Füzulinin yeni siması göz oxşayır

Vətən müharibəsinin 21-ci günü – 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı.  Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi “Füzuli Şəhəri Günü” kimi qeyd olunur.

Vətən müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ilk səfərləri də məhz ilk şəhid verdiyimiz torpaqlara oldu. Dövlət başçısı 2020-ci il noyabrın 16-da Füzuli şəhərində Azərbaycan Bayrağını qaldırdı. Prezident həmin gün Füzuli-Şuşa avtomobil yolunun təməlini qoydu. Ölkə rəhbəri işğaldan azad edilmiş digər rayonlar kimi, Füzuliyə də dəfələrlə səfər edib, təməlqoyma və açılış mərasimlərində iştirak edib. 2021-ci ilin yanvar ayında Füzuliyə növbəti səfərində Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrliyində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli Beynəlxalq Hava Limanının təməllərini qoyub. 

Füzuli Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərimizdəki ilk hava limanı kimi əhəmiyyəti olduqca böyükdür. Bu hava limanı işğaldan azad olunmuş ərazilərimizlə əlaqələrin intensiv və rahat qurulmasında mühüm rol oynamaqdadır. Dövlət başçısı da hava limanının təməlqoyma mərasimində çıxışında qeyd etmişdi ki, bu layihə azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmlidir. Füzuli Beynəlxalq Hava Limanı qısa bir zamanda, hətta deyiləndən daha tez – 8 ay ərzində tikildi. Beləliklə, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər. Hava limanının açılması ilk növbədə turizmin inkişafına hesablanıb. Qarabağ və Şərqi Zəngəzurda istifadəyə verilmiş və veriləcək hava limanları gələcəkdə bu bölgəyə turist axınında müstəsna rol oynayacaq. Füzuli aeroportu mədəniyyət paytaxtımız Şuşaya gediş-gəlişi də asanlaşdırır.  Məhz işğaldan azad edilmiş ərazilərdə sənaye potensialını nəzərə alsaq, Füzulidə açılan hava limanı həm də Qarabağda istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından olduqca vacibdir.

Füzulinin işğaldan azad olunmasından sonra Prezident İlham Əliyev dəfələrlə buraya səfər edib. Dövlət başçısının işğaldan azad olunmuş Füzulinin birinci ili ərəfəsində rayonda Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in, “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin, Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməli qoyuldu. Ötən ilin may ayında Füzuliyə səfər edən dövlət başçısı və birinci xanım Füzuli şəhərində inşa olunacaq peşə liseyinin, Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimlərində iştirak etdilər. Eyni zamanda şəhərdə yeni yaradılacaq mərkəzi park kompleksinin ərazisində ağac əkdilər.

Vətən müharibəsinin ikinci anım ilində dövlət başçısı Füzuliyə yenidən səfər edərək rayonun Qaraxanbəyli kəndində 27 sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoydu. Vətən müharibəsi şəhidlərinin xatirəsini birdəqiqəlik sükutla yad edən Prezident abidə önündə çıxış edərək bildirdi ki, şəhidlərimizin şərəfinə bu abidə – bu qaya parçası burada, Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılıb. 

Bu ilin may ayında Qarabağ və Şərqi Zəngəzura səfəri zamanı da Prezident İlham Əliyev Füzuli rayonunda bir sıra tədbirlərdə iştirak etdi. Dövlət başçısı rayonun Pirəhmədli, Dədəli  kəndlərinin, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin və içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoydu. Bununla yanaşı, Füzuli-Hadrut avtomobil yolunun, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin, Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışı baş tutdu. Prezident İlham Əliyev, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli yaşayış kompleksində görülən inşaat işlərinin, eyni zamanda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanış oldu. Çox keçmədən avqust ayında isə bu məktəbin açılışı baş tutdu. Azərbaycanda səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli rayonunda Prezident İlham Əliyevlə birgə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdilər.
Dövlət başçıları və xanımları, həmçinin Füzuli şəhərinə yeni köçürülmüş sakinlərlə görüşdülər. Bundan başqa, ölkə başçısına Füzuli şəhərinin Baş planı təqdim olundu. 

İşğaldan azad olunmasının üçüncü ildönümü ərəfəsində Prezident İlham Əliyev yolunu Qarabağın qədim yurdu Füzulidən saldı. Dövlət başçısı bu dəfə də bir sıra təməlqoyma mərasimlərində iştirak etdi. Dövlətimizin başçısı bu il oktyabrın 15-də Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış oldu. 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən bu avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yolboyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.

Dövlətimizin başçısı oktyabrın 16-da rayonun Cuvarlı, Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində idman kompleksinin,  yeni yaşayış məhəllələrinin, 240 yerlik uşaq bağçasının,  inzibati binanın təməlini qoydu. Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüş zamanı söylədi ki, Füzuli indi tamamilə yenidən qurulur: “Yəni, aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. Mənə dünən məlumat verildi ki, 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Yəni, bu, belə demək mümkündürsə, ən minimal göstəricidir. Mən əminəm ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq, çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər.”

Bəli, bu gün Füzuli öz tarixinin ən parlaq və qürurverici günlərinə şahidlik edir. Artıq işğaldan azad edilmiş digər bölgələrdə  olduğu kimi, Füzulidə də vətəndaşlarımızın layiqli yaşayışı təmin olunur.

Dövlətimizin başçısı sözügedən görüş zamanı Füzuli də açılacaq iş yerlərindən söz açdı: “İndi isə qalıb ki, insanlar burada rahat yaşasınlar. Onu da bildirməliyəm ki, biz bütün layihələri icra edərkən, o cümlədən məşğulluq məsələlərinə də böyük diqqət yetiririk. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun. Şəhərin özünəməxsus məşğulluq imkanları var. Əlbəttə ki, kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar, ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən onlara kömək göstərəcək – texnika ilə, mal-qara ilə, bütün lazımi vasitələri onlara təqdim etməklə. Özünüməşğulluq proqramı icra ediləcək ki, burada həyat qaynasın. Əminəm ki, müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək. Çünki bizim iqtisadiyyatımızın, bax, buradan qalxması ümumi inkişafa da böyük töhfə olacaqdır.”