Azərbaycan Sülh sazişinin prinsiplərini müəyyən etdi

İyulun 22-də Prezident İlham Əliyev Şuşada “Euronews” televiziyasına verdiyi müsahibədə bir sıra regional və qlobal mövzuları şərh edib. Müsahibə avqustun 1-də “Euronews”da yayımlanıb.

Azərbaycan Ermənistanla sülhə hər zaman öz sadiqliyini nümayiş etdirib və cənab Prezident dəfələrlə vurğulayıb ki, Cənubi Qafqaz regionunda ictimai münasibətlər sisteminin normal qaydada bərqərar edilməsi və eyni zamanda ölkələr arasındakı konfliktlərin, münaqişələrin sona çatması üçün sülh prosesi mütləq şəkildə olmalıdır: “Azərbaycan 30 il ərzində də hər zaman sülhlə bağlı mövqeyini ifadə edib. Biz heç bir zaman savaşın, gərginliyin, qanın, qadanın, qarşıdurmanın bölgədə olmağını istəməmişik. Amma təəssüflər olsun ki, Azərbaycana ağıl öyrətməyə çalışan beynəlxalq təşkilatlar ölkəmizin sülhlə bağlı səmimi mövqeyini hər zaman sabotaj etməyə çalışıblar. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Prezidentinin İlham Əliyevin “Euronews” televiziyasına sonuncu müsahibəsində də ölkəmizin sülhə sadiqliyi və eyni zamanda Azərbaycan dövlətinin sülhə olan münasibəti beynəlxalq ictimaiyyətin diqqətinə növbəti dəfə çatdırılmış oldu.”

Dövlət başçısı tərəfindən Ermənistana sülhlə bağlı növbəti dəfə bir şans verildi: “Yəni, artıq Ermənistanın həqiqətən sülhlə bağlı alternativ bir seçimi qalmayıb. Ermənistan real olaraq sülhlə bağlı real addımlar atmağı bacarmalıdır. Eyni zamanda, Qarabağ erməniləri ilə bağlı sözügedən müsahibədə cənab Prezident İlham Əliyev Azərbaycanın mövqeyini ortaya qoymuş oldu. Bu gün Azərbaycanın bir çox şəhərlərində Bakı, Sumqayıt və Gəncə və başqa şəhərlərimizdə erməni əsilli vətəndaşımız yaşayır. Monoetnik Ermənistandan fərqli olaraq Azərbaycan həmişə erməni əsilli vətəndaşlarımıza sahib çıxıb. Cənab Prezident dəfələrlə çağırışlar edib ki, Qarabağ erməniləri də Azərbaycanın digər etnik kimlikdən olan vətəndaşları ilə eyni formada yaşaya bilərlər və onlara qarşı hər hansısa bir ayrı-seçkilikdən söhbət gedə bilməz.”

Dövlət başçısı “Euronews” kanalına daha əvvəl verdiyi mesajı təkrarlamış oldu: “Bu da Azərbaycanın Ermənistan qarşısında sülhlə bağlı sonuncu olaraq bu ili mesaj göstərmək oldu. İlin sonuna qədər sülhün olması Azərbaycanın istəklərindən biridir. Dövlət başçısı tərəfindən müxtəlif platformalarda Azərbaycanın bu ideya və təklifləri bir neçə dəfə səsləndirilib. Cənab Prezident bu ilin sonuna doğru Ermənistanla real sülhlə bağlı mütləq addımların atılmalı olduğunu dəfələrlə daha əvvəl də vurğulamışdır. O baxımdan da hesab edirəm ki, cənab Prezidentin bu müraciətləri özəlliklə Qarabağda rasional düşmən və separatçıların girovluğundan əziyyət çəkən erməni əsilli vətəndaşlarımız üçün açıq bir çağırış olmalıdır.”

Müxtəlif platformalar və kanallar vasitəsilə Qarabağ ermənilərinin Azərbaycana can atan nümayəndələri var: “Sadəcə olaraq bu gün separatçı-terrorçu xuntada olanların hamiləri oradakı insanları sıxışdırmağa çalışırlar və Azərbaycanla reinteqrasiya etmək istəyən ermənilərin üzərində xain damğası formalaşdırmağa çalışırlar. Qarabağ erməniləri separatçı-terrorçu xuntanın girovuna çevrilməməlidir. Hər halda cənab Prezidentin “Euronews” kanalına müsahibəsi həm Ermənistan və onun havadarları və həm də bütövlükdə Qarabağ erməniləri üçün mesaj xarakteri daşıyırdı. Hesab edirəm ki, bütün zərərli qüvvələr bundan nəticə çıxarmalıdır.”