Xalqı birləşdirən Zəfər

 

2020-ci il dekabrın 10-da Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradının keçirilməsi Azərbaycanın şanlı Qələbəsinin növbəti əzəmətli və təntənəli nümayişi idi. Bakı şəhərində keçirilən Zəfər paradı təkcə Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün mühüm hadisə oldu.

Azərbaycan Prezidentinin və Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək verən qardaş Türkiyə Prezidentinin hərbi paradda iştirak etmələri qururverici hadisə kimi Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm edirdi. Prezident İlham Əliyev tədbirdəki çıxışında Zəfərin qürurunu və sevincini Azərbaycan xalqı ilə bölüşdü. Dövlətimizin başçısı əsgər və zabitlərimizin böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdiklərini bildirdi.

Azadlıq meydanında bir çox parad keçirilib, amma Zəfər paradı tarixi, siyasi, mənəvi əhəmiyyətinə görə unikal və bənzərsizliyi ilə fərqlənir. “Prezident İlham Əliyev paradların birində demişdi ki, gün gələcək, işğaldan azad edilmiş torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradına işğaldan azad edilmiş ərazilərimizdə qürurla və əzəmətlə dalğalandırılan üçrəngli bayrağımız gətirildi. Bu, xalqımızın sonsuz qürur və iftixar mənbəyi kimi dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk olunan müstəsna hadisədir”.

Zəfər paradı, həmçinin bir millətin iki dövləti olan Azərbaycan ilə Türkiyənin dostluğunun, qardaşlığının və strateji tərəfdaşlığının rəmzlərindən birinə çevrildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. “Bir millət, iki dövlət” olan qardaş ölkələr yan-yana, çiyin-çiyinə qürurla möhtəşəm qələbə sədaları altında addımladılar. Zəfər paradı həm də Azərbaycan-Türkiyə qardaşlığının dünyaya yeni bir təqdimatı oldu.

“Bütövlükdə, Zəfər paradı ölkəmizin gücünü-qüdrətini, şanlı Qələbəsini nümayiş etdirməklə yanaşı, bir daha Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev isə Azərbaycan xalqına Qələbə və Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan və yenilməz Sərkərdə kimi növbəti dəfə şanlı tarix yazdı”.