Fransa 2020-ci ildən başlayaraq bu günə qədər qeyri-konstruktiv və təxribatçı rol oynayır

Dünyada neomüstəmləkəçi, ikiüzlü, irqçi siyasəti ilə tanınan Fransanın İkinci Qarabağ müharibəsində işğalçı Ermənistanı dəstəklənməsi, eləcə rəsmi Parisin postmüharibə dövründə ölkəmizlə bağlı səsləndirdiyi əsassız iddialar onun anti-Azərbaycan siyasətinə dəlalət edir. Təəssüf ki, Fransa hələ də müstəmləkəçilik, riyakarlıq və ikili standartlar siyasətindən əl çəkə bilmir. Ayrı-ayrı dövrlərdə təcavüzkar Ermənistanı dəstəkləyən Fransanın erməni sevdasından əl çəkə bilməməsi səbəbsiz deyil. Belə ki, bu ölkə işğalçı Ermənistan kimi, daim beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirib, başqa xalqlara qarşı soyqırımlar, kütləvi qırğınlar və müharibə cinayətləri törədib. Elə buna görə də Fransa hələ də Ermənistanın Azərbaycanda törətdiyi müharibə cinayətlərinə səssiz qalır, eləcə də bölgədə gərginliyi artırmaq və sülhə mane olmaq siyasətini davam etdirir.

Birmənalı demək olar ki, son iki həftə Cənubi Qafaqzın tarixində hərbi müstəvidə ən sabit dövr kimi qiymətləndirilir. Şübhəsiz, bu sabitlik Azərbaycanın Qarabağda lokal antiterror tədbirləri zamanı mülki əhaliyə zərər yetirmədən, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirməsi və qanunsuz xunta rejiminə son qoyması sayəsində  mümkün olub. Çox təəssüf ki, hərbi müstəvidə yaranmış bu sabitliyə Fransa başda olmaqla bəzi ölkələr və beynəlxalq dairələr diplomatik müstəvidə zərər verəcək addımlar atırlar. Xüsusilə, Fransanın Ermənistana silah-sursat verməsi, bu ölkənin xarici işlər naziri Ketrin Kolonnanın İrəvandakı çıxışı, sentyabrın 11-də Senatdakı çıxışı, ermənilərin Azərbaycana qayıdışına dair BMT-nin Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsi istiqamətində təşəbbüs irəli sürəcəklərini bildirməsi bir daha göstərir ki, rəsmi Paris militarizm siyasəti və pərdəarxası çirkin diplomatik oyunları ilə regionda sülhün bərqərar olmasına imkan verməməyə çalışır. Əlbəttə ki, əsas məqsəd hərbi qarşıdurma və gərginlik fonunda bölgədə möhkəmlənməkdir.

Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşündəki çıxışında bildirib ki, Fransanın rəhbərliyinin 2020-ci ilin bütün dövründən başlayan və indi də davam edən qeyri-konstruktiv və təxribatçı rolunu qeyd etmək lazımdır. Azərbaycanın ünvanına çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantaj heç bir səmərə vermədi. Dövlətimizin başçısı qvurğulayıb ki, Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər: “Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Necə deyərlər, öz gözündə tiri görməyib başqasının gözündə tük axtarmaq lazım deyil. Fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib. Bu, soyqırımıdır. Hələ Fransanın Afrikada, Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlərini demirəm. Fransanın bu gün müstəmləkələr saxlaması da ağlasığmazdır. Azərbaycan və şəxsən mənim tərəfimdən bu məsələ Qoşulmama Hərəkatının sədri kimi dəfələrlə Qoşulmama Hərəkatının sammitlərində qaldırılıb və qanlı müstəmləkə keçmişi olan və hətta bu gün bəzi Afrika ölkələrinin nə qədər səy göstərsələr də, xilas ola bilmədikləri bu ölkə bizi beynəlxalq hüququ pozmaqda ittiham edir. Bu, absurddur”.

Daim militarist, müstəmləkəçi xarakteri ilə tanınan Fransa hazırda Ermənistanı sürətlə silahlandırır, müharibəyə təhrik edir.  Müxtəlif kütləvi informasiya vasitələrinin xəbərlərinə görə, Fransanın mülki təhlükəsizlik əsgərləri artıq Ermənistandadır. Fransa Respublikasının Ermənistandakı səfiri Olivier Decotignynin “X”dəki mikrobloqunda verdiyi məlumata görə, “HOPE FSX2023” aksiyasında iştirak etmək üçün Fransanın 56 mülki təhlükəsizlik işçisi, 2 “Dash” təyyarəsi, 1 mobil idarəetmə postu, 8 ton texnika və 2 xilasedici it Ermənistana gətirilib.

Fransanın xisləti budur. Heç kimə sirr deyil ki, artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olan Fransa Qarabağ münaqişəsində bitərəfliyini pozaraq açıq şəkildə Ermənistanı dəstəkləyib. Bu ölkənin başçısı Emmanuel Makron beynəlxalq hüquqda vasitəçilər üçün müəyyən edilmiş norma və prinsiplərə məhəl qoymayaraq açıq şəkildə ermənipərəstlik edib.

Birmənalı demək olar ki, son zamanlar Fransanın apardığı siyasət Azərbaycanla Ermənistan arasında sülh prosesinə xələl gətirir və regionda davamlı sülhün bərqərar olmasına əngəl törədir. Daha doğrusu, Prezident Emmanuel Makron öz irqçi, təxribatçı və yanlış siyasəti ilə bölgəni qaynar qazana çevirmək istəyir.

Amma Fransa unutmamalıdır ki, artıq dünya birliyi qırx dörd günlük müharibədə Azərbaycanın tarixi Qələbəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul edir. Bu reallıqlardan biri, bəlkə də birincisi bölgədə davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasıdır. Fransadan fərqli olaraq Azərbaycan dövləti regionda sülhün qorunub saxlanması üçün əlindən gələni edir. Başda E. Makron olmaqla rəsmi Parisə xatırlatmaq istərdik ki, irqçi, militarist, isalmofob, Ermənistanın əli ilə Cənubi Qafqaz regionuna soxulmağa cəhd edən Fransa Afrikada, bir az da dəqiq desək Nigerdə və digər ölkələrdə olduğu kimi, bölgəmizdə də fiaskoya uğrayacaq.