İyirmi ildən çoxdur ki,Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir

Dövlət başçısı İlham Əliyev andiçmə mərasimindəki nitqində son 20 ildə verilən hər bir vədin reallıqda öz əksini tapdığını əsaslı şəkildə qeyd edərək qarşıdakı yeni dövrün hədəflərini açıqladı

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ilə yeni dövr başladı. 7 fevral 2024-cü ildə keçirilən prezident seçkiləri yeni dövrün başlanğıcı oldu. Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyev xalqın 92,12 faiz səsini toplayaraq Prezident seçildi. Konstitusiya Məhkəməsi 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar prezident seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etdi.

Dövlət başçısı İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimi dünənimizə, bugünümüzə baxış əsasında qarşıdakı dövrün hədəflərinin təqdimatı oldu. Reallıq budur ki, Azərbaycan son 20 ildə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində sözünün imzası qədər dəyərli olduğunu bir daha təsdiqlədi. “2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, çətinliklər də, problemlər də oldu. Ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi.

Son 20 ildə verilən bütün vədlər yerinə yetirildi. Təbii ki, əsas hədəf ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması idi. Dövlət başçısı İlham Əliyev daim bu əminliyi ifadə edirdi ki, işğal altında olan torpaqlarımız azad olunacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq. Bu hədəfə nail olmaq üçün Azərbaycanın hər bir sahədə güclənməsi, qüdrətlənməsi vacib amillərdən biri idi. Hər zaman qeyd etdiyimiz kimi, cənab İlham Əliyevin 20 ildən artıq Prezidentlik dövrünün 17 ili məhz işğal altında olan torpaqlarımızın azad edilməsi işinə yönəldi. Azərbaycan daha da gücləndi, iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirdi, ordumuz Qələbəyə tam hazır oldu. 44 günlük İkinci Qarabağ müharibəsi keçilən yolun təqdimatı oldu. İkinci Qarabağ müharibəsinin baş verməsini şərtləndirən amillər məlumdur. Cənab İlham Əliyev andiçmə mərasimində bir daha diqqəti bu amillərə yönəldərək bildirdi ki, İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı. Belə hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.

44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin uzun illər ərzində yaratdıqları bu mifləri tamamilə dağıtdı. Dünya gördü ki, ən güclü ordu Azərbaycan Ordusu, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. Xalqımız öz tarixinə, torpaqlarına sahib çıxan xalqdır. Tarixi Zəfərimizdən sonrakı dövrün reallıqlarına nəzər salsaq görərik ki, dövlət başçısı İlham Əliyevin tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti nəticəsində zəfərlərimizin miqyası daha da genişləndi, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu.

Dövlət başçısı nitqində bu reallığı xüsusi qeyd etdi ki, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır. Xalqımızın Prezidentinə inamı və onun vahid amal ətrafında birləşmə bacarığı uğurlarımızın mənbəyidir.

Dünya 44 günlük İkinci Qarabağ müharibəsində xalqımızın birliyinin, həmrəyliyinin şahidinə çevrildi. Harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək hədəfə- torpaqlarımızın işğaldan azad edilməsinə nail oldu. “Dəmir yumruq” gücümüzün, birliyimizin nümayişi oldu. Cənab İlham Əliyev bu çağırışı etdi ki, milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır: “Əlbəttə, bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu demək olar ki, gündəlik həyatda görürük. Bizim işimizə kölgə salmaq, bizi diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq – biz bütün bunları gündəlik həyatda görürük, Azərbaycan xalqı görür və bundan hiddətlənir.”

Zəfərlərimizdən bəhs edərkən gənc nəslin Vətən, torpaq sevgisini də xüsusi qeyd etməliyik. Prezident İlham Əliyev andiçmə mərasimində bu məqamı da xüsusi qeyd edərək “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun” çağırışını diqqətə çatdırdı. Bu gün qürurla qeyd edirik ki, 30 ilin əziyyəti, ümidsizliyi, əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik və «Artıq yetər» deyib torpaqlarımızın işğaldan azad edilməsi uğrunda silaha sarıldıq. Müzəffər Ali Baş Komandan İlham Əliyev nəyi, necə və nə vaxt etmək lazımdır bilir və bunu atdığı addımlar təsdiqləyir. Ölkə Prezidenti bildirdi ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da.

44 günlük İkinci Qarabağ müharibəsində gənclərimizin göstərdiyi şücaət bir vətənpərvərlik məktəbidir. Bu məktəbi öyrənmək, şahidlərimizin xatirəsinə hörmətlə, qazilərimizə diqqət və qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq.

Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdır. İşğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. Ötən ilin 20 sentyabr tarixində suverenliyimizin bərpasından keçən qısa müddət ərzində Xankəndidə, Xocalıda görülən işlərin miqyasının təqdimatı bu il soydaşlarımızın bu məkanlara qayıdışının hədəflənməsidir. Hər bir vədin əməli işdə öz təsdiqini tapması yeni-yeni hədəflərə yol açır. İşğaldan azad edilmiş ərazilərimiz Azərbatcanın təkmil şəhərsalma təcrübəsini dünyaya təqdim edir. Bu gün Azərbaycan bütün sahələrdə davamlı inkişafı ilə diqqətdədir. 20 ilin uğurlarının hesabatı olan 7 fevral prezident seçkilərindən sonra başlanan yeni dovrün təbii ki, yeni hədəfləri olmalıdır. Dövlət başçısı hərbi qüdrətimizin gücləndirilməsinin prioritet məsələ olduğunu xüsusi vurğuladı. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür. Cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir. Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb. Yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir: “Biz elə Ordu yaratmışıq ki, – bundan sonra da bu işlər davam edəcək, – heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz.”

Yeni dövrün qalib Prezidenti andiçmə mərasimində Xankəndi şəhərində səsverməsini şərtləndirən amillərə də diqqəti yönəltdi. “Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, Xankəndidə səs verdiyi binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyi binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi. Ona görə məhz orada otuz il tarixi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər. Müzəffər Ali Baş Komandan böyük qürur hissi ilə bəyan etdi: “Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.”

Qalib Prezidentimiz yeni dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil olduğumuzu önə çəkərək yeni hədəflərə zamanında nail olacağımıza əminliyini ifadə etdi. Güclü Azərbaycan həmişə hədəfimiz olub. Bu reallıq inkaredilməzdir ki, əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.

Qalib Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir. 20 ilin reallıqları bu inama böyük əsas verir. Sözümüz imzamızdır. Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, dünya birliyinin fəal üzvü kimi söz sahibliyini daha da möhkəmləndirir. Qarşıda dayanan yeni çağırışlar, eyni zamanda, böyük ailə olan türk dünyasının birliyinin daha da möhkəmləndirilməsini bir tələb kimi qarşıya qoyur.