Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır

20 noyabr tarixi… Azərbaycan xalqının qan yaddaşında həm kədərli-üzücü, həm də sevincli-qürurverici bir təqvim kimi həkk olmuşdur. 1991-ci il noyabrın 20-də Ağdam yaxınlığındakı Qarakənd səmasında “Mi-8” hərbi vertolyotunun ermənilər tərəfindən vurulmasından 30 il sonra Qarabağın qədim şəhəri olan Ağdamın düşmən işğalından azad olunmasının  ildönümünü qeyd edirik. Ağdamın düşməndən xilası tarixi ədalətin bərqərar olduğunun təcəssümüdür. Erməni vandallarının terroruna məruz qalan bu gözəl mədəniyyət şəhəri indi rahat nəfəs alır. Çünki adı dillər əzbəri olan Ağdam öz doğma sakinlərini bağrına basır.Sən azadsan doğma şəhər. Bundan sonra əvvəlki şöhrətin özünə qayıdacaq və sən əbədiyyən güləcəksən.

10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları atəşkəsə dair bəyanat imzalanıb. Kapitulyasiyanın şərtlərinə görə, noyabrın 20-də Ağdam rayonu geri qaytarılıb. Bunun üçün hər bir azərbaycanlı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Rəşadətli Azərbaycan Ordusuna minnətdardır. Müzəffər Ali Baş Komandan və onun əmrini canla–başla yerinə yetirən igid oğullarımızın – əsgər və zabitlərimizin, şirin canlarından keçən şəhidlərimizin, cəsur qazilərimizin hünəri, rəşadəti sayəsində üzümüz güldü, qamətimiz dikəldi. İndi azad Qarabağımızın digər bölgələri kimi, Ağdamda da abadlıq–quruculuq işləri gedir. Doğrudur, erməni vandalları şəhərdə yerləşən tarixi binaları, memarlıq abidələrini söküb, dağıdıb, daşıyıb aparıblar. Sanki bu şəhərdə heç yaşayış olmayıbmış kimi darmadağın etmişdilər.

2021-ci ilin may ayının 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Ağdam şəhərinin Baş Planı təqdim olunub.  Ağdamın əhalisi 100 min nəfər təşkil edəcək ki, bu da, Ağdamı Qarabağın ən böyük şəhəri olmaqla, Azərbaycanın 6-cı ən meqa yaşayış məskəni edəcək.Əhalinin 70%-i çoxmənzilli binalarda, 30% -i fərdi evlərdə yaşayacaq. Şəhərdə 1750 fərdi yaşayış binası olmaqla yanaşı, çoxmənzilli binalarda 23 min mənzilin olması nəzərdə tutulub.Şəhər ərazisinin 23% -i meşə və park zonalarından (yaşıl zona) ibarət olacaqdır. Ağdamda əlavə (125 ha) meşə zolağı da salınacaq. Məşğulluğun davamlılığını təmin etmək üçün şəhərin yaxınlığında bir sənaye sahəsi (sənaye parkları) inşa ediləcək. Şəhərdə süni gölün yaradılması da planlaşdırılır. Həmçinin, şəhərdən 2 kanal keçəcək və bu kanalların üzərində keçid üçün körpülər inşa ediləcək. Müasir Ağdam tarixi mərkəz, inzibati, yaşayış, yaşıl və sənaye/kənd təsərrüfatı zonalarına bölünəcək.  Tarixi mərkəz əsasən “İmarət” saray kompleksini, Qarabağ xanlarının məqbərəsini, Şahbulaq qalasını və yeni məscidi əhatə edəcəkdir. Mərkəz Qarabağ şəhərlərinin ənənəvi memarlığına uyğun olaraq inşa ediləcək.Ağdam şəhərinin yeni Baş Planı fantastikdir.Bu şəhərdə yaşamaq təkcə ağdamlıların deyil, hər kəsin arzusudur.

Ağdam Azərbaycanın ən qədim şəhərlərindən biridir. 30 ilə yaxın mənfur düşmən işğalı altında qalan bu şəhər yer üzündən tamailə silinib.Lakin qüdrətli  dövlətimiz yenidən bu şəhəri bərpa edib əvvəlkindən də gözəl şəhər salacaq.Yenidən qədim musiqimiz Ağdamda səslənəcək, müqəddəs azan çağırışı ağdamlıların qəlbini riqqətə gətirəcəkdir. Dünyada yaşayan bütün azərbaycanlılar torpaqlarımızın işğaldan azad olunmasını böyük qürur hissi ilə qeyd edir. Düşməndən qurtuluşun mübarək qədim şəhər, xan yurdu Ağdam!