Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsinin 2021-ci il iyunun 15-də imzalanması

Türkiyə və Azərbaycan arasında münasibətlərin rəsmi şəkildə strateji müttəfiqlik səviyyəsinə qaldırılmasını nəzərdə tutan Şuşa Bəyannaməsi  həriki qardaş ölkənin təhlükəsizliyi üçün çox önəmli bir sənəddir. Bəyannamədə Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizinin, Naxçıvan-Qars dəmir yolunun açılması da nəzərdə tutulur. Təbii ki,  Azərbaycanla Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması ilə bağlı əks olunan məsələlər isə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına zəmin yaratmaq baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanla Türkiyəni birləşdirən bu dəhliz türk dövlətlərinə böyük üstünlük qazandıracaq. İki qardaş ölkə arasında məsafə də yaxınlaşacaq, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunması və inkişaf etdirilməsi, yeraltı zənginliklərin türk dünyasından keçməsi, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı hər iki ölkənin həm siyasi, həm də iqtisadi qüdrətini artıracaq. Bu da yalnız iki türk dövlətinə deyil, digər türk dövlətlərinə, eləcə də dünyaya əhəmiyyətli loqistik dəstək vermiş olacaq.

Bir çox yerli və beynəlxalq araşdırmaçıların qənaətinə görə, Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə çox mühüm inkişafa səbəb olmaqla bərabər, regiona inkişaf və sabitlik gətirəcək. Bəyannamədə diqqəti çəkən digər vacib məqamlardan biri də hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Sənəddə qeyd edilir: «Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.»

Qeyd edək ki, iki dövlətin birgə ordu qüvvələri böyük hərbi güc deməkdir və hazırda bu möhtəşəm güclə hesablaşırlar. Təbii ki, burada söhbət yalnız  işğalçı Ermənistanın cilovlanmasından deyil, həm də əsrlərdir erməni məsələsi adı altında bölgədə öz çirkin dövlət maraqlarını reallaşdıran kənar oyunçulara da hədlərini bildirməkdən gedir.

Strateji müttəfiq olan iki qardaş ölkə həm də öz Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi ilə bağlı da razılığa gəliblər. Hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin həyata keçirilməsinə dair razılıq əldə olunması Azərbaycan və Türkiyə arasında münasibətlərin  necə sıx və prinsipial olduğunun göstəricisidir. Bəli, Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti olduqca böyükdür və Bəyannamənin məhz Şuşada imzalanması ilə rəsmi Bakı öz qələbəsini bir daha təsdiqlədi, revanşistlərə konkret mesaj verdi ki, yenidən hansısa çirkin niyyətlərə düşsələr, daha böyük bir ordu ilə  üz-üzə qalacaqlar.

Burada bir məqama da diqqət yetirmək lazım gəlir ki, NATO ölkəsi olan qardaş Türkiyənin hərbi bazasının Azərbaycanda yaradılması planı digər qonşu ölkələri qıcıqlandırsa da onlar bu güclə hesablaşmaq məcburiyyətindədirlər. Çünki əvvəla bu hərbi müttəfiqlik hər hansı ölkəyə ərazi iddiası üçün yaradılmayıb. Əksinə, regiondakı təcavüzkarları cilovlamaq və bölgəyə sülh, əmin-aəmanlıq gətirmək məqsədi ilə reallaşıb. Son olaraq qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsi iki ölkə rəhbərinin  yalnız taktiki gedişi deyil, həm də dərin strateji düşüncələrinin məhsuludur.