HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDLİYYƏSİNİN İNKİŞAFI

Müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, adı daim qürur duyduğu Azərbaycanla birgə çəkilən nəhəng siyasətçi və dövlət xadimi Heydər Əliyev dünyanın nadir şəxsiyyətləri sırasında özünə şərəfli və əbədi yer tutur. Müasir bəşər tarixində iki müxtəlif ictimai-siyasi quruluşda hakimiyyət zirvəsinə yüksəlməyə nail olmuş, ömrünün sonuna kimi siyasi mübarizədə yenilməz zəfər sərkərdəsi kimi tanınmış Ulu Öndər Azərbaycanın imzasını imzalar içində tanıdan dahi bir şəxsiyyətdir. Bu uzaqgörən siyasi xadimin zamanında atdığı addımların mahiyyətini, nə qədər gərəkli olduğunu indi daha dərindən dərk edir, əhəmiyyətini və nəticələrini gündəlik həyatımızda görürük. Ulu Öndər bu ölkənin qurulmasının, yaradılmasının, sabitliyinin, firavanlığının müəllifidir, ən başlıcası isə Azərbaycanın bir ölkə kimi dünya xəritəsindən silinməsinin qarşısını alan xilaskardır.

2023-cü il may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il «Heydər Əliyev ili» elan edilməsi ilə bağlı imzaladığı sərəncam hər bir kəsin ürəyindən xəbər verən bir qərar oldu. Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən Ulu Öndər Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq şanlı və unudulmaz tarixdir.

Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü xalqımız tərəfindən böyük hörmət və ehtiramla qarşılanır. Hər birimiz Heydər Əliyevin Vətən və millət qarşısında misilsiz xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq. Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının mühüm rolunu dəfələrlə qeyd etmiş, onun mahiyyətcə təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirmişdir.

1918-ci ildə yaradılan Ədliyyə Nazirliyinə sovetlər dövründə biganə münasibət göstərilmiş, məhdud səlahiyyətlər çərçivəsində fəaliyyət göstərmiş, bu qurum dəfələrlə ləğv edilmişdir. Nazirliyin səmərəli dövlət strukturu kimi təşəkkül tapması Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycan rəhbərliyinə ilk gəlişi ilə ədliyyə sistemində də intibah başlanmış, Ədliyyə Nazirliyi 1970-ci ildə bərpa olunmuşdur. Nazirliyin fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edilmiş, milli kadr hazırlığına diqqət yetirilmiş, bununla da ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yaranmışdır. Təsadüfi deyildir ki, nazirliyin yenidən təsis olunması ilə bağlı imzalanmış həmin qərarların surəti Ədliyyə tarixi muzeyində qiymətli eksponat kimi saxlanılır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həyatın bütün sahələrində olduğu kimi ölkənin hüquq sistemində də ciddi islahatlar həyata keçirildi. Həyata keçirilən islahatlar çərçivəsində ədliyyə sisteminin müasir tələblər səviyyəsinə qaldırılması üçün mühüm tədbirlər görüldü. Ədliyyə Nazirliyinin üzərinə yeni mühüm vəzifələr qoyuldu. Ölkəmizdə insan haqlarının müdafiəsinə xidmət edən müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirilərək ilk dəfə hakimlərin test üsulu ilə seçimi həyata keçirildi və yeni üçpilləli məhkəmə sistemi yaradıldı. Görülmüş tədbirlər nəticəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun inkişaf yoluna qədəm qoydu, onun çoxsahəli fəaliyyətini tənzimləmək üçün yeni normativ sənədlər qəbul olundu.

Tarixi irsin qorunması və ədliyyə işçilərində mənəvi stimul yaradılması məqsədilə Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin  Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü müəyyən edildi.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Respublika Prezidenti cənab İlham Əliyevin insan haqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının icrası ilə əlaqədar görülmüş tədbirlər nəticəsində Azərbaycan Ədliyyə sistemi yeni, müasir inkişaf mərhələsinə qədəm qoymuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 aprel 2006-cı il tarixli fərmanı ilə Ədliyyə Nazirliyinin yeni Əsasnaməsi təsdiq olunaraq cəmiyyətdəki mühüm rolu təsbit edilmiş, ona hüquq-mühafizə orqanı statusu verilmişdir. Həmçinin ölkə Prezidenti tərəfindən 2006-cı ildə “Ədliyyə orqanlarının inkişafı haqqında”, məhkəmə sisteminin müasirləşdirilməsi barədə proqram xarakterli fərmanlar imzalanması, dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Məhkəmə-hüquq şurası haqqında” qanunların qəbul olunması Azərbaycan Ədliyyəsinin daha da inkişaf etməsində mühüm rol oynamışdır.

Ədliyyə sisteminin dinamik inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi, maddi texniki təminatın yaxşılaşdırılması, kadr potensialının, ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə dövlət başçısının Sərəncamı ilə “Azərbaycan Ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın təsdiqi ədliyyə işçilərinə olan dövlət qayğısının təzahürü olmaqla onların üzərinə mühüm vəzifələr də qoymuşdur. Bu vəzifələrin yerinə yetirilməsi hər bir ədliyyə işçisinin şərəf işi olmaqla bərabər, onların öz işlərinə bir daha məsuliyyətlə yanaşmalarını tələb edir.

Görülən işlər nəticəsində fəaliyyətinin əsasları Ulu Öndər tərəfindən yaradılmış Ədliyyə Nazirliyi dövlət orqanları sistemində çox nüfuzlu bir quruma çevrilmişdir və onun səlahiyyət dairəsi getdikcə genişlənir. Təsadüfi deyil ki, sahibkarlığın inkişafı və istehlakçıların hüquqlarının qorunması ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayan ölkə başçısı Prezident cənab İlham Əliyevin 13 aprel 2010-cu il tarixli Fərmanı ilə sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən vahid məlumat reyestrinin aparılması nazirliyin səlahiyyətinə aid edilmişdir.

Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış və bu gün də davam etdirilən işlər Azərbaycanda həyata keçirilən islahatların real təzahürü olmaqla yanaşı, ölkənin inkişafına xidmət edir. Ölkədə hüquqi bərabərliyin əsas təminatçılarından biri olan Ədliyyə Nazirliyi bundan sonra da ərazi bütövlüyümüzün, suverenliyimizin, hüququn aliliyinin təmin olunması istiqamətində əməli fəaliyyətlərini ləyaqətlə davam etdirəcəklər.

Vidadi İSMAYILOV,

Gədəbəy Rayon Qeydiyyat Şöbəsinin rəisi