Avqustun 7-də dövlət başçısı İlham Əliyevin Qazax,Şəmkir,Samux,Bərdə rayonlarına səfəri özündə bütün məqamları ehtiva edir

Prezident  İlham Əliyevin Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri zamanı görülən işlərlə tanışlıq fonunda bu mühüm məqamı xüsusi qeyd edə bilərik ki, işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, bütün regionların inkişafı prioritetdir

Azərbaycan inkişaf modeli ilə dünyanın diqqətindədir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması ölkəmizin hərtərəfli inkişafında stimulverici amildir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi Azərbaycanın bugününə və gələcəyinə hesablanmış mühüm addımlar sırasındadır. Onun müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bu fikri xüsusi qeyd edir ki, neftlə zəngin çox ölkələr var. Lakin bu resurslar həmin ölkələrə heç də uğur gətirmir. O ölkələrdə təbəqələşmə prosesi gedir. Amma ölkəmizdə iqtisadi strategiyanın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən müəyyənləşdirilməsi Azərbaycanın bu problemləri yaşamamasına səbəb oldu. Ölkəmizdə neft gəlirlərinin düzgün istiqamətləndirilməsi, ədalət prinsipi əsasında bölgüsünün aparılması belə problemlərin yaşanmamasını şərtləndirdi. Azərbaycan malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə  iqtisadi qüdrətini daha da artırdı. Ümummilli Liderin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur. Ulu Öndərin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunda toplanan vəsaitlərin hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, onlar da ölkənin hərtərəfli inkişafına geniş imkanlar yaradır.

2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ilk gündən  belə bir çağırışı səsləndirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Həmçinin  «Neft kapitalını insan kapitalına çevirək!» tezisi ölkənin inkişafında təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılmasının önəmini açıqladı.  Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Son 20 ilə yaxın dövrdə  ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın investisiya qoyulub ki, bunun böyük həcmini xarici investisiyalar təşkil edir. Bu mühüm məqam Azərbaycanın bugününə və gələcəyinə inamı nümayiş etdirir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir. Enerji sektorundan asılılığın minimuma endirilməsi üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadənin gərəkliyi önə çəkildi və 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı təsdiqləndi. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi iqtisadi inkişafı sürətləndirdi. Məhz bu baxımdan ölkə Prezidenti İlham Əliyev bildirir ki, sahibkarlığın inkişafı haqqında danışarkən mütləq Regional İnkişaf proqramlarını qeyd etməliyik. Birinci proqram 2004-cü ilin əvvəlində – fevral ayında qəbul edilmişdir. Bu proqramın qəbul edilməsi dövlət başçısının 2003-cü ildə seçkiqabağı proqramının bir hissəsi idi. Cənab İlham Əliyev o vaxt bəyan etmişdi ki, əgər xalq etimad göstərərsə, regionların inkişafı əsas vəzifələrdən biri olacaq və belə də oldu. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci, 2014-cü ildə üçüncü, 2019-cu ildə dördüncü Regional İnkişaf proqramları qəbul olunmuş, icra edilmiş və dördüncü sənəd bu il icrasını başa çatdıracaq.

Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Həmçinin son illərdə dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur.

Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır. Ölkə Prezidenti bu uğurlarımızda bir məqamı xüsusi qeyd edir ki,  1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və müstəqil ölkə kimi yaşayırıq.

Son 20 ilə yaxın dövr neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı kimi xarakterizə olunur. Davamlı inkişafın əsası olan Strateji Yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva etdi. Sözsüz ki, müsbət göstəricilərimiz verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur. Özünüməşğulluq proqramının icrası, əhalinin sosial müdafiəsinin gücləndirilməsi  prioritet məsələ kimi öndədir. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir. Dövlət başçısı qeyd edir ki, ümumiyyətlə, bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addım idi. Bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir.

Avqustun 7-də   dövlət başçısı İlham Əliyevin Qazax, Şəmkir, Samux, Bərdə rayonlarına səfəri  özündə bütün məqamları ehtiva edir. Dövlət başçısı İlham Əliyevin bu səfərləri bir daha təsdiqləyir ki, hazırkı dövrdə əsas hədəf işğaldan azad edilmiş ərazilərimizin bərpası, yenidən qurulması, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı olmaqla yanaşı, bütün bölgələrin tərəqqisi prioritetdir. Cənab İlham Əliyevin bu bölgələrdə açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə və maliyyətinə diqqət yetirək. Belə ki, dövlət başçısı Qazaxda yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun, “Venzana” mebel fabrikinin, “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi” çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak etdi.  Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində,  Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış oldu.   Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin,  Samux Rayon Mərkəzi Xəstəxanasının,   Samuxda Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışında iştirak etdi. Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak etdi.

Dövlət başçısı İlham Əliyevin qeyd olunan səfərləri bu reallığı da təsdiqləyir ki, yol infrastrukturunun təkmilləşdirilməsi prioritet istiqamətlərdən biridir. Yeni avtomobil yolları çəkilir, yenidən qurulması işlərinin miqyası genişlənir. Respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra edilir.   Paytaxt və bölgələrdə «ASAN xidmət», DOST mərkəzlərinin yaradılmasına xüsusi diqqət göstərilməsi insan amilinə verilən yüksək dəyərin bariz nümunəsidir. Həyata keçirilən siyasətin əsas hədəflərindən biri vətəndaş məmnunluğunun artırılması, əhaliyə sosial xidmətin təkmilləşdirilməsidir. Azərbaycan yenilikçi ölkə olaraq bu layihləri uğurla həyata keçirməklə dünyanın diqqətini özünə çəkir. Azərbaycan brendi kimi dünyaya səs salan bu layihələr beynəlxalq səviyyədə təqdir edilir, öyrənilməsinin və tətbiqinin vacibliyi bildirilir. Qeyd edilən rayonların timsalında görülən işlərin miqyasının genişliyi fonunda bu fikri böyük inamla qeyd edirik ki,  regionların inkişafı dövlət siyasətinin əsasında dayanır.  Nəzərə alsaq ki, bu işlər işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə paralel şəkildə həyata keçirilir, bu halda reallaşdırılan quruculuq işlərinin bütün ölkəni əhatə etdiyi aydın nəzərə çarpır.

Dövlət başçısı İlham Əliyev daim bu məqamı xüsusi qeyd edir ki,  bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə  bəyan etdiyimiz bütün hədəflər, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması təmin edilsin.  Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir.

Yeni dövrün tələbinə uyğun olaraq hazırda ölkəmizdə ixracın təşviqi aparılır. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı verdiyi qərarlara əsasən Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində vacib tədbirlər həyata keçirilir.  “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi davam edir.  Bu mühüm məqamı da xüsusi qeyd edək ki, hazırda işğaldan azad edilmiş ərazilərimiz müasir tələblər səviyyəsində «ağıllı şəhər» və «Ağıllı kənd» layihələri çərçivəsində bərpa edilir. Qarşıdakı dövr üçün əsas hədəflərdən biri bu layihələrin bütün bölgələrdə tətbiqidir. Azərbaycan gələcəkdə  dünyaya təqdim etdiyi brendləri sırasına «ağıllı şəhər» və «Ağıllı kəndi» də daxil edəcək.

Hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində səylər daha da artırılır. Dövlət başçısının bölgələrə səfərlərinin əksəriyyəti məhz Qarabağa və Şərqi Zəngəzuradır.  Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla,  barbarlıqla məşğul olub. Biz – bu torpaqların sahibləri isə qurmaq, yaratmaq üçün gəlmişik.  Ona görə müharibə başa çatan kimi dərhal işə start verilmişdir.  Artıq iki yaşayış məntəqəsində – Ağalı və Talış kəndlərində, eyni zamanda, Laçın şəhərində keçmiş köçkünlər yaşayır. Yaxın zamanlarda  Füzuli şəhərinə 144 ailə (509) köçürüləcək.

İşğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə institutunun yaradılması ilə bağlı addımlar atılır. Yeni dövrün reallıqlarına uyğun inkişaf strategiyasının qəbuluna və icrasına böyük ehtiyac yaranır. Dövlət başçısı İlham Əliyevin  Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi də yeni strateji dövrdə qarşımızda dayanan məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır. İqtisadi rayonların yeni bölgüsü həyata keçirildi.  Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.  Milli Prioritetlər tarixi torpaqlarımızın əvvəlki vəziyyətinə qaytarılmasına, iqtisadi inkişafının bərpa olunmasına, bir sözlə, Azərbaycanın gələcəyinə hesablanıb.

Qazax, Şəmkir, Samux və Bərdə rayonlarının timsalında  bu fikri böyük qürur hissi ilə qeyd edirik ki,  cənab  İlham Əliyev yalnız işğaldan azad edilmiş deyil, bütün rayonların sosial-iqtisadi inkişafını, yenilikləri özündə əks etdirməsini diqqətdə saxlayır. Həmçinin bölgələrə səfərlərdən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün əlavə Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan böyük məbləğdə vəsaitlər ayrılır.

Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə də səsləndirilən  sosial-iqtisadi göstəricilər Azərbaycanın iqtisadi və maliyyə imkanlarının aydın mənzərəsini yaratdı. Həmçinin cari ilin dövlət büdcəsinə yeni əlavələrin edilməsi, onların bir qisminin işğaldan azad edilmiş ərazilərin bərpasına ayrılması da bölgələrin inkişafının prioritetliyindən irəli gəlir. Əvvəldə də qeyd etdiyimiz kimi, cari ildə  sayca dördüncü Dövlət Proqramının icrası başa çatdı. Hər bir sənədin uğurlu icrası qarşıya qoyulan yeni hədəflərin fonunda yeni proqramın qəbulunu bir zərurətə çevirir. Tarixi Zəfərimizdən sonra iqtisadi rayonların yeni bölgüsünün aparılması, Milli Prioritetlərin təsdiqlənməsi ümumilikdə gələcəkdə bütün bölgələrin sürətli inkişafı barədə aydın təsəvvür yaradır. Azərbaycan təkmil islahatları, təqdim etdiyi inkişaf modeli ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında  ən islahatçı ölkə kimi liderliyini qoruyur.