Füzuli rayonunun yeni inkişaf dövrü

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağ və Şərqi Zəngəzurda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.

Prezident, Ali Baş Komandan İlham Əliyev tarixi Qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalayıb. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Yəni, Füzuli Şəhəri Günüdür, bu şərəfli tarixi Azərbaycan xalqı qürurla, böyük sevinclə qeyd edir. Məhz 17 oktyabr 2020-ci il tarixində Prezident İlham Əliyev xalqımızı təbrik edərək Füzuli şəhərinin erməni işğalçılarından azad edilməsi müjdəsini verib.  Xalqa həmin tarixi müraciətində Ali Baş Komandan bildirib ki, bu gün tarixi bir gündür, 17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Budur, biz artıq 17 oktyabr tarixini Füzuli Şəhəri Günü kimi qeyd edirik.

1386 km² ərazisi olan Füzuli rayonu işğaldan öncə 140 min nəfərdən çox əhalisi ilə ölkəmizin ən qədim yaşayış məntəqələrindən biri idi. Bu rayonumuz əvvəllər Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryaginin adı dəyişərək Füzuli rayonu olub. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşüb.

1994-cü ilin yanvar ayında, atəşkəsə dair Bişkek protokolu imzalanmamışdan əvvəl, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Füzuli rayonun 22 yaşayış məntəqəsi, o cümlədən Horadiz qəsəbəsini işğaldan azad edib. Həmin vaxt işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50 faizə qədəri yaşayır.

Zəngin infrastruktura və tarixi abidələrə malik olmuş Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd var idi. Füzuli rayonu tarixi-dini abidələrlə də zəngin idi. Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri Ordumuz tərəfindən azad edildi. Əlbəttə ki, Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı, məharəti və fədakarlığı sayəsində mümkün oldu. 30 il ərzində düşmənin təmas xəttində möhkəm istehkamlar qurmasına baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mümkünsüzü mümkünə çevirdi. Füzulinin azad olunması ordumuzun Zəfər yürüşünə yol açdı və ona əlavə mənəvi güc verdi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 25167 hərbi qulluqçumuz “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub. Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzulidə də sürətli bərpa və quruculuq işləri gedir. Prezident İlham Əliyevin Füzuliyə səfərləri zamanı mühüm strateji obyektlərin təməlləri qoyulub.

Yurdumuzun ən qədim, füsunkar guşələrindən olan doğma Füzuli şəhərinə köç karvanları yola salınır. İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış füzulilərin bir qismi artıq azad, doğma yurda qayıdaraq firəvan həyat yaşayır. Köç Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir.

Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edirlər. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılır. Bu proses qarşıdakı aylarda daha instensiv xarakter alacaq və Böyük Qayıdışa dair I Dövlət Proqramı vaxtında, yüksək səviyyədə icra olunacaq.

Digər işğaldan azad olunmuş rayonlarımıza olduğu kimi, cənab Prezident Füzulinin  bərpa və yenidənqurmasına  böyük diqqət və qayğı göstərir. Ryon işğaldan azad olunduqdan sonra cənab Prezidentin rayona 14 dəfə səfəri zamanı şəhərin Baş planı təsdiq olunub, rayonda çoxsaylı avtomobil yollarının, xəstəxananın, Peşə Liseyinin, “Ağıllı kənd” və çox mənzilli yaşayış məhəlləsinin və digər obyektlərin təməli qoyulub. “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı isə Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artıb.