Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi,eləcə də həyatı zərurətdir

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri və bu səfər çərçivəsində imzalanmış  sənədlər, həmçinin dövlət başçılarının mətbuata bəyanatlarla çıxış etməsi  xüsusi əhəmiyyət  kəsb edir. Vaxtı ilə  Türk Dünyası deyəndə ancaq Türkiyə Cümhuriyyəti  göz önünə gəlirdisə, 1990-cı illərdə SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan  bi birliyi daha da fəallaşmasına səbəb oldu. Uzun müddət  inkişaf yolu  keçən bu ölkələr  dünyanın həm siyasi xəritəsində, həm də iqtisadi münasibətlər sistemində özünə yer edə bildi.  Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda yeni geosiyasi vəziyyətin yaranmasına gətirib çıxardı. İldən – ilə bu ölkələr arasında ikitərəfli və həmçinin çoxtərəfli əlaqələr inkişaf edərək bu gün özünün ən yüksək səviyyəsinə çatmışdır. Əlbəttə ki, bu dövlətləri  ümumi tarix və mədəni köklər birləşdirməklə yanaşı, eyni zamanda,  sıx iqtisadi və siyasi maraqlar da çox önəmli maraq kəsb edir.  Qeyd etmək lazımdır ki, Azərbaycan strateji baxımdan Mərkəzi Asiya üçün Avropa bazarlarına gedən yolu təmin edir.

Son illər dünyada baş verən siyasi proseslər və Rusiya-Ukrayna müharibəsi Mərkəzi Asiya ölkələrinin önəmini daha da artırmışdır.  Hazırda  bir sıra güclər, yeni aktorlar Mərkəzi Asiyaya diqqət göstərir. Bu mənada  Türk Dövlətləri Təşkilatı aktiv fəaliyyəti ilə diqqət çəkir. Azərbaycan Prezidenti İlham Əliyev  və Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdaoğan bu təşkilatın işini aktivləşdirir.  Demək olar ki, bütün səyləri birləşdirir və  yeni güc yaradırlar.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda  sıx əməkdaşlıq münasibətləri formalaşmışdır.  Ölkə başçısının  bir-birinin ardınca Tacikistan və Qazaxıstan səfərləri bunu bir daha təsdiq edir. Dövlət rəhbərlərinin  birgə   səyləri nəticəsində son illərdə Qazaxıstanla Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb etmiş, siyasi, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlıqlar daha da  aktivləşmişdir. Prezident İlham Əliyev  mətbuata bəyanatla çıxışı zamanı qeyd etdi ki,”Biz həqiqətən ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığı dərinləşdirmək və genişləndirmək əzmindəyik. Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir”.

Əvvəldə də qeyd etdiyimiz kimi, bu münasibətlərin əsasını xalqlarımız  arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Lakin, eyni zamanda, bu günün tələbidir. Cənab İlham Əliyevin  vurğuladığı kimi, ”Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir”. Hazırda dünyada, o cümlədən,  Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər  regional təhlükəsizliklə bağlı məsələlər, həmçinin, nəqliyyat, logistika, energetika, ekologiya, humanitar əməkdaşlıq və digər sahələr üzrə  əlaqələri daha da  möhkəmləndirmək zərurətini yaradır.

Son illərdə Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər daha da  dərinləşmişdir.  Səkkiz ay bundan əvvəl iki ölkə strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlər imzalamışdı. Bugünkü görüş zaman İkitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsinə xidmət edən Ali Dövlətlərarası Şuranın təsis edilməsi mühüm qərar oldu. Bu gün imzalanmış bir sıra yeni sazişlər bizim çoxşaxəli tərəfdaşlıq üçün əlavə imkanlar yaradacaqdır.

Qazaxıstan və Azərbaycan ticarət-iqtisadi sahədə qarşılıqlı faydalı əsasda əməkdaşlıq edir. Belə ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi yarım milyard dollara yaxındır, lakin, əlbəttə ki, ticarət-iqtisadi tərəfdaşlığın potensialının artırılması nəzərdə tutulur.  Həmçinin, Azərbaycan və Qazaxıstanın müvafiq strukturlarının əlaqələndirilmiş şəkildə fəaliyyəti iqtisadi kooperasiyanı keyfiyyətcə yeni səviyyəyə çatdırmağa imkan verəcəkdir. Bu baxımdan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun, belə adlandırılan “Orta Dəhliz”in potensialının tam üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. 2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması da böyük əhəmiyyət kəsb edir. Ölkələr arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi də müzakirə olunan məsələlər sırasındadır. Hazırda Qazaxıstan üçün enerji resurslarının dünya bazarlarına çatdırılmasının daha da şaxələndirilməsi prioritetdir. Artıq Qazaxıstan neftinin ilk partiyası Azərbaycandan keçməklə göndərilmişdir.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkürünü bildirən ölkə başçısı İlham Əliyev bildirdi ki,” Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək”. Azərbaycan bütün platformalarda sülhün və təhlükəsizliyin təmin olunması, münasibətlərin normallaşması üçün  fəal iş apardığını bəyan edir və bunu real addımlarla göstərir. Bütövlükdə qeyd etmək lazımdır ki, ölkə başçısının Qazaxıstana rəsmi səfəri iki dövlət arasında münasibətlərin daha da dərinləşməsinə  mühüm töfhədir.