İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi

Xalqımız 200 ildən də çoxdur ki, bu Qələbənin həsrətində idi. Nəhayət, zaman gəldi, qadir dövlət başçısı, nəyi, nə vaxt, harada edəcəyini dəqiq bilən ağıllı və tədbirli sərkərdə yetişdi, güclü ordumuz formalaşdı, xalqımız heç vaxt olmadığı kimi birləşdi. Bunların nəticəsində 3 il əvvəl Azərbaycan Ordusu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “İrəli!” komandasından sonra Ermənistan silahlı qüvvələrini cəmi 44 gün ərzində darmadağın edib diz çökdürdü.

Bu gün gözlər Qarabağın baş şəhəri Xankəndiyə dikilib. Burada ilk dəfə elə böyük bayram təntənəsi düzənlənib ki, baxdıqca qürur hissi keçiririk, ürəyimiz köksümüzə sığmır. Bəs necə, bu Zəfərin qazanılması üçün 35 il olmazın əziyyətlər çəkmişik, minlərlə oğul və qızlarımız igidliklə vuruşaraq şəhid olublar, yaralanıb şikəst olublar. Namərd düşmənimiz Qarabağı özü boyda xarabazara çevirib. Ancaq min şükür ki, bütün müsibətlərimizə, həsrət və məhrumiyyətlərimizə baxmayaraq, sonu ümumxalq bayramına çevrildi.

Bu gün Xankəndi küçələrində qalib Azərbaycan əsgəri addımlayır,  şəhəri öz əli ilə tikən babamız İbrahim xanın ruhu şaddır. Onun vəziri Molla Pənah Vaqif bu günü görsəydi, şübhəsiz ki, inci misraları ilə vəsf edərdi.

Müxtəlif növlü nizami qoşun hissələrimizin hərbi Paradına baxmaq hər birimiz üçün sözlə ifadə olunmayacaq qədər şirin və qürurvericidir.

Bayram Paradına tamaşa edən şəhid anaları daha göz yaşı tökmür, əksinə, sevinir, ümumxalq şənliyinə qoşulur, Vətən üçün böyütdükləri

Oğulları ilə fəxr edirlər. Əlbəttə, bu bayram ən çox elə onların haqqıdır. Bu torpağı qanı ilə suvarıb onu Vətən edən də böyüdüb tərbiyə etdikləri oğullardır. Döyüşənlərimiz dünyaya göstərdilər ki, bu Vətən bizimdir, onun uğrunda ölməyə hazırıq, son damla qanımıza qədər vuruşuruq, ölümümzlə dirilirik. Bizə bayram yaraşır.

Bayramın mübarək Azərbaycan!