Ölkəmizin böyük hissəsi artıq rəsmən”yaşıl enerji”zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir

İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Əliyev çıxışında Söyüdlü qızıl mədəni ətrafında baş verən hadisələrə tənqidi fikir bildirib.

Prezident İlham Əliyev deyib ki, ilin altı ayında ölkənin əsas istiqaməti dayanıqlı inkişafın təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi olub.

Əliyev ölkənin hərbi gücünün artırılması, yeni silahlar və hərbi texnikaların alınması, hərbi islahatların davam etdirilməsi istiqamətində atılan addımlardan danışıb. Çıxışında həmçinin nəqliyyat dəhlizlərinin perspektivlərinə toxunub.

Dövlət başçısı xatırladıb ki, Azərbaycanın qarşıda duran vəzifələrindən biri Ermənistanla olan münasibətlərdir.

“Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir.

Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik”.

Prezident Əliyev həmçinin çıxışında Söyüdlü qızıl mədəni ətrafına baş verən hadisələrə geniş yer verib. O, xarici şirkətin ekoloji duruma təsirləri, hökumət üzvlərinin, o cümlədən Baş nazirin, ekologiya və təbii sərvətlər nazirliyinin fəaliyyətini tənqid edib. Əliyev həmçinin polisə daş atan insanları da tənqid edib.

Prezident hesab edir ki, Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir.

“Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil”.

Əliyev hesab edir ki, Söyüdlü hadisələri zamanı vətəndaşların bir hissəsi “təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir”.

“O təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb olunmuşdur. Xaricdəkiləri də biz məsuliyyətə cəlb edəcəyik. Heç kim, necə deyərlər, fikirləşməsin ki, biz bunu unutmuşuq. Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Əgər kimsə unudubsa, biz xatırlada bilərik. Ona görə vətəndaşlar da həm mədəniyyət göstərməlidirlər, necə deyərlər, mərifət göstərməlidirlər, qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil. Bu, birincisi. İkincisi, bu, cinayətdir. Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil. Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olar”, o qeyd edib.

Dövlət başçısı hesab edir ki, bu hadisənin təbii səbəbi də var.

“O da ondan ibarətdir ki, xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyubdur, iş yerləri yaradıbdır. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır. Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilmişdir. Mən xəbər tutandan sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir. Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin ki, – çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, – onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur. Bəli, Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir – Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nə unutmuram. İndi yenə də deyirəm, polisə daş atan utanmalıdır – öz ailəsi qabağında, uşaqları qabağında, ailə üzvləri qabağında, ictimaiyyət qabağında. Çünki o eybəcər mənzərəni ictimaiyyət görüb. Ona görə mən tapşırıram, bir həftə vaxt verirəm, həm mənə, həm ictimaiyyətə məlumat verilməlidir və məsələ araşdırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə üçün bu məsələyə diqqət yetirməyib, biganə qalıb və mən tapşırıq verəndən sonra gediblər, gəliblər, nəticə haqqında heç bir məlumat yoxdur”.

Prezident deyib ki, xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər.

“Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq. Baxmayaraq ki, pay bölgüsü haqqında saziş əsasında xarici investor Gədəbəydəki qızıl yataqlarını istismar edir, baxmayaraq ki, uzun illər burada çalışır, Azərbaycan qanunlarına, ekoloji tarazlığa – bütün bunlara hörmət edilməlidir. Onu da bildirməliyəm ki, bizim dövlət şirkətimiz “AzerGold” da qızıl yataqları istismar edir. Amma mənə verilən məlumata görə, o sahədə bütün ekoloji normalara riayət edilir. O cümlədən yerli icmalarla təmaslar qurulub, müxtəlif humanitar aksiyalar keçirilir, insanlar kütləvi surətdə işə cəlb olunub. Bax, bu yanaşma Azərbaycan şirkəti tərəfindən göstərilən yanaşmadır. O yanaşma isə xarici şirkət tərəfindən göstərilən yanaşmadır. Bu, dözülməzdir. Xarici şirkətin nümayəndələri də dəvət edilməlidirlər. Əgər bu günə qədər dəvət edilməyiblərsə, Nazirlər Kabinetinə onlar izahat verməlidirlər. Yenə də deyirəm, bir həftə ərzində mənə və ictimaiyyətə məlumat verilməlidir. Orada təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, o fəaliyyət dayandırılmalıdır.