Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrasında özünün aydın ifadəsini tapır. Regional çərçivədə başlanan əməkdaşlıq zaman keçdikcə beynəlxalq miqyas aldı. Bu, ölkəmizin etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyinin möhkəmlənməsindən irəli gəlir. Azərbaycanın yeni neft strategiyasının müəllifi, Ümummilli Lider Heydər Əliyev dünya təcrübəsinə əsasən bu fikri xüsusi qeyd etmişdir ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Ulu Öndər, eyni zamanda, bu tezisi də irəli sürmüşdur ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyə xidmət edən mühüm addımlarındandır. Belə ki, 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirdikdə ölkəmizin uğurla həyata keçirilən enerji layihələrində önəmini aydın şəkildə görmək mümkündür. Bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etdi. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizi layihəsinin təməli qoyuldu. Həmin mərasimdə cənab İlham Əliyev bu mühüm addımı görülən işlərin zirvəsi kimi dəyərləndirdi. Təbii ki, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrilməsəydi, bu gün Cənub Qaz Dəhlizindən danışmaq mümkün deyildi. Azərbaycanın hər layihəni uğurlu sonluqla başa çatdırması ölkəmizin malik olduğu potensialın təqdimatında əhəmiyyətli rol oynayır. Keçirilən Neft-Qaz Sərgiləri, enerji samitləri, həmçinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 2015-ci ildən etibarən hər il ənənəvi olaraq baş tutan nazirlərin toplantısı ölkəmizin enerji sektorunda əldə etdiyi uğurların geniş təhlilinə imkanlar yaradır. Toplantılar çərçivəsində dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər bir daha Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan roluna aydınlıq gətirir.
Dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycanın keçdiyi inkişaf yolunun və onların fonunda qarşıda dayanan hədəflərin təqdimatıdır. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində martın 1-də Bakıda öz işinə başlayan nazirlərin 10-cu toplantısında Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olundu. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak etdilər. Toplantının açılış mərasimindən sonra davam etdirilən sessiyaların mövzularına diqqət yetirmək kifayətdir ki, hazırkı dövrün əsas çağırışları barədə aydın təsəvvür yaransın. “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpaolunan enerjinin imkanlarından istifadə” mövzuları ətrafında aparılan müzakirələrdə Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29-un ölkəmiz üçün əhəmiyyəti xüsusi qeyd edildi. Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası və “Dənizdə külək enerjisindən istifadənin inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçirildi. Qeyd etdiyimiz kimi, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən hər il keçirilir və bu il tədbirin 10 ili tamam olur.
Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlığa, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri – bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir. Dövlət başçısı İlham Əliyev toplantıdakı çıxışında bildirdi ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Sözümüz imzamız qədər dəyərlidir. Belə bir əminlik də ifadə olundu ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcək. Çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur. Azərbaycanın mövqeyi hər zaman ardıcıl olub. Enerji təhlükəsizliyini hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik. Şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gündə belədir. Şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir.
Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır. Prezident İlham Əliyev toplantıdakı çıxışında onu da qeyd etdi ki, Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Azərbaycan zəngin bərpaolunan enerji ehtiyatlarına malikdir. Azərbaycan “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzərdə tutur.
Hər dövrün öz çağırışı vardır. Müstəqilliyimizin bərpasından ötən 33 ilə yaxın dövrün təhlili fonunda Azərbaycanın hər bir çağırışı yüksək səviyyədə cavablandırdığı diqqətdən kənarda qalmır. Tarixən neft ölkəsi olan Azərbaycan bu gün bərpaolunan enerji mənbələri ilə diqqətdədir. Cənab İlham Əliyev toplantıda diqqəti Azərbaycanın COP29-a ev sahibliyinə yönəldərək bu mühüm məqamı vurğuladı ki, yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Neftimizin olması ən böyük nöqsanımız hesab olunmuşdur. Bizə hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər: “Gəlin, bu məsələyə başqa bir bucaq altında baxaq. Bəli, bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik. Bizim bütün ehtiyatlarımız təsdiq edilib və hər kəs bunu bilir. Lakin iqlim dəyişikliyi ilə bağlı olan bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir”.
Qarşılıqlı etimadın, həmrəyliyin günbəgün artması qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Toplantıda Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsi geniş müzakirə olundu. Bu mühüm addım, eyni zamanda, digər hər hansı qaz layihələri elə icra edilməlidir ki, ekoloji tarazlığın təmin olunmasına ziyan dəyməsin. Bu, Azərbaycanın ciddi niyyətini, siyasətini və səylərini nümayiş etdirir. Bərpaolunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq. Bu da Cənub Qaz Dəhlizinə əlavə bir töhfə olacaq. Cənub Qaz Dəhlizi layihəsi həqiqətən də uğur hekayəsidir.