Strateji tərəfdaşlıq

Keçmiş Qarabağ münaqişəsinin həllindən sonra Azərbaycanın enerji diplomatiyası şaxələnmə istiqamətində yeni mərhələlərə çıxmaqdadır. Bu o deməkdir ki, dünya qüvvələri  müharibədən sonra Azərbaycanın enerji diplomatiyasının daha geniş fəaliyyət imkanları tapdığını görür ,eyni zamanda işğal problemindən qurtulmuş Azərbaycanın daha etibarlı və dinamik enerji siyasəti yürüdəcəyini yaxşı başa düşürlər.
Prezident İlham Əliyevin enerji diplomatiyasının davam etdiyi barədə Sofiyada verdiyi bəyanatların ilk  növbədə bu amillərə əsaslandığına  şübhə yoxdur.

Azərbaycanın  ən yeni enerji diplomatiyasının bariz təzahürü Prezidentimizin dediyi kimi “Avrasiyanın enerji xəritəsini yenidən cızmaqdan” ibarətdir. Mütləq qeyd etmək lazımdır ki, Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi və onun yenidən cızılması fərqli məzmunlara malik anlayışlardı. Təbii ki, hər ikisinin müəllifi Prezident İlham Əliyevdir. Onlar biri- birinə zidd deyil, biri-birini tamamlayır və son 15 ildə Avrasiyanın enerji xəritəsində İlham Əliyevin yaratdığı dəyişikliklərin iki mühüm mərhələsini ifadə edir. Prezident İlham Əliyevin enerji diplomatiyasının dəyişdirici gücü və məntiqi sadə və aydındlr.Enerji diplomatiyamızın ilk mərhələsində əsas hədəf neft və qazın dünya və Avropa bazarlarına çıxarılmasına nail olmaqdan ibarət idi. 2006-2007-ci illərdə Bakı-Tbilisi -Ceyhan və Bakı-Ərzurum kəmərlərinin tikilməsi İlham Əliyevin çox uzaq hədəflərə hesablanmış enerji diplomatiyasının ilkin infrastruktur layihələrinə çevrildi. Hələ o zaman başa düşmək çətin deyildi ki, qardaş Türkiyə son ” bazar məkanı” deyil.Türkiyənin özü də istəyirdi ki, qardaş ölkənin enerji nəqliyyat imkanlarını Azərbaycanla birləşdirərək daha böyük bazarlara birgə çıxış əldə edək.Beləliklə , neft və qazı Avropa bazarlarına çıxarmaq enerji diplomatiyamızın ilk mərhələsi oldu. Sonrakı illərdə TANAP və TAP kəmərlərinin çəkilməsi enerjinin əvvəlcə qardaş ölkəyə ,sonra isə Avropaya çıxarılması mərhələsinə  son nöqtəni qoydu. Prezident İlham Əliyevin xüsusi vurğuladığı və Avrasiyanın enerji xəritəsini dəyyşdirmək siyasətinin mahiyyətində dayanan böyük hadisə budur.

Lakin  əlbəttə, Prezident İlham Əliyevin enerji diplomatiyası get-gedə dinamik xarakter aldığı üçün onu səngitmək düz olmazdı və Prezidentin sonrakı addımları sübut etdi ki, enerji nəqlinin şaxələndirilməsi, onun bütün Avropanın güşələrinə rişə atması , daha sonra isə ” Həmrəylik halqası ” deyilən formaya keçməsi  diplomatiyamızın növbəti böyük uğurları olacaq. Beləliklə , neft və qazımızın Avropaya çıxarılması enerji diplomatiyamızın ilk mərhələsi oldu və bu mərhələ Avrasiyanın enerji xəritəsini Prezidentimizin illər öncə dediyi kimi dəyişdirdi. 

Avropanın astanasında neft və qaz nəqlinin şaxələndirilməsi Azərbaycanın enerji diplomatiyasının ikinci mərhələsi kimi təzahür etdi . Qazın Yunanıstan üzərindən Albaniya və İtaliyaya , interkonnektor vasitəsilə Bolqarıstan və Rumıniyaya  çıxarılması  Azərbaycanın enerji diplomatiyasının tarixi nailiyyətləri kimi ortaya çıxarıldı Hələ bu da son deyildi.İki gün əvvəl Sofiyada ” Həmrəylik həlqəsi” barədə əməkdaşlıq memorandumunun imzalanması enerji diplomatiyamızın Bolqarıstan-Rumıniya-Macarıstan -Slovakiya istiqamətində daha uzaqlara gedən şaxələrinə çevrildi. Buraya Prezident İlham Əliyevin Sofiyada Azərbaycanın neft, qaz və yaşıl hidrogenin ixrac  meqalayihələri barədə verdiyi bəyanatı əlavə etməyə xüsusi ehtiyac var. Prezidentimiz uğurla icra edilmiş neft və qaz meqalayihələrinin ardınca gündəmdə yaşıl hidrogen layihəsinin olduğunu bəyan etdi.Avropada bunu çox ciddi hadisə kimi qəbul etdilər. Çünki cəmi 2 ay əvvəl Bakıda Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan dördlüyü arasında “Yaşıl enerji” dəhlizinin yaradılması barədə saziş imzalanmışdı. Bu, Azərbaycanın işğaldan azad regionlarında hasil olunacaq  külək, günəş enerjisi və hidrogenin Qara dənizin dibi ilə Avropaya nəql layihəsidir. Prezident İlham Əliyev Sofiyada “Həmrəylik halqasının” imzalanma mərasimində təsadüfən demədi ki, Azərbaycan “bərpa olunan enerjinin əsas istehsal və nəql mənbəyinə çevrilməyi hədəfləyib”. Avropaya neft və qaz nəqlinin daha uzaq məkanlara doğru şaxələndirilməsinə Azərbaycanın “yaşıl enerji” ixracı da əlavə olunur. Beləliklə, əgər neft və qazın Avropaya çıxarılması Avrasiyanın enerji xəritəsini dəyişdirdisə, neft, qaz və yaşıl enerjinin Avropada daha uzaq məntəqələrə qədər şaxələndirilməsi yeni geosiyasi hadisədir. Prezidentimiz Sofiyada” Avrasiyanın enerji xəritəsini yenidən cızırıq ” deyərkən məhz bunları nəzərdə tutdu .

Əlavə edək ki, İlham Əliyevin enerji diplomatiyası tək Azərbaycanın deyil, Mərkəzi Asiyanın enerji daşıyıcılarını da Avropaya çatdırılmasının real üsuludur. Artıq Qazaxıstan ildə 1,5  milyon ton neftin Xəzər dənizi üzərindən Bakı-Tiflis-Ceyhan kəməri ilə nəqlinə başlayıb. Türkmənistan qazının Trans xəzər boru xətti ilə Avropaya məqli də  məhz Azərbaycanın  infrastrukturları hesabına və şəxsən İlham Əliyevin sayəsində Avropanın strateji layihələri sırasına daxil edilib. Bunun da  yaxın gələcəkdə reallığa çevriləcəyi şübhəsizdir. Avropanın enerji təminatı prosesinə Mərkəzi Asiyanın  cəlb edilməsi Azərbaycanın enerji diplomatiyasının Avrasiyada enerji xəritəsini yenidən cızdığına dair tutarlı  sübutlar sayıla bilər.

Prezident İlham Əliyev Avrasiyanın enerji xəritəsini  dəyişdi və yenidən cızdı. Bu gün Avropanın ən azı 10 ölkəsi Azərbaycanın yenidən cızdığı enerji xəritəsinin konturları daxilindədir. Albaniyada qazpaylayıcı şəbəkənin qurulmasına Azərbaycanın daxil olması və SOCAR-ın bürün Avropada qaz satışı lisenziyasını  rəsmən əldə etməsi hətta Ermənistanda da etiraf olunduğu kimi Azərbaycanın dünyəvi güc və reytinqini artıran amillərdir.
Bir vaxtlar enerji daşıyıcılarını əsasən Rusiyadan və Afrikadan təmin edən Avropanın bu gün məhz Azərbaycanın sayəsində alternativ  təminat mənbələri var. Digər mənbələrdə risqlər artdıqca etibarlı tərəfdaş kimi Azərbaycanın statusu daha da möhkəmlənir.Prezident Əliyev Sofiyada haqlı olaraq bəyan etdi ki, Azərbaycan tək enerjidə yox, bütün sahələrdə  etibarlı tərəfdaş kimi öz hədəflərinə çatmağa qadirdi. Avropada şübhə edilmir ki, Azərbaycan bu il Avropaya 12, 2027-ci ildə isə 20 milyard kubmetr qaz nəql edəcək. Prezident İlham Əliyevin enerji diplomatiyası bütün  geosiyasi riskləri istisna etməklə  Avrasiyada yeni dövr başladır…