Almaniya neytrallıq nümayiş etdirir

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin formalaşmasında və inkişafında iqtisadi sahə hər zaman mühüm rol oynayıb. Bunu nümayəndə heyətini qəbul edərkən Prezident cənab İlham Əliyev də öz çıxışında vurğulayıb. Həmçinin cənab Prezident İlham Əliyev Almaniyanın Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı məsələlərdə qonşusu Fransadan fərqli olaraq əksər hallarda neytrallıq nümayiş etdirdiyini və bunun ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından mühüm amil olduğunu diqqətə çatdırdı.

Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşündə iqtisadi əməkdaşlıq məsələlərinin də müzakirə olunduğunu qeyd etdi və Kansler Olaf Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini də vurğuladı. Cənab Prezident Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib.
Bu gün ikili standartların tətbiqi bəzi böyük dövlətlər, həmçinin Avropa İttifaqı üçün adi hala çevrilib. Prezident İlham Əliyev beynəlxalq institutların və bəzi dövlətlərin ikili standartlarına kəskin etirazını bildirərək deyib: “İndi biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq. Biz Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılırıq. Ukraynanı götürək, Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Almaniya və digər ölkələr Ukraynaya silahlar göndərir. Siz hamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. Bəs bizim ərazi bütövlüyümüz?! Məgər bu məsələ Ukrayna məsələsindən daha az önəmlidir? Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük.”

Prezident İlham Əliyev Avropa Şurasında Azərbaycanla bağlı qərara da etiraz edərək bunun əslində Avropa Şurasının özünə ziyan gətirdiyini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Avropa Şurasında olan cəmi iki qeyri-xristian ölkəsindən birinə qarşı yönəlmiş bu qərar tezliklə ləğv olunmalıdır. Əks təqdirdə Azərbaycanın Avropa Şurası üzvlüyündən tam çıxması gündəmə gətiriləcəkdir.

Azərbaycanla əməkdaşlıqda maraqlı olan ölkələr ilk növbədə ikili standartlar siyasətinə son qoymalı və yeni reallıqları qəbul etməlidirlər.