Zəngəzur beynəlxalq tədbirə ev sahibliyi edir

Qarabağ və Şərqi Zəngəzurda əsaslı quruculuq işləri hazırda tam sürətlə davam edir. Erməni vandalizminin qurbanı olan və 30 il müddətində viran qoyulan Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Bununla paralel olaraq işğaldan azad olunmuş ərazilər minalardan təmizlənir, yeni evlər, sosial obyektlər tikilir, yollar çəkilir, tarixi Azərbaycan torpaqları addım-addım öz əvvəlki dinc həyatına qayıdır. Prezident İlham Əliyevin bu ərazilərdə  açılışında  və təməlqoyma mərasimlərində iştirak etdiyi obyektlərin say tərkibinə diqqət yetirsək hazırda bu işlərin yüksək səviyyədə olduğunu böyük əminliklə qeyd edə bilərik.

Təbii ki, görülən işlərin, həyata keçirilən infrastruktur layihələrinin hamısını sadalamaq mümkün deyil. Tarixi Zəfərimizdən ötən üç ildə azad olunmuş ərazilərimizdə görülən nəzər salsaq görərik ki, bu torpaqlarda çox qısa müddətdə bərpa, yenidənqurma işlərinə sürətlə start verildi, güclü infrastruktur layihələri həyata keçirildi, ən qısa müddətdə dünya standartlarına uyğun Zəfər yolu çəkildi. İndiyədək 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib və 30 kəndin təməli qoyulub. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə ilk olaraq Zəngilanda “ağıllı kənd” layihəsi həyata keçirildi. Qısa müddətdə Qarabağda iki beynəlxalq hava limanının təhvil verilməsi ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunmasından və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsindən  xəbər verir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi cəhətdən quruculuğun təmin edilməsi ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinin inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirilməlidir. Qarabağın və Şərqi Zəngəzurun ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinə inteqrasiyası üçün həmin ərazilərdə kifayət qədər potensial imkanlar mövcuddur.

İşğaldan azad  edilmiş  ərazilərdə  müxtəlif   layihələr  üzrə yolların çəkilməsi,   telekommunikasiya şəbəkələrinin qurulması  və  rabitə xidmətlərinin təşkili üzrə işlər də sürətlə davam edir. Bu ərazilərdə  elektrik enerjisinin təminatı ilə bağlı   lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması və bərpası,  elektrik xətlərinin çəkilişi istiqamətində xeyli işlər görülüb.  Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda yarımstansiyaların tikintisi qısa müddətdə başa çatdırılaraq istifadəyə verilib, digər enerji infrastrukturu obyektlərində bərpa və gücləndirmə işləri davam etdirilir. Həmçinin  işğaldan azad edilmiş  ərazilərdə «Yaşıl enerji» zonasının  tətbiq edilməsinə dair konsepsiya  icra edilir.

Qısa müddətdə bir neçə su elektrik stansiyası bərpa olunaraq istifadəyə verilib. Bəhs olunan ərazilər su ehtiyatları ilə zəngindir. Hazırda bu ehtiyatların səmərəli istifadəsinə hesablanan layihələrin icrası davam etdirilir.  İşğaldan azad olunmuş ərazilərdə qısa müddətdə zəruri infrastruktur quruculuğunun nəticəsidir ki, elə bu günlərdə Xankəndinin də Azərbaycanın elektrik enerjisi sisteminə qoşulması təmin edildi. Hazırda suverenliyimiz təmin olunan Xankəndidə Azərbaycan işığı yanır.

Sürətlə davam edən yenidənqurma işləri, bölgələrimizin ən son texnologiyalarla təchiz edilməsi ölkəmizin gücünü daha da artırır.  Dövlət başçısı  mütəmadi olaraq həmin bölgələrimizə səfərlər edir və görülən işlərlə yaxından maraqlanır. Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza səfərlərinin hər biri  yeni sosial obyektlərin təməlinin qoyulması ilə yadda qalır. Müzəffər Ali Baş Komandanın sentyabrın 28-də Cəbrayıl və Zəngilan rayonlarına səfəri mühüm sosial obyektlərin açılışı, eyni zamanda, kəndlərin təməlinin qoyulması ilə yadda qaldı. Cəbrayıl rayonunun işğaldan azad edilməsinin 3-cü ilinə az qalmış Prezident İlham Əliyev rayona gedərək bölgəyə baxış keçirdi. Dövlət başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoydu və şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış oldu. Daha sonra Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etdi. Zəngilan rayonunun Alıbəyli və  Zəngilan kəndlərinin,  Zəngilan şəhərində ikinci, üçüncü  və dördüncü yaşayış kompleksinin, Zəngilan şəhərində 160 yerlik uşaq bağçasının təməlini qoydu.  Zəngilan şəhər məscidində görülən işlərlə tanış oldu. Zəngilan Konqres Mərkəzi Kompleksinin, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Cahangirbəyli” Su Elektrik Stansiyasının  açılışını etdi. Bu bird aha sübut etdi ki, hər bir səfər çərçivəsində görülən işlərin miqyası Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatıdır.

Heç də təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Bu mühüm məsələ ilə bağlı Prezident İlham Əliyevin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı 2022-2026-cı illəri əhatə etməklə qarşıya çox ciddi tapşırıqlar qoyub. Dövlət başçısının tapşırığına əsasən,  Böyük Qayıdış proqramının gerçəkləşməsi üçün bütün imkanlar səfərbər edilir.