Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğunun çox böyük tarixçəsi var

Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir. Bundan əvvəl ötən il oktyabrın 24-də dövlətimizin başçısı Gürcüstanda (Mçxetada) işgüzar səfərdə olub. Şübhəsiz, bu səfər iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə öz növbəti töhfəsini verəcək.

Gürcüstan ölkəmizin  müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Amma o illərdə iki ölkə arasındakı əlaqələr möhkəm deyildi. Azərbaycanda Heydər Əliyevin, Gürcüstanda isə Eduard Şevardnadzenin hakimiyyətə gəlmələrindən sonra bu əlaqələr yeni bir mərhələyə qədəm qoyub. Şübhəsiz, bu məsələdə onların şəxsi dostluqları da önəmli rol oynayıb. Az sonra iki lider şəxsi dostluqlarını Azərbaycan–Gürcüstan dostluğuna çevirməyi bacarıblar.  Məhz bu amil Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələrin daha da inkişafına təkan verib. Üstəlik, 1995-ci ildə Bakıda Gürcüstan səfirliyi, 1996-cı ilin martında isə Tbilisidə Azərbay¬can səfirliyi açılıb. Prezident Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə, 1997-ci ildə Prezident Eduard Şevardnadzenin Bakıya səfəri çərçivəsində imzalanan sənədər iki qardaş ölkə arasındakı münasibətlərə yeni çalarlar əlavə edib. Yeri gəlmişkən qeyd edək ki, bir-birinin ərazi bütövlüklərini tanıyan iki qardaş ölkə müxtəlif beynəlxalq qurumların tədbirlərində bu istiqamətdə həmişə birgə addımlar atıblar.

Gürcüstan ölkəmizdə Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən neft strategiyasına da biganə qalmayıb. Yəni, 1994-cü il sentyabrın 20-də imzalanan Əsrin müqaviləsinə öz töhfəsini verib. Bu mənada ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edib. Bu məqamda bir məsələyə də toxunmaq istərdik. Bakı–Tbilisi –Ceyhan əsas ixrac neft kəmərinin Gürcüstandan keçməsini istəməyən qüvvələr də olub. Amma iki dövlətin dostluğu bu kimi maneələri dəf etməyi bacarıb.  Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, Şevardnadzenin qətiyyəti, cəsarəti sayəsində bu layihə uğurla reallaşıb. Azərbaycanla Gürcüstan arasında bu siyasət sonrakı dövrlərdə də uğurla həyata keçirilib.

Bəli, bu gün Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir və ildən-ilə bu əməkdaşlıq dərinləşməkdədir. Bu mənada demək olar ki, Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim aramızda olan dostluq əlaqələri və bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün də böyük töhfədir. Elə bu kimi səbəblərdən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib ki, Azərbaycan təkcə qonşumuz və dostumuz deyil, həm də mühüm strateji tərəfdaşımızdır.
Qeyd edək ki, indiyədək Azərbaycan Gürcüstana milyardlarla  investisiyalar yatırıb. Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb. 700-dən çox Azərbaycan sərmayəli şirkət, o cümlədən SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. Bunu da xüsusi vurğulamaq lazımdır ki, Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət də SOCAR-dır. Bütün bunlar isə iki dövləti daha sıx birləşdirir.

Prezidenti İlham Əliyev 2023-cü il aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında demişdi: “Gürcüstan ilə Azərbaycan uzun illər bir-biri ilə sıx əlaqədədir, biz dostuq, müttəfiqik, xalqlarımızı qardaşlıq əlaqələri bağlayır. Müzakirə olunan bütün məsələlər bir məqsədi güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq”.
Bəli, Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı qonşuluq strategiyası bu gün Prezident İlham Əliyevin sayəsində Gürcüstan və Azərbaycanın timsalında bir örnəyə çevrilib. Gürcüstanla Azərbaycan münasibətləri Ermənistan üçün örnək olmalıdır. Onu da bildirək ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır.