Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır

“Bu gün ölkəmizdə dünya səviyyəli tədbirlərin keçirilməsi ənənə halını alıb. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər həm mahiyyət, həm də müzakirə olunan mövzuların aktuallığı  baxımından diqqətdə olur. COP 29 beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsinə dair qərarın verilməsi mühüm tarixi hadisədir. Nəzərə alsaq ki, belə bir mötəbər tədbirin Azərbaycana həvalə edilməsi yekdil qərarla təsdiqlənib.  Bu tədbirin əsas əhəmiyyəti ondadır ki, bu qərar antiterror tədbirlərdən iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz etimadını ifadə etmişdir.”

Son 4 il ərzində ölkəmizin BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik etməsi dövlətimizin böyük etimad qazanmasını şərtləndirib. Bu gün yüzdən çox ölkənin etimadını qazanmaq indiki dünya şərtləri çərçivəsində çox çətindir. Hazırda Avropada enerjiyə yaranan ciddi tələbat fonunda Azərbaycan beynəlxalq layihələrinin əhatəsini genişləndirir, resurslarını artırır və daha da önə çıxır. Bu isə ölkəmizin beynəlxalq nüfuzunu artıraraq dünyada söz sahibi olmasına səbəb olur.  Son illər Azərbaycan yaşıl və daha dayanıqlı enerji landşaftına keçiddə nəzərə çarpacaq irəliləyişlər əldə edib. Ölkə beynəlxalq sərmayə və əməkdaşlıq üçün mərkəzə çevrilməklə yanaşı, təmiz enerji layihələrində də əsas oyunçu kimi mövqeyini möhkəmləndirib. Qlobal miqyasda ekoloji cəhətdən təmiz enerji istiqamətində Azərbaycanın uzaqgörən addımları onun enerji portfelinin şaxələndirilməsi, karbon emissiyalarının azaldılması və ekoloji cəhətdən təmiz texnologiyaların istifadəsi yönündə düşünülmüş səylərinin göstəricisidir.
Cənubi Qafqazda yaranmış yeni reallığın müəllifi, məhz, Azərbaycandır. Hətta, tarixi Zəfərimizi hələ də həzm edə bilməyən və ya, onu qısqanclıqla qarşılayan məlum dairələr belə, bu gerçəkliyi etiraf etmək məcburiyyətindədirlər. Çünki Azərbaycan öz haqqını və tarixi ədaləti beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, BMT Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun şəkildə həyata keçirib. İstər 44 günlük Vətən müharibəsində, istərsə də, birgünlük antiterror tədbirləri çərçivəsində Azərbaycan beynəlxalq hüququn tələblərindən kənara çıxmadı. Bunu ölkəmizə qarşı qərəzli münasibət bəsləyən qurumlar çox yaxşı bilirlər. Antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür.
Ölkəmizə  qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir.  Prezident İlham Əliyev cari ilin 15 dekabr tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP 29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə səsləndirdiyi fikirlər bu mənada xüsusilə diqqət çəkir: “Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar.”
Uğurla həyata keçirilən enerji siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Hazırda  ölkəmizin uğurlu enerji siyasəti   Azərbaycanın hüdudlarından kənara çıxmışdır. Regional çərçivədə başlayan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Bu gün yaşıl enerji növlərinin yaradılması və dünya bazarlarına nəqli bizim enerji siyasətimizin prioritetidir. Hazırda   Azərbaycanın Bərpaolunan enerji sahəsində nəhəng potensialı vardır.
Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya, külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq, 170 meqavat gücündə olan hidroelektrik stansiyaları istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Dövlət başçısının qeyd etdiyi kimi, planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdən ibarətdir. Azərbaycanın vaxtilə çoxlarına əfsanə kimi görünən layihələrin gerçəkləşdirilməsinə nail olması bugünkü  uğurlara yol açdı. Hazırda Azərbaycan “yaşıl enerji” ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır.