xarakter almaqdadır.
Bu hadisə Azərbaycan-İran münasibətlərinin perspektivi ilə bağlı xoş əhvali-ruhiyyə bəxş etməklə bərabər, həm də belə bir inam yaradır ki, ölkələrimiz arasındakı tarixi köklərlə biri-birinə bağlı olan əlaqələr bundan sonra daha da inkişaf edəcək, müasir mərhələdə qonşu, dost və qardaş münasibətlərin nümunəsinə çevriləcək.