Aqrar Sığorta Fondu: «Tezliklə fermerlərə zərər ödənişlərinə başlanılacaq»

Aqrar Sığorta Fondu: «Tezliklə fermerlərə zərər ödənişlərinə başlanılacaq»

May və iyun aylarında Azərbaycanda müşahidə olunan güclü yağış, dolu, sel və daşqınlar nəticəsində təsərrüfatlara və əkin sahələrinə dəyən zərərlər üzrə yaxın vaxtlarda ödənişlərin verilməsinə başlanılacaq.

Bu barədə Aqrar Sığorta Fondu məlumat yayıb.

Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, 2023-cü ildə respublika üzrə 420 min hektara yaxın əkin ərazisi sığortalanıb. İlin əvvəlindən indiyədək əkin sahələrinə dəyən zərərlərlə bağlı Fonda müraciətlərin sayı 7 minə çatıb.

Fond sədri qeyd edib ki, hazırda əkin sahələrinə dəyən zərər qiymətləndirilir, sığorta hadisələrinin araşdırılmasına və zərərin hesablanmasına yerli və Türkiyədən gəlmiş ekspertlər də cəlb olunub, proses tamamlandıqdan sonra təzminat ödənişlərinə başlanılacaq.

«Qiymətləndirmə prosesini bu ayın sonuna qədər tamamlayacağıq. Düşünürük ki, artıq avqust ayının sonlarında zərər ödənişlərinin ödənilməsinə başlanılacaqdır. Fermerlərimizə bildirmək istəyirik ki, narahat olmasınlar, bütün sığorta hadisələri üzrə dəymiş ziyan qanuna uyğun olaraq dövlət tərəfindən qarşılanacaqdır. Bu əlbəttə ki, yalnız sığortalanmış əkin ərazilərinə şamil olunacaq».

Xatırladaq ki, hazırda aqrar sığorta 41 bitki üzrə 29 riskdən təminat verir. Buraya təbiət hadisələri – fırtına, qasırğa, sel, su basmaları, daşqınlar, eləcə də üçüncü şəxslərin hərəkətləri, bitki xəstəlikləri, zərərvericilər və insan faktorundan asılı olmayan müxtəlif hadisələr aiddir.

Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.