Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirir

Dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Neftçala və Salyan  rayonlarına  səfərləri çərçivəsində açılışında iştirak etdikləri sosial obyektlərin say tərkibinin genişliyi bunu bir daha təsdiqləyir

2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ilk gündən  belə bir çağırışı səsləndirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Həmçinin  «Neft kapitalını insan kapitalına çevirək!» tezisi ölkənin inkişafında təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılmasının önəmini açıqladı.  Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Son 20 ilə yaxın dövrdə  ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın investisiya qoyulub ki, bunun böyük həcmini xarici investisiyalar təşkil edir. Bu mühüm məqam Azərbaycanın bugününə və gələcəyinə inamı nümayiş etdirir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir.

Enerji sektorundan asılılığın minimuma endirilməsi üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadənin gərəkliyi önə çəkildi və 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı təsdiqləndi. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi iqtisadi inkişafı sürətləndirdi. Məhz bu baxımdan ölkə Prezidenti İlham Əliyev bildirir ki, sahibkarlığın inkişafı haqqında danışarkən mütləq Regional İnkişaf proqramlarını qeyd etməliyik. Birinci proqram 2004-cü ilin əvvəlində – fevral ayında qəbul edilmişdir. Bu proqramın qəbul edilməsi dövlət başçısının 2003-cü ildə seçkiqabağı proqramının bir hissəsi idi. Cənab İlham Əliyev o vaxt bəyan etmişdi ki, əgər xalq etimad göstərərsə, regionların inkişafı əsas vəzifələrdən biri olacaq və belə də oldu. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci, 2014-cü ildə üçüncü, 2019-cu ildə dördüncü Regional İnkişaf proqramları qəbul olunmuş, icra edilmiş və dördüncü sənəd bu il icrasını başa çatdıracaq.

Ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur.

Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır. Ölkə Prezidenti bu uğurlarımızda bir məqamı xüsusi qeyd edir ki,  1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizidən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və müstəqil ölkə kimi yaşayırıq.»

Son 20 ilə yaxın dövr neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı kimi xarakterizə olunur. Davamlı inkişafın əsası olan Strateji Yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva etdi. Sözsüz ki, müsbət göstəricilərimiz verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur. Özünüməşğulluq proqramının icrası, əhalinin sosial müdafiəsinin gücləndirilməsi  prioritet məsələ kimi öndədir. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir. Dövlət başçısı qeyd edir ki, ümumiyyətlə, bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addım idi. Bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir.

Aprelin 18-də  dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala və Salyan   rayonlarına  səfər etdilər. Səfər çərçivəsində  Neftçala Olimpiya İdman Kompleksinin,  Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun, Heydər Əliyev Fondu tərəfindən inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışında iştirak etdilər, Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış oldular.  Prezident İlham Əliyev aprelin 18-də Salyanda “ASAN xidmət” mərkəzinin açılışında iştirak etdikdən sonra Azərbaycan Televiziyasına müsahibəsində regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu nəticələrindən bəhs etdi.  Neftçala və Salyan  rayonlarına təkcə bir səfər çərçivəsində atılan addımlara diqqət yetirdikdə görülən işlərin miqyasının genişliyi fonunda regionların inkişafının dövlət siyasətinin əsasında dayandığı bir daha öz təsdiqini tapır. Nəzərə alsaq ki, bu işlər işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə paralel şəkildə həyata keçirilir, bu halda reallaşdırılan quruculuq işlərinin bütün ölkəni əhatə etdiyi aydın nəzərə çarpır.

Dövlət başçısı İlham Əliyev Salyanda Azərbaycan Televiziyasına müsahibəsində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çox böyük, genişmiqyaslı quruculuq işləri aparıldığını önə çəkərək bildirdi ki, bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bizim bəyan etdiyimiz bütün hədəflər təmin edilsin, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir”. “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır» söyləyən dövlət başçısı onu da əlavə etdi ki, “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Salyan rayonunda açılışı olan “ASAN xidmət” mərkəzinin sayca 25-ci mərkəz olduğunu vurğulayan dövlət başçısı bildirdi ki, dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk: «Son illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik.»

Müsahibədə müasir tələblər səviyyəsində qurulan işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edən cənab İlham Əliyev onu da qeyd etdi ki, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir.  Bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plana üzrə getdiyini vurğulayan cənab İlham Əliyev qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz – bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla,  barbarlıqla məşğul olub. Biz – bu torpaqların sahibləri isə qurmaq, yaratmaq üçün gəlmişik.  Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilmişdir.  Artıq iki yaşayış məntəqəsində – Ağalı və Talış kəndlərində keçmiş köçkünlərin hazırda yaşadıqlarına diqqəti yönəldən  Prezident İlham Əliyev bildirdi ki,  bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük.

İşğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə institutunun yaradılması ilə bağlı addımlar atılır. Yeni dövrün reallıqlarına uyğun inkişaf strategiyasının qəbuluna və icrasına böyük ehtiyac yarandı. Dövlət başçısı İlham Əliyevin  Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi də yeni strateji dövrdə qarşımızda dayanan məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır. İqtisadi rayonların yeni bölgüsü həyata keçirildi.  Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.  Milli Prioritetlər tarixi torpaqlarımızın əvvəlki vəziyyətinə qaytarılmasına, iqtisadi inkişafının bərpa olunmasına, bir sözlə, Azərbaycanın gələcəyinə hesablanıb.

Neftçala və Salyan rayonlarının timsalında bu reallığı böyük inamla qeyd edə bilərik ki, cənab  İlham Əliyev yalnız işğaldan azad edilmiş deyil, bütün rayonların sosial-iqtisadi inkişafını, yenilikləri özündə əks etdirməsini diqqətdə saxlayır.  Əvvəldə də qeyd etdiyimiz kimi, hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Eyni zamanda, səfərdən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün əlavə Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan böyük məbləğdə vəsaitlər ayrılır.  Atılan bütün addımların əsasında vətəndaş məmunluğunun artırılması dayanır.